Hüquq müdafiəçisi pasportu qaytarılmayana qədər ifadə verməyəcəyini deyir
Mayın 30-da saat 14.30-da Sülh və Demokratiya İnstitutunun direktoru, hüquq müdafiəçisi Leyla Yunus Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsinə çağrılıb.
Meydan TV-yə açıqlama verən Leyla Yunus bildirib ki, ona mayın 29-da müstəntiq İbrahim Ləmbaranski zəng edib idarəyə gəlməsini istəyib: “Ancaq mən özümün və həyat yoldaşımın pasportları qaytarılmayacağı təqdirdə idarəyə gəlməyəcəyimi dedim. Sonra göndəriş gətirsələr də, eyni cavabı verdim. Bu gün əvvəlki mövqeyimdə qalıram, qanunsuz müsadirə olunan pasportlarımız və mənzil sənədlərimiz qaytarılmayana qədər ifadə verməyəcəm. Çox güman ki, yenə polislər və nəzarətlərində olan idmançılar vasitəsilə zora üstünlük verəcəklər. Azərbaycanda ədalət yox, güc, zor işləyir, biz qanunu tələb edəndə, zorla cavab verirlər, nəinki ədalət mühakiməsilə. Rauf Mirqədirovun atasını elə hala saldılar ki, bu ədalətsizliyə dözə bilmədi”.
Leyla Yunus deyib ki, onu Rauf Mirqədirovun işi ilə əlaqədar istintaqa çağırıblar: “Amma aprelin 29-da bu işlə bağlı ifadə vermişəm. Ona görə deyirəm ki, sənədlərimi qaytarsınlar, həm də mayın 23-də sənədlərimin qanunsuz saxlanılması haqqında baş prokuror Zakir Qaralova müraciət etmişəm. Hələ cavab almamışam. Məhkəmələr də iddiamı qəbul etmirlər”.