“Leyla Yunus Hepatit C xəstəliyindən “sağalıb””

Ancaq həkim Vit hüquq müdafiəçisinin qızı Dinara Yunusovaya belə bir açıqlama vermədiyini söyləyib

Source:


Ancaq həkim Vit hüquq müdafiəçisinin qızı Dinara Yunusovaya belə bir açıqlama vermədiyini söyləyib

“Avqustun 13-də axşam tərəfi 8 il 6 ay azadlıqdan məhrum olunan hüquq müdafiəçisi Leyla Yunus kameradan Tibbi Hissəyə aparılıb və o, normal, kondisionerli otaqda yerləşdirilib. Otaqda yalnız bir  nəfər  – Larisa adlı təqsirləndirilən şəxs olub. Bu hadisədən bir gün sonra alman həkim Vit Penitensiar Xidmətin həkimləri ilə birgə Leyla Yunusu müayinə edib. Protokol tərtib olunub ki, Leyla Yunus ən azı bir ay otaqda qalmalıdır və o, Almaniyadan gətirilən dərmanlarla təmin olunmalıdır.  Həkim Vitin iştirakıyla Leyla Yunusdan qan nümunəsi götürüb. Həmin nümunə yalnız həkim Vitə verilib”.

Bu barədə Meydan TV-ni məlumatlandıran hüquq müdafiəçisinin yaxınları bildiriblər ki, 6 gün Tibbi Hissədə qalandan sonra, avqustun 19-da axşam saat 7-də Leyla Yunusu məcburi şəkildə kameraya aparıblar: “Ona deyiblər ki, sən sağalmısan. Halbuki, Hepatit C sağalmaz xəstəlikdir. Leyla Yunusun “sağaldığımı kim söylədi” sualına “həkim Vit” cavabı verilib. Ancaq həkim Vit hüquq müdafiəçisinin qızı Dinara Yunusovaya belə bir açıqlama vermədiyini söyləyib. Bu məcburiyyətin qarşısında Leyla Yunus nəzarətçilərə ağrılarının davam etdiyini və sağalmadığını israr etsə də, buna əhəmiyyət verməyib”.

Leyla Yunusun yaxınlarının sözlərinə görə, bu hadisədən bir neçə gün sonra Leyla Yunusu Respublika Diaqnostika Mərkəzinə analiz verməyə gətiriblər: “Hüquq müdafiəçisinin analiz nömrəsi 1286775-dir.  Müayinənin adı Rotor-Gene (plazma, uroyonital) sıyrıntı. Müayinə olunan şəxsin adı VİP VİP kimi yazılıb. Doğum tarixi isə 01.01.1955-ci il göstərilib. Halbuki, Leyla Yunus 21 dekabr 1955-ci ildə doğulub”.

Yaxınları hesab edir ki, Leyla Yunus haqqında təhrif olunmuş məlumatda məqsəd baş verənləri Avropa Məhkəməsindən gizlətmək niyyəti daşıyır.

Yaxınlarının bildirdiyinə görə, Leyla Yunus avqustun 25-də Xədicə İsmayıla 9 il cəza istənilməsi xəbərini eşidəndə kamerada “Xədicə qəhrəmandır” deyə bildirib. Bundan sonra kameradakılar ona təhdid edib və hədə-qorxu gəliblər. Hətta onu təhqir edib, fiziki zor tətbiq etməklə hədələyiblər.

Meydan TV Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinə informasiyayla bağlı sorğu göndərib. Sorğuya cavab verilib ki, barəsində məlumat əldə etmək istədiyiniz şəxsin səhhəti ilə əlaqədar Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinə müraciət edə bilərsiniz.

Nazirliyin Tibb Baş İdarəsindən olayla bağlı məlumat almaq mümkün olmayıb.

Ana səhifəXəbərlər“Leyla Yunus Hepatit C xəstəliyindən “sağalıb””