“Məni həbsdə saxlamaq üçün Arif Yunusu buraxdılar”
Həbsdə olan hüquq müdafiəçisi Leyla Yunusun səhhəti ağır olaraq qalır.
Bu barədə Meydan TV-ni məlumatlandıran hüquq müdafiəçisinin yaxınları bildirib ki, alman həkimi Vittin göndərdiyi dərmanlar hələ də Leyla Yunusa verilməyib.
“Hazırda Leyla Yunusun həzm prosesi tamamilə pozulub, o, həbs olunanda 62 kiloqramdan artıq çəkiyə malik idisə, indi 40 kiloqrama yaxındır. Dəfələrlə vəkilləri və yaxınlarının tələbinə baxmayaraq, hələ də tibbi hissəyə köçürülməyib. Leyla Yunus düşünür ki, onu həbsdə saxlamaq üçün həyat yoldaşı Arif Yunusu buraxdılar”,-deyə yaxınları bildirib.
O, vəziyyətinin ağırlığı baxımından həbsdən sağ çıxacağına inanmır. Çünki qaraciyər və şəkər xəstəlikləri günü-gündən onun durumunu ağırlaşdırır.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə əmlakları müsadirə olunmaqla Leyla Yunus 8 il 6 ay, Arif Yunus isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Ötən həftə Bakı Apellyasiya Məhkəməsi Arif Yunus haqda həbs qətimkan tədbirinin çıxarılması barədə qərar çıxarıb.
Leyla Yunus Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət), 178.3.2-ci (Dələduzluq (külli miqdarda ziyan vurmaqla törədildikdə)), 192.2.2-ci (Qanunsuz sahibkarlıq (külli miqdarda gəlir əldə etməklə törədildikdə)), 213.2.2-ci ((Vergi ödəməkdən yayınma) külli miqdarda törədildikdə), 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci (Bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri, Arif Yunus isə 178.3.2-ci (dələduzluq) və 274-cü (Dövlətə xəyanət) maddələri ilə təqsirləndirilir.
Hər iki şəxsin barəsində olan Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət) maddəsi üzrə cinayət işi ayrı icraata verilib. Hazırda məhkəməyə göndərilən cinayət işi dələduzluq və digər cinayət işləri ilə bağlıdır.