Leyla Yunus: Əslində casusluğu mən etmişəm, Elçin Qəmbərov yox


”Məqsədli şəkildə dezinformasiya ötürürdüm”


Dekabrın 8-də vəkil Elçin Qəmbərovun “Leyla Yunusun parlaqlığı və səfaləti” kitabının təqdimatı

keçirilib

. Vəkil iddia edir ki, kitabı hüquq müdafiəçisi Leyla Yunusun həbsxanada yazdığı məktublar əsasında tərtib edib. Kitabdan bəzi hissələr mediada dərc olunub. Meydan TV bu barədə yaranan suallara və bəzi məqamlara aydınlıq gətirmək üçün hazırda Avropada mühacirətdə olan Leyla Yunusla əlaqə saxlayıb.




Leyla xanım, vəkiliniz Elçin Qəmbərovun sizin məktublarınız əsasında kitab yazdığını eşidəndə təəssüratınız necə oldu?

– Mən onun belə bir şey etdiyini bildiyimdən təəccüblənmədim, bu xəbər yenilik olmadı.




Həbsdə olanda bilirdiniz?

– Yox, mən bu barədə özümün hazırladığım kitabda əhatəli bəhs etmişəm. Amma birinci dəfə Kürdəxanıya yanıma gələndə sezmişdim, uşaq deyildim. Azad İsazadə onunla müqavilə bağlamamışdı. Məsələ ondaydı ki, müqavilə olmasaydı, vəkili məhbusun yanına buraxmazdılar, ancaq onu buraxmışdılar. İkinci, vəkillərim Ramiz müəllim, Əlayif Həsənov, Cavad Cavadov yanıma gələndə bir kağız parçasını nə keçirə, nə də yanımdan çıxara bilərdilər. Məsələn, qızım Dinaradan məktubu onlar gətirə bilmirdilər. Amma Elçin Qəmbərov müqaviləsiz yanıma buraxıldı, bir topa kağız gətirdi. Onu Səid Dadaşbəylinin işindən tanıyırdım, bu adam onları satmışdı.

Mən uddum, ondan istifadə etdim




Elçin Qəmbərovu sizə kim təqdim etmişdi?

– Mən Elçin Qəmbərovu 30 ildir tanıyıram, təqdimata ehtiyac yox idi. 30 ildir hüquq müdafiəçisiyəm, hər hansı vəkilin adını de, onun xarakterini, peşəkarlıq səviyyəsini izah edim.



– Bəs onun haqqınızda belə bir hərəkət edəcəyini gözləyirdinizmi?

– Əlbəttə, bilirdim.




Bəs niyə onun vəkili olmağına razılaşdınız?

– Gəlin nəticəyə baxaq. Bu prosesdə kim uddu, kim uduzdu sualı aktuallıq kəsb edir. Mən uddum, ondan istifadə etdim, kitabımda da bu barədə ətraflı yazmışam. Mən bilirdim ki, qızım Dinaraya yazdığım məktubları o prokurorluğa çatdırır, əlbəttə, bu, mənə lazım idi, dezinformasiya ötürürdüm. Əslində, casusluğu mən etmişəm, Elçin Qəmbərov yox. Onun yaddaşı yaxşı deyil, mən həbsdən çıxmışdım, o, bəzi kağızları mənə qaytardı, dedi ki, məktublarınızı qaytarıram. Arif Yunusla həmin səhifələrə baxandan sonra ona dedik ki, daha gəlmə, sağ ol, hər şey məlum idi. Artıq onun bəzi hissələri özündən uydurub nəsə yazdığını hiss etmişdim. Bir daha deyirəm, mən Elçin Qəmbərovdan istifadə etmişəm, o məndən yox.



– Nə mənada?

– Məsələn, mənə sənə məktub göndərmək lazımdı, bunu necə edim? Yaxud prokurorluğa yalan informasiya vermək istəyirdim, həmin dezinformasiyanı qızımın adına yazırdım, Elçin Qəmbərov isə məktubu birinci prokurorluğa ötürürdü.

Hamısı uydurmadır






Mən detallara varmaq istərdim, məsələn, “mən əclaf olmağa hazıram, amma azadlıqda”-bu cümləni yazmısınızmı?

– Hamısı uydurmadır.




Elə şey yazmamısınız?

-Mən elə şey yazmamışam. Mən 2015-ci ilin dekabrında azad olundum, sonra əfv fərmanı ilə 17 məhbus buraxıldı, nəhayət, Xədicə İsmayıl da azad edildi. Hazırda Niderlandda kitab yazıram və iş görürəm. Nə baş verdi? Əlayif Həsənovu, Xalid Bağırovu Vəkillər Kollegiyasından çıxardılar, Cavad Cavadova dedilər ki, sən Leyla Yunusun vəkili olmayacaqsan. Ramiz müəllim yanıma keçəndə yoxlanılırdı, qızım üçün yazdığım bir parçanı götürə bilmirdi, amma Elçin Qəmbərov yazdığım bir neçə səhifəni yığıb aparırdı, hətta yanımda 2-3 saat otururdu. Ona hər cür imkan yaradırdılar və hər şeyi başa düşürdüm. Nəticədə Elçin Qəmbərov Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü seçildi. İndi o, elə bilir ki, məndən istifadə etdi, əksinə oldu, mən ondan istifadə etdim.




Yaxud AXCP-yə nifrətiniz, İşçi Qrupu ilə əməkdaşlıq haqda qeydlər sizə məxsusdurmu?

– Bir daha deyirəm, mən prokurluğun bəzi şeyləri oxumasını istəyirdim. Məqsədli şəkildə dezinformasiya ötürürdüm.




Bəs hakimiyyətlə əməkdaşlıq istəməyiniz barədə fikirləriniz olubmu?

– Məgər onlarla işlədiyimi gördünmü?



Yazdıqlarım İlham Əliyevə böyük zərbə olacaq



– Baxın, azadlığa çıxdınız, bir müddət susdunuz, sonra xaricə getdiniz, yenə bir müddət susdunuz, amma yenidən hakimiyyətə qarşı sərt ittihamlar səsləndirdiniz. Bunları səsləndirənlər deyir ki, Leyla Yunus hakimiyyəti aldatdı, özünüzün bu barədə fikrinizi bilmək istərdim?

– Mən siyasətçi deyiləm, prezident olmaq istəmirəm, bütün fəaliyyətim insan hüquqlarının müdafiəsinə həsr olunub, AXC üzvü olanda da. Hazırda “Sovet düşərgəsindən Azərbaycan qazamatına” kitabını bitirmişəm, 3-4 dildə buraxılacaq. Əhatəli şəkildə hər şeyi yazmışam, yazdıqlarım İlham Əliyevə böyük zərbə olacaq, artıq rus versiyası mətbəədədir, Londonda ingilis dilinə tərcümə olunur. PEN-Klub alman dilinə tərcüməni üzərinə götürüb, fransızlarla danışıq aparılır.

Leyla Yunus




Belə bir iddia var ki, kitabla bağlı 60 min dollar qrant almısınız, doğrudurmu?

– Qrant yox, tərcümə üçün maliyyə ayrılıb. Bu kitabı həbsxanada yazmışam, təsəvvür edin ki, dəftərləri yazırdım, gəlib kameranı yoxlayıb, aparırdılar, nəhayət, beşinci dəftəri çıxarda bildim. Onlar elə bilirdilər ki, mən bir dəftər yazıram, amma ağıllarına gəlmirdi ki, başqa bir dəftərə köçürürəm.



-Elçin Qəmbərov vasitəsilə çıxarırdınız?

– Yox, o, bu məsələdən xəbərsiz idi.

Səidə Qocamanlının sualı məni diksindirdi



– Elçin Qəmbərovun yaydığı məktublardan bəzi sitatlara qayıdaq: “Azərilərə inanma”, “xaricilərin yanında yalandan ağla ki, sənə inansınlar”, bu cümlələr də sizə məxsusdur?

-Bunlar çox səfeh və gic söhbətlərdir. Mən Dinaraya yalnız onu deyirdim ki, yanına gələnlərlə diqqətli ol. Bilirsiniz, Elçin Qəmbərovu rədd edim, yoxsa qalsın fikri üzərində bir gün düşündüm. Onu rədd etsəydim, başqasını göndərəcəkdilər. Bir hadisəni xatırlayım, 2003-cü ildə Bədəlbəyli küçəsindəki ofisimizə “Generalların işi” ilə bağlı həbsdən yeni çıxmış bir zabit gəldi, Səidə Qocamanlı da o zaman mənim yanımdaydı. Səidə Qocamanlı həmin zabitdən bir polkovnikin adını soruşdu, bu sual məni diksindirdi, çünki həmin polkovnik kəşfiyyatda işləyirdi.




Kim idi həmin adam?

– Adını çəkməyəcəm, Milli Təhlükəsizlik Nazirliyində işləyirdi, sonra ölkədən qaçdı. Həmin polkovnik Heydər Əliyevin generalların qətli əməliyyatının hazırlanmasında iştirak etmişdi.



– Heç olmasa bundan sonra adını deyə bilməzsinizmi?

– Bilirsiniz, həmin adam kəşfiyyatın məxfi bölməsində çalışırdı, gəlin, ad məsələsini saxlayaq. Səidə Qocamanlı orta məktəbdə kimya müəlliməsi idi. Sual yaranır; müəllimə polkovniki necə tanıya bilərdi? Bu sualdan mənə hər şey aydın oldu. Biz zabitlə küçəyə çıxanda, o, “siz bilirsinizmi bu xanım kimdir? Bəlkə sizin yanınızda, o, tək deyil, başqaları da var” sualını verdi. Cavab verdim ki, bu barədə düşünürəm, amma onu qovmayacam, çünki onu burdan uzaqlaşdırsam, sabah tanımadığım başqa birini göndərəcəklər. Elçin Qəmbərov da o cür göndərilmişdi, mən sadəcə, ondan istifadə etdim.



Mənim üçün artıq ittihamlar maraqlı deyil


– Sizə qarşı ittihamlardan biri qrantlarla bağlıdır. Yəni deyirlər ki, bir çox məhbus ailəsi övladlarına dərman pulu tapmayanda, siz onların adıyla 100 min dollarla qrant əldə edibsiz. Bu ittihamlar haqda nə deyə bilərsiniz?

– Həmin ittihamlar prokurorluğun mənə qarşı uydurduğu böhtanla üst-üstə düşür. Bu işi Ləmbəranski hazırlamışdı, elə o da məni qrant mənimsəməkdə, fırıldaqçılıqda ittiham edirdi. Arif Yunus və mən həbsxanada olanda səhərdən axşama qədər televizorlarda bizi “casus” adlandırırdı və bu yalanı ictimaiyyətə təlqin etdirirdi. Mənim üçün bu ittihamlar artıq maraqlı deyil, hazırda öz işlərimlə məşğulam, siyasi məhbusların problemlərini beynəlxalq aləmə çatdırıram.

Leyla Yunus
Leyla Yunus




Sizinlə bağlı istintaq gedəndə xarici ölkələrdə, konkret olaraq, Türkiyədə, Niderlandda, Çexiyada daşınmaz əmlaklarınız olduğu barədə məlumatlar yayılmışdı. Deyilənlər düzdürmü?

– Hətta deyirdilər ki, Ataxan Əbilov Holandiyada mənə 1 milyon avroya ev alıb. Ataxan Əbilov da soruşmuşdu ki, hardadır o mülk, göstərin.




Avropada mənzilləriniz varmı?

– Mənim Bakının Nərimanov və Nizami küçələrində mənzillərim var, onlar da qızımın adınadır. Şəmsi Bədəlbəylidəki evimi dağıtdılar.




Amma Avropa Məhkəməsinə bu barədə şikayətiniz gedib də…

-Bəli. 2016-cı ildə qanunsuz həbsimlə bağlı Avropa Məhkəməsi hökuməti cərimələdi, amma cəriməni hələ hesabıma köçürməyiblər.

Məktublarda Eynulla Fətullayevin stili daha çox hiss olunur




Leyla xanım “Qərb məni satdı” ifadəsini işlətmisinizmi?

– Bunlar Eynulla Fətullayevin, Elçin Qəmbərovun uydurmalarıdır. Əslində, Elçin Qəmbərovun yaydığı məktublarda Eynulla Fətullayevin stili daha çox hiss olunur. Gələk sualınıza, məsələ fərqlidir. Avropa Şurası Parlament Assambleyası 2013-cü ilin yanvarında siyasi repressiyalara yaşıl işıq yandırıb, onlar Kristofer Ştrasserin hesabatına qarşı səs veriblər, ardınca İlqar Məmmədov, Tofiq Yaqublu həsb olundu, 2014-cü ildə həbslər sürətləndi. Buna Avropa Şurasının həmin hesabatın əleyhinə səs verən deputatları səbəb olub. Bu adamlar İlham Əliyevdən pul alıblar. Onlar haqda Strasburqda və Brüsseldə danışdım. Litvadan olan deputat söylədiklərimi təsdiqlədi, hətta bir jurnalist mətbuat konfransında ad çəkməyimi istədi, onda Pedro Aqramuntun, Maltadan Ço Debona Qrexin adını çəkdim. Hazırda Rumıniyadan olan məruzəçi Sezar Florin Preda da Azərbaycan hakimiyyətindən pul alır, tam əminəm.




Bunu sübut edə bilərsinizmi?

– Bu ilin 11 oktyabrında qəbul olunan hesabatın layihəsini göndərmişdilər, sənədin yarısı yalandır. Məsələn, hakimlərin 60 faizinin düzgün seçildiyi qeyd olunur, halbuki, Azərbaycanda müstəqil hakim və məhkəmə yoxdur, bunu onlara da bildirdim. Layihənin həmin hissəsini rumıniyalı məruzəçi işləyib.

 Qayıdıb İlham Əliyevə qurulan məhkəmədə iştirak etmək istəyirəm



– Leyla xanım, sizə qarşı münasibət niyə birmənalı deyil? Daha çox qrant alverində, siyasi oyunbazlıqda ittiham olunursunuz. Özünüzə bu barədə sual vermisinizmi?

– Məni bunlar maraqlandırmır. Bilirsiniz, həbsdən çıxmalarına kömək etdiyim insanlar həmişə mənə təşəkkür ediblər. Əgər adamlara yaxşılıq etməsəydim, Ariflə həbsxanada ölərdik, yaxşılıq etdiyim üçün Allah bizi xilas etdi.




Azərbaycana qayıdacaqsınızmı?

– Bu gün Azərbaycanın ərazisinin 20 faizini Ermənistan işğal edib. Qalan 80 faizini Əliyev klanı. Buna görə mən vətənimdən didərgin düşmüşəm, həbsdən çıxanda ilk olaraq anamın məzarını ziyarət etdim, amma indi ora gedə bilmirəm. Biz bütün gücümüzlə Azərbaycanda vəziyyətin dəyiməsinə çalışacağıq. Bəli, mən Azərbaycana qayıtmaq istəyirəm, qayıdıb İlham Əliyevə qurulan məhkəmədə iştirak etmək istəyirəm. Sonda bir məqamı deyim, əgər hakimiyyət bizim haqqımızda xoş söz desəydi, məndən şübhələnməyə, yaxud nifrət etməyə əsas olardı, amma əksinədir.



Səidə Qocamanlının cavabı…


Meydan TV hüquq müdafiəçisi Səidə Qocamanlı ilə əlaqə saxlayaraq, Leyla Yunusun iddiasına cavab almaq istəyib. Ancaq Səidə Qocamanlı sualı dinləmədən “əgər Leyla Yunus barədə sual olacaqsa, cavab verməyəcəm. Çünki mən o adam barədə eşitmək və danışmaq istəmirəm, o, mənim sözlərimə layiq deyil” – cavabını verib.


Meydan TV əməkdaşının israrından sonra Leyla Yunusun fikirlərini dinləyib. Hüquq müdafiəçisi ittihamları gülüşlə qarşılayaraq bildirib ki, bütün bunlar yalan və böhtandan başqa bir şey deyil:


“Mənim və ailəmin MTN-lə heç bir əlaqəmiz olmayıb. İkincisi, çirkaba batan adam həmişə başqasını çirkaba batırmağa çalışır. Artıq dəlil də lazım deyil, vəkil Elçin Qəmbərovun buraxdığı kitabda onun məktublarını oxudum, tamamilə əmin ola bilərsiniz, özü yazıb, mən onun stilinə bələdəm. Bu insanın neçə siması var? O, yalnız məni yox, hamını MTN-lə bağlayır, səbəb məlumdur, özü də də çirkabdadır. Təmiz adamlar dəlilsiz-sübutsuz belə yalanlar danışa bilməz. Elçin Qəmbərovun kitabı hər şeyi çılpaqlığı ilə ortaya qoydu”.

Ana səhifəVideoLeyla Yunus: Əslində casusluğu mən etmişəm, Elçin Qəmbərov yox