17:15
Leyla Yunusun MeydanTV-yə verdiyi məlumata görə, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Komissiyasının (Helsinki Komissiyası) sədri Ben Cardin Yunusovlar ailəsinin qarşılaşdığı təzyiqlə bağlı bəyanat verib. Komissiya sədri bildirib ki, Yunusovlar ailəsinin qarşılaşdığı təzyiqdən narahatdır. ”Bu insanların saxlanması, evlərində axtarış aparılması, Azərbaycandan çıxa bilməməkləri siyasi motivli təqibin hədəfinə çevriləcəyinin əlamətidir. Azərbaycan hakimiyyətini təcili olaraq hüququn aliliyinə hörmət öhdəliyinə əməl etməyə çağırıram”.
Komissiyaya Senatın, Nümayəndələr Palatasının 9, Dövlət, Müdafiə və Ticarət deportamentlərinin hərəsindən bir üzv daxildir.
Baş Prokurorluq Leyla Yunusa və onun nümayəndəsinə rəsmi xəbərdarlıq göndərib. Trend-in yaydığı məlumatda bildirilir ki, Baş Prokurorluq Cinayət-prosesual məcəlləsinin 178-ci maddəsinə söykənərək, əgər hüquq müdafiəçisi çağırışa əməl etməsə cinayət məsuliyyətinə cəlb olunacaq.
16:30
Mayın 30-da günorta saatlarında Yasamal rayon polis əməkdaşları hüquq müdafiəçisi Leyla Yunusu Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsinə aparmaq üçün onun evinin qarşısına toplaşıblar.
MeydanTV-nin əməkdaşının hadisə yerindən verdiyi məlumata görə Leyla Yunus polislərin onu həbs etmək üçün yaşadığı binanın qarşısına toplaşdığını bildirib. Amma hüquq müdafiəçisi özünün və həyat yoldaşının pasportlarının qaytarılmayacağı təqdirdə idarəyə getməyəcəyini söyləyib.
Müstəntiq İbrahim Ləmbəranski isə onun istintaqa gəlməyinin daha düzgün olacağını deyib.
Eyni zamanda məlum olub ki, iyunun 2-də Leyla Yunusun həyat yoldaşı Arif Yunus da istintaqa çağırılıb. Amma o da getməkdən imtina edib.
14:30
“Onlar sizin hüququnuzu tapdalayanda, evinizi sökəndə, sizə qarşı zorakılıq edəndə mən sizin yanınızda olmuşam”.
Mayın 30-da hüquq müdafiəçisi Leyla Yunus Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsinə çağrılması ilə əlaqədar paytaxt sakinlərinə müraciət edib.
MeydanTV-yə daxil olan müraciətdə bildirilir: “Bakılılar! Polis zorakılığı bitmir. Ehtimal var ki, bu gün, mayın 30-u saat 15:00-dan sonra polis məni həbs etmək üçün evimə hücum edəcək ( N.Nərimanov pr.125. Keçmiş Sovetski küçəsi). Onlar sizin hüququnuzu tapdalayanda, evinizi sökəndə, sizə qarşı zorakılıq edəndə mən sizin yanınızda olmuşam. İndi isə xaiş edirəm, sadəcə gəlib, bu polislərə əl çalasınız”.
Mayın 30-da saat 14.30-da Sülh və Demokratiya İnstitutunun direktoru, hüquq müdafiəçisi Leyla Yunus Rauf Mirqədirovun işi ilə əlaqədar istintaqa çağırılıb.