Leyla Yunus azadlığa çıxdı (VİDEO)

Dekabrın 9-də Bakı Apellyasiya Məhkəməsi Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunusu 5 il şərti cəza ilə azadlığa buraxıb. Leyla Yunus məhkəmədəki son sözündə bildirib ki: “Doktor Jivaqo” da (red. Boris Pasternakın romanı)  deyilir ki, insan həyatı düşərgə tozudur. Onlar məni düşərgə tozuna çeviriblər”. Bu sözlərdən sonra Leyla Yunusun mikrafonu söndürülüb. O çıxışına davam edə bilməyib.

Məhkəmə sənədlərin saxtalaşdırılması ilə bağlı 320-ci maddəni müddəti keçdiyinə görə hökmdən çıxarıb, o biri maddələr üzrə isə 5 il şərti cəza kəsib.

Məhkəmə Leyla Yunusun həyat yoldaşı politoloq Arif Yunusu də 5 il şərti cəza ilə azadlığa buraxıb.

Həmçinin məhkəmə Yunusların qızı Dinara Yunusun adına olan evin müsadirə edilməsi ilə bağlı qərarı hökmdən çıxarıb.

Qərardan sonra Leyla Yunus arxa qapıdan çıxarılıb. O, əvvəlcə ailə üzvlərinin məzarını ziyarət edib, daha sonra evinə gəlib. “Arif mənə evlilik təklif edəndə onu babamın məzarına aparmışdım, indi də azadlığa çıxandan sonra onunla birlikdə nənəmin və babamın məzarını ziyarət etdik” deyə Leyla Yunus bildirib.

Leyla Yunus Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə əmlakları müsadirə olunmaqla 8 il 6 ay, həyat yoldaşı Arif Yunus isə 7 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Ana səhifəVideoLeyla Yunus azadlığa çıxdı (VİDEO)