Leyla Yunus 8 il yarım, Arif Yunus 7 il azadlıqdan məhrum edildi

Hökmə əsasən Yunuslara məxsus Bakıda, Antaliyada və Praqadakı əmlaklar müsadirə olunacaq və şəxsi hesablarındakı pullar dövlət büdcəsinə köçürüləcək

Source:

Hökmə əsasən Yunuslara məxsus Bakıda, Antaliyada və Praqadakı əmlaklar müsadirə olunacaq və şəxsi  hesablarındakı pullar dövlət büdcəsinə köçürüləcək

Avqustun 13-də Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə hüquq müdafiəçisi Leyla Yunusa və həyat yoldaşı, tarixçi-alim Arif Yunusa hökm oxunub.

Meydan TV-nin məhkəmə qarşısındakı əməkdaşı bildirib ki, Bakıdakı, Antaliyadakı və Praqadakı əmlakları müsadirə olunmaqla Leyla Yunus 8 il 6 ay, Arif Yunus isə 7 il müddətinə azadlıqdan məhrum ediliblər. Hökmdə bildirilib ki, Yunusların şəxsi  hesablarındakı pullar dövlət büdcəsinə köçürüləcək.

Vəkil Elçin Qəmbərov jurnalistlərə deyib ki, məhkəmə təcrübəsində bu cür hökmlə ilk dəfədir rastlaşır.

Dövlət ittihamçısı Fərid Nağıyev isə Leyla Yunusun 11 il, Arif Yunusun isə 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Fərid Nağıyev Leyla və Arif Yunusların bank hesablarına həbs qoyulmasını, dövlətə dəyən ziyanın həmin hesablardakı vəsaitlərdən ödənməsinin təmin edilməsini xahiş edib.

Leyla Yunus Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət), 178.3.2-ci (Dələduzluq (külli miqdarda ziyan vurmaqla törədildikdə)), 192.2.2-ci (Qanunsuz sahibkarlıq (külli miqdarda gəlir əldə etməklə törədildikdə)), 213.2.2-ci ((Vergi ödəməkdən yayınma) külli miqdarda törədildikdə), 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci (Bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri, Arif Yunus isə 178.3.2-ci (dələduzluq) və 274-cü (Dövlətə xəyanət) maddələri ilə təqsirləndirilir.

Hər iki şəxsin barəsində olan Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət) maddəsi üzrə cinayət işi ayrı icraata verilib. Hazırda məhkəməyə göndərilən cinayət işi dələduzluq və digər cinayət işləri ilə bağlıdır.

Ana səhifəXəbərlərLeyla Yunus 8 il yarım, Arif Yunus 7 il azadlıqdan məhrum edildi