Leyla və Arif Yunusların məhkəmədə iştirakı tələb edildi

Vəkil sənədlərin surətini istədi, vəsatət təmin olundu

Source:
Arif Yunus və Leyla Yunus
Arif Yunus və Leyla Yunus


Vəkil sənədlərin surətini istədi, vəsatət təmin olundu

Aprelin 19-da Bakı Apelyasiya Məhkəməsində hüquq müdafiəçiləri Leyla və Arif Yunusların apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Meydan TV-nin məlumatına görə, hakim Mirpaşa Hüseynovun sədrlik etdiyi iclasda Leyla və Arif Yunusların iclasda iştirakı məsələsi müzakirə edilib.

Yunusların vəkili Elçin Sadıqov deyib ki, təqsirləndirilənlərin cəzasını ağırlaşdırmaq məqsədilə yuxarı instansiya məhkəməsinə şikayət verilmədiyi üçün iclas onların iştirakı olmadan keçirilə bilər.

Dövlət ittihamçısı Abbas Abbaslı isə onların iştirakının vacib olduğunu deyib.

Elçin Sadıqov iş materiallarında bir sıra sənədlərin surətinin ona verilməsi haqda vəsatət verib. Bildirib ki, həmin sənədlər 300 səhifədən çoxdur. Məhkəmə vəsatəti təmin edib.

Proses mayın 3-də davam edəcək.

L.Yunus Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 192.2.2-ci (qanunsuz sahibkarlıq, külli miqdarda gəlir əldə etməklə törədildikdə), 213.2.2-ci (vergi ödəməkdən yayınma, külli miqdarda törədildikdə), 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə, hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və qanunsuz hazırlama, yaxud ya bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci (bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə), 274 (dövlətə xəyanət) maddələri ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 avqust 2015-ci il tarixli hökmü ilə L.Yunus 8 il 6 ay, A.Yunus isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Həmçinin, məhkəmədə onların əmlaklarının müsadirə olunması, bank hesablarındakı vəsaitin alınaraq dövlətin hesabına köçürülməsi qərara alınıb.

Noyabrın 12-də Bakı Apelyasiya Məhkəməsində A.Yunus barəsində həbs- qətimkan tədbiri dəyişdirilib və ondan başqa yerə getməməklə bağlı iltizam alınıb. Dekabr ayının 9-da isə L.Yunus barəsində seçilmiş həbs-qətimkan tədbiri ləğv edlib, o, 5 il sınaq müddəti təyin olunmaqla məhkəmə zalından şərti azadlığa buraxılıb. Bundan başqa, onun qızının evinə qoyulmuş həbs də götürülüb. Həmin məhkəmə qərarından narazı qalan L.Yunus və A.Yunus kassasiya şikayəti verib. Onlar barələrində bəraət hökmü çıxarılmasını istəyirlər.

Ali Məhkəmədə isə kassasiya şikayəti qismən təmin olunub, Bakı Apelyasiya Məhkəməsinin 09.12.2016-ci il tarixli apelyasiya şikayətinə yekun baxış iclasının qərarı ləğv edilib və iş yeni apelyasiya baxışına qaytarılıb.

L.Yunus və A.Yunus müalicə almaq üçün müvəqqəti Azərbaycan Respublikası hüdudlarından kənara çıxmağa icazə verilməsi üçün Yasamal Rayon Məhkəməsinə ərizə ilə müraciət ediblər. Məhkəmə iddia ərizəsini təmin etməyib. Onlardan qərardan apelyasiya şikayəti veriblər. Bakı Apelyasiya Məhkəməsi də onların şikayətini təmin etməyib. Həmin qəradan narazı qalan L.Yunus və A.Yunus kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib. Məhkəmə onların şikayətini təmin edib.

Ötən il aprel ayında L.Yunus və A.Yunus Azərbaycanı tərk edərək, Hollandiyada gediblər. Onlar hazırda həmin ölkədə müalicə alırlar.

Ana səhifəXəbərlərLeyla və Arif Yunusların məhkəmədə iştirakı tələb edildi