Vəkillər təqsirləndirilən şəxslərə bəraət istəyib
Avqustun 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə hüquq müdafiəçisi Leyla Yunusun və həyat yoldaşı, tarixçi-alim Arif Yunusun növbəti məhkəmə prosesi davam etdirilir.
Hazırda məhkəmədə olan Meydan TV əməkdaşının məlumatına görə, prosesə yalnız hakimiyyətə yaxın medianın nümayəndələri buraxılır.
Prosesdə təqsirləndirilən şəxslərin vəkilləri çıxış ediblər. Vəkil Əfqan Məmmədov müvəkkili Arif Yunusa bəraət istəyib: “Məhkəməyə işlə bağlı kifayət qədər sübutlar təqdim etmişik. Prokuror buna baxayaraq, Arif Yunusa 9 il cəza istəyib. Arif Yunusun əməlində cinayət tərkibinin olmadığını sübut edən kifayət qədər fakt təqdim etmişik. Nə istintaqda, nə də məhkəmədə Arif Yunusa qarşı ittihamların verilməsində mötəbər sübut yoxdur. Şahidlər Arif Yunusa qarşı iddialarının olmadığını göstəriblər. Ümumiyyətlə, bu işdə cinayətin obyekti yoxdur, kim ziyan görüb, bəlli deyil. İşdə zərərçəkən kimi tanınan Rəna Səfərəliyeva belə Arif Yunusdan şikyətçi deyil, onu tanımadığını deyir. Ümid edirik ki, məhkəmə sonda ədalətli qiymət verəcək”.
Digər vəkil Elçin Qəmbərov da Leyla Yunusa qarşı sürülən ittihamlarla razılaşmadığını deyib: “Bu iş Amerikada, Norveçdə və digər ölkələrdə başlasaydı, başa düşülərdi. Ona görə ki, donor təşkilatlar bu ölkələrdədir və qrantı da onlar verib. Leyla Yunus yaşlı qadındır. Yaşlı və xəstə qadının həbsi qisasdan başqa bir şey deyil. Leyla Yunus minlərlə vətəndaşın hüquqlarını qoruyub, hüuquqi xidmət göstərib, siyasi məhbuslara, vicdan məhbuslarına köməklik edib. Onun fəaliyyəti nəticəsində xeyli insan həbsdən azad edilib. Bütün bunlar da əsasdır ki, ona bəraət verilsin”.
Vəkil Ramiz Məmmədov isə Leyla Yunusa qarşı irəli sürülən dələduzluq, vergidən yayınma və vəzifə səlahiyyətlərini aşma maddələrindən danışıb, bildirib ki, məhkəmə istintaqı zamanı bunların heç biri sübuta yetirilməyib. O da təqsirləndirilən şəxslərə bəraət istəyib.
Prosesdə Leyla Yunus və Arif Yunus son söz deyiblər. Arif Yunus “Cəlladı çağırın, hökmünüzü elan edin” deyib və səhhəti pisləşib.
Hakimlər müşavirəyə gedib. Hökm oxunacağı gözlənilir.