Klinika rəhbəri 30 min manatlıq üzüyünün mənimsənildiyini iddia edir
Bakı Ağır Cinayətlər Məhkəməsində aktrisa, rejissor, “Leyla Şıxliniskaya” klinikasının rəhbəri Leyla Şıxlıniskaya qarşı dələduzluq etməkdə təqsirləndirilən rəfiqəsi Gülşən Məmmədovanın cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Meydan TV-nin məlumatına görə, iclasda zərərçəkmiş şəxs qismində Leyla Şıxlinskaya ifadə verib. O, dəymiş ziyanın ödənilməsini istəyib. Bildirib ki, onlar rəfiqədirlər və G.Məmmədova yaxşı bir ailənin nümayəndəsidir.
İclasda məhkəmə istintaqının tamamlanması barədə qərar qəbul edilib.
Proses sentyabrın 22-də davam edəcək.
G. Məmmədova L. Şıxlinskaya ilə rəfiqədir. O, L.Şıxlinskayanın qiyməti 30 min manat olan brilliant üzüyünü satmaq adı ilə alaraq lombarda qoyub, pul götürüb.
G.Məmmədova Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsinə əsasən ittiham edilir. Onun barəsində istintaq və məhkəmə dövründə həbs-qətimkan tədbiri seçilməyib.
Leyla Şıxlinskaya Azərbaycan cəmiyyətində daha çox “Arşın mal alan” filmindəki Gülçöhrə və “Gün keçdi” filmindəki Əsmər ilə tanınır.