”Leyla Şıxlinskaya qısqanclığına görə bu oyunu qurdu”

Təqsirləndirilən şəxsin sözələrinə görə, L.Şıxlinskaya kassiri ilə birləşib, onlara qarşı bu oyunu qurub

Source:
Leyla Şıxlinski
Leyla Şıxlinski


Təqsirləndirilən şəxsin sözələrinə görə, L.Şıxlinskaya kassiri ilə birləşib, onlara qarşı bu oyunu qurub

Xalq artisti Leyla Şıxlinskayanın öz adını daşıyan klinikasının yeddi nəfər keçmiş işçisi onun şikayəti əsasında məsuliyyətə cəlb olunub. Bir ildən çoxdur ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyilə onların məhkəməsi gedirdi. Artıq məhkəmə prosesi yekunlaşır. Fevralın 19-da təqsirləndirilən şəxslər son sözlərini deyiblər.

Klinikanın 800 min manatını mənimsəməkdə ittiham olunan təqsirləndirilən şəxslər son sözlərində günahsız olduqlarını, L.Şıxlinskayanın onlara böhtan atdığını bildiriblər.

Təqsirləndirilən baş mühasib Şəhla Abbasova heç bir cinayət törətmədiyini bildirib. Məhkəmədən onun haqqında bəraət hökmü çıxarılmasını xahiş edib.

Baş mühasibin müavini Polad Əliyev də L.Şıxlinskayanın böhtanına məruz qaldıqlarını söyləyib. O bildirib ki, Leyla Şıxlinskayanın qısqanclığı onları gətirib bu duruma salıb. Onun sözlərinə görə, bu qısqanclıq üzündən L.Şıxlinskaya kassiri ilə birləşib, onlara qarşı bu oyunu qurub.

Mühasib Səkinə Qasımova da cinayət törətmədiklərini bildirib: “Biz Leyla Şıxlinskayanın pulunu yeməmişik”.

Digər təqsirləndirilən şəxslər Aytən Hüseynova, Mədinə Hüsüyeva və Nigar Rzaquliyeva da günahsız olduqlarını bildiriblər.

Məhkəmənin onlar haqqında hökmü fevralın 20-də elan olunacaq.

Klinikanın keçmiş işçiləri dörd il əvvəl Leyla Şıxlinskayanın özünün hüquq-mühafizə orqanlarına şikayəti əsasında cinayət məsuliyyətinə cəlb olunublar.

Xalq artisti onları əlbir olub, klinikanın 800 min manatdan çox vəsaitini mənimsəməkdə ittiham edir. L.Şıxlinskaya özü məhkəməyə gəlməkdən imtina edib. Nümayəndəsi isə təqsirləndirilən şəxslərə qarşı 804 min manatlıq mülki iddia qaldırıb.

Klininkanın keçmiş işçiləri məhkəmədə bildiriblər ki, məvaciblərin az göstərilməsi, sənədlərdə məbləğlərin aşağı salınması və s. hallar birbaşa L.Şıxlinskayanın özünün göstərişilə baş verib. Təqsirləndirilən şəxslərin sözlərinə görə, L.Şıxlinskaya vergidən yayınmaq məqsədilə sənədlərdə rəqəmlərin daha aşağı göstərilməsini tapşırmışdı.

Bu iş üzrə istintaqı əvvəlcə Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi, daha sonra Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi aparıb.

Ana səhifəXəbərlər”Leyla Şıxlinskaya qısqanclığına görə bu oyunu qurdu”