Leyla Şıxlinskaya 56 min manatı az hesab edir

Klinika rəhbəri 800 min manat ziyana düşdüyünü deyir

Source:
Leyla Şıxlinski
Leyla Şıxlinski

 Klinika rəhbəri 800 min manat ziyana düşdüyünü deyir

Aktrisa və klinika rəhbəri Leyla Şıxlinskayanın şikayəti əsasında məsuliyyətə cəlb olunmuş yeddi nəfər keçmiş işçisinin məhkəməsi oktyabrın 18-də davam etdirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində bu iş üzrə araşdırmalar bir ildir ki, davam edir. Məhkəmə istintaqı yekunlaşmaq üzrədir.

Məhkəmə iclasında təqsirləndirilən şəxslərin vəkili bildirib ki, onlar ekspertizanın rəyinə əsasən, klinikaya dəymiş 56 min manat ziyanı ödəməyə hazırdılar. Lakin Leyla Şıxlinskaya razılaşmır.

“O, həmin pulu qəbul etmədi və bununla bağlı bizə razılıq ərizəsi vermədi. Leyla Şıxlinskaya ona dəymiş ziyanın çox olduğunu və ekspertizanın rəyi ilə razılaşmadığını dedi”, – deyə vəkil bildirib.

Leyla Şıxlinskaya məhkəmədə işçilərinə qarşı 800 min manatlıq mülki iddia da qaldıraraq, onlardan bu pulu tələb edir.

“Leyla Şıxlinskaya” klinikasının sabiq işçiləri – baş mühasib Şəhla Abbasova, Səkinə Qasımova, Aytən Hüseynova, Mədinə Hüseyeva, Yelena Abdullayeva, Nigar Rzaquliyeva və Polad Əliyev mənimsəmədə məbləğləri az göstərməklə vergidən yayınmaqda ittiham olunurlar. İttihamda onların 700 min manatdan çox vəsaiti mənimsədiyi iddia olunsa da, məhkəmə prosesi zamanı təyin edilmiş ekspertiza klinikaya dəymiş ziyanı 56 min müəyyənləşdirib.

L.Şıxlinskaya isə bu rəqəmlə razılaşmır. Zərərçəkmiş qismində tanınan aktrisa məhkəməyə çağrılsa da, gəlməyib.

Keçmiş işçiləri isə ittihamı qəbul etmir və özlərini təqsirli bilmirlər. Onlar həbsdə deyil, barələrində başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri seçilib.

Məhkəmə oktyabrın 25-nə qədər təxirə salınıb.

İşçilərinə qarşı şikayət araşdırılarkən L.Şıxlinskayanın klinikasının da vergidən yayınmasıyla bağlı hallar üzə çıxıb. Klinikanın 1 milyondan artıq vergidən yayınmasıyla əlaqədar cinayət işi başlanıb.

Ana səhifəXəbərlərLeyla Şıxlinskaya 56 min manatı az hesab edir