Leyla Mustafayeva Əfqan Muxtarlı ilə bağlı aparılan işin gedişatından narazıdır

”Polis lazım olan vacib faktları məhv edib”

Source:
Leyla Mustafayeva
Leyla Mustafayeva


”Polis lazım olan vacib faktları məhv edib”

“Polis işin ədalətli araşdırılması üçün vacib olan bütün faktları məhv edib. Bundan sonra Əfqan Muxtarlının işini araşdırmaq üçün prokurorluğa veriblər”.

Həbsdəki jurnalist Əfqan Muxtarlının həyat yoldaşı Leyla Mustafayeva Gürcüstanın Dövlət Sərhəd Xidmətinin və Milli Təhlükəsizlik Xidmətinin əks-kəşfiyyat idarəsinin rəhbərlərinin vəzifələrindən müvəqqəti uzaqlaşdırılması ilə bağlı açıqlamasında belə deyib.

Leyla Mustafayeva işin gedişatından, aparılan araşdırmadan narazıdır:

“Bizim üçün neçə məmurun vəzifəsindən kənarlaşdırılması önəmli deyil. İstintaq üçün heç bir şey etmirlər. Budur reallıq. Ortada heç bir yenilik yoxdur. Əminəm ki, hər şeyin necə baş verdiyini çox yaxşı bilirlər, vacib olan sübutları əllərində saxlayırlar, ancaq açıqlamırlar”, – deyə L.Mustafayeva bildirib.

O əlavə edib ki, artıq ona və Ə.Muxtarlının vəkillərinə cinayət işinin prokurorluqda araşdırılmasına başlanması haqda məlumat verilib.

İyulun 20-də Gürcüstanın Dövlət Sərhəd Xidmətinin və Milli Təhlükəsizlik Xidmətinin əks-kəşkiyyat idarəsinin rəhbərlərinin Ə.Muxtarlı işinə görə vəzifələrindən müvəqqəti uzaqlaşdırılması Gürcüstanın media təşkilatları tərəfindən birmənalı qarşılanmayıb.

Gürcüstan Jurnalistika Etikası Xartiyası təşkilatı bəyan edib ki, reallıq jurnalistin oğurlanması işində heç bir irəliləyişin olmamasından ibarətdir.

“Əfqan Muxtarlının Tbilisidən Bakıya aparılması, bunu heç kimi görməməsi sualına aydın cavab verilməsi bizim üçün ən önəmli sualdır”, deyə təşkilatın icraçı direktoru Nata Dzvelişvili bildirib.

O, jurnalist birliklərinin Ə.Muxtarlının işi üzrə parlament istintaq qrupunun yaradılmasında israrçı olacaqlarını vurğulayıb.

İyulun 20-də Gürcüstanın daxili işlər naziri George Mgebrişvili Gürcüstanda Dövlət Sərhəd Xidmətinin və Milli Təhlükəsizlik Xidmətinin əks-kəşkiyyat idarəsinin rəhbərlərinin azərbaycanlı jurnalist Əfqan Muxtarlının işi ilə bağlı vəzifələrindən müvəqqəti kənarlaşdırıldığını açıqlayıb.

Bundan əlavə, jurnalistin Azərbaycana aparılması ilə bağlı Gürcüstanda açılmış cinayət işi araşdırılması üçün polisdən alınaraq prokurorluğa verilib.

Jurnalist Əfqan Muxtarlı mayın 29-da müəmmalı şəkildə Tbilisidən Bakıya gətirilib.

Jurnalist özü Gürcüstandan oğurlanaraq gətirildiyini, rəsmi qurumlarsa onun sərhədi qanunsuz keçərkən Azərbaycan ərazisində saxlanıldığını bildirir.

Ona Azərbaycan Cinayət Məcəlləsinin hakimiyyət nümayəndəsinə güc tətbiqi, sərhədi qanunsuz keçmə və qaçaqmalçılıq maddələriylə ittiham irəli sürülüb.

Əfqan Muxtarlının Azərbaycana gətirilib həbs edilməsi ilə bağlı Gürcüstanda da cinayət işi açılıb. Bu ölkənin prezidenti jurnalistin xanımını qəbul edərək şikayətlərini dinləyib.

Ana səhifəXəbərlərLeyla Mustafayeva Əfqan Muxtarlı ilə bağlı aparılan işin gedişatından narazıdır