“Leyla Əliyevanın qurduğu qurumda heyvanlar öldürülür”

Heyvansevərlər ölkədəki durumu bərbad hesab edir

Source: leyla-aliyeva.az


Heyvansevərlər ölkədəki durumu bərbad hesab edir

Azərbaycanda son zamanlarda heyvanlara qarşı tətbiq olunan şiddət və cinsi istismar xəbərləri sosial medianın da gündəmini zəbt edir.

Bəs Azərbaycanda heyvan haqları hansı səviyyədə qorunur? Heyvanlara qarşı pis rəftarın qarşısını necə almaq olar?


“Azərbaycanda heyvan hüquqları bərbad vəziyyətdədir”

Heyvan hüquqları müdafiəçisi Elxan Mirzəyev qeyd edir ki, Azərbaycanda heyvan haqlarının qorunması sahəsində müəyyən irəliləyiş olsa da, məsələ hələ həllini tapmayıb:

“Ölkədə heyvan hüquqları bərbad vəziyyətdədir. Biz bu qrup heyvan hüquqları müdafiəçiləri ilə 80 səhifəlik yeni qanun layihəsi hazırlamışıq. Burada heyvan hüquqları ilə bağlı bütün məsələləri əhatə etmişik. Belə bir qanun layihəsinin qəbulu olduqca vacibdir. Biz hesab edirik ki, bu inqilab yaradacaq qanun layihəsidir”.

Daha öncə jurnalist kimi Rusiyanın NTV telekanalı ilə əməkdaşlıq etmiş Elxan Mirzəyev evində 13 pişik 9 it saxladığını deyir. ,O daha çox əlil, yeriyə bilməyən və ya gözləri görməyən, qayğıya ehtiyacı olan küçə heyvanlarına qayğı göstərməyə üstünlük verir. Mirzəyev hazırda Bakıdan uzaqda, bir meşədə ev tikib, orda heyvanlarla yaşayır.

Elxan Mirzəyev
Elxan Mirzəyev


“Heyvanlara şiddət göstərilən cəmiyyət xəstə təfəkkürlüdür”

“İnsanlar başa düşməlidir ki, heyvan mülkiyyət obyekti deyil, onlara qarşı pis rəftar etmək olmaz. Ümumiyyətlə, bizim cəmiyyətdə kompleksli, əzilmiş insanlar çoxdur. İnsanlar görür ki, İlham Əliyev aksiyalar zamanı ictimai, siyasi aktivistlərin dağıdılmasını istəyir, onlara hücum etdirir, əzir. Bunu görən məmur da vətəndaşı, sadə vətəndaş da ondan aşağıda olanı əzir. Beləliklə, ən sonda gəlir dayanır heyvanlarda. Bəzi insanlar da gedir gücünü heyvanlar üzərində göstərir. Heyvanlara qarşı şiddətin olduğu cəmiyyət psixoloji olaraq xəstə cəmiyyətdir”.

E.Mirzəyev hesab edir ki, cəmiyyətdə dəyişikliklər etmək mümkündür sadəcə bunun üçün çalışmaq lazımdır: “Əgər qanunlarda dəyişiklik olsa millətin də düşüncəsində dəyişiklik olar. Biz əlimizdən gələni edirik ki, nələrisə dəyişək. Sadəcə insanlara yol göstərmək lazımdır”.


“Dövlət qurumları ictimai aktivistləri provakasiyaya cəlb edir”

E.Mirzəyev bildirir ki, heyvan hüquqları sahəsində daxili ictimai problemlər var:

“Təəssüf ki, heyvan hüquqları müdafiəçiləri arasında bölünmələr var. Bilirsiniz ki, ictimai fəalları sındırmaq üçün dövlət orqanları onların arasına provakasiya yaradan insanlar göndərir. Eləcə də heyvansevərlər arasında belə provakasiya yaradan insanlar var. Bütün cəmiyyətdə olduğu kimi dövlət qurumları aktiv olaraq bu sahəyə də müdaxilə etmək üçün provakatorlar göndərir”.


Dövlət qurumları heyvanlar üçün ayrılan pulu mənimsəyirmi?

E.Mizəyev dövlət qurumlarının heyvanlara baxılması üçün ayrılan büdcəni mənimsədiklərini iddia edir. “Bəzi dövlət qurumları, xüsusən icra hakimiyyətləri heyvanlar üçün ayrılan pulu özləri “yeyir”. Dövlət qurumları rayonlarda heyvanlar üçün ümumilə heç nə etmir. Biz heyvansevərlərlə birlikdə heyvanların qidasını, ehtiyaclarını, axtalanması və digər ehtiyaclarını öz cibimizdən ödəyirik. İcra hakimiyyətləri deyirlər ki, heyvanlara yem alırlar. Bu yalandır. Pulu mənimsəyib yalan danışırlar”,- deyə E.Mirzəyev əlavə edir.


Heyvanların güllələnməsi ilə bağlı məhkəmə işləri davam edir

E.Mirzəyev bildirir ki, hazırda Lerik Rayon Kommunal Təsərrüfatı əməkdaşlarının itləri güllələməsi ilə bağlı Lerik Rayon Məhkəməsində iki iş qaldırıblar.

“Biz tez-tez məhkəməyə müraciət etməli oluruq. Hazırda Gəncə Polis Şöbəsinə qarşı da məhkəmə işi davam edir. Məhkəmələr nəticəsiz qaldıqda Avropa Məhkəməsinə müraciət edirik”.

E.Mirzəyev hesab edir ki, icra hakimiyyətləri və dövlət qurumları heyvanların insanlara hucum etdiyini və buna görə də onları güllələmək məcburiyyətində qaldıqları fikrini təbliğ edir:

“Şayiə yayırlar ki, heyvan insana hücum edirdi, ona görə öldürürük. İnsanlar arasında da cinayətkarlar olur. Onda belə çıxır ki, insanlar da məhv edilməlidir. Bu yanaşma doğru deyil. Dövlət bu halın və artımın qarşısını almaq üçün heyvanların axtalanmasını və vaksinasiyasını aparmalı və onları bir müddət sonra küçəyə buraxmalıdır”.


“Leyla Əliyevanın qurduğu qurumda heyvanlar öldürülür”

“Heyvan hüquqları ilə bağlı aksiyalar keçiririk. Bizim hazırda ən böyük mübarizəmiz Leyla Əliyevanın və Heydər Əliyev Fondunun təsis etdiyi, Bakı İcra Hakimiyyətinin nəzdində olan “Toplan” Sahibsiz İtlərə Qayğı Mərkəzi ilədir. Bu qurumda heyvanlara işgəncə verilir, öldürülür. Bizi həmin mərkəzə yaxın buraxmırlar. Gündə 100-200 heyvanı orda məhv edirlər. Biz də heyvansevərlər olaraq ümid edirik ki, onların heyvanlara verdikləri işgəncə özlərinin və yaxınlarının başına gələr”.

Hazırda “Facebook”da Azərbaycandilli heyvan sevərlərin bir araya gəldiyi “Heyvan Haqları Üçün Birləşək” qrupunun yaradıcısı və admini Nizami Ramazanov isə qeyd edir ki, Bakıda fəaliyyet göstərən “Toplan” Sahibsiz İtlərə Qayğı Mərkəzi sahibsiz heyvanları qapalı məkanda saxlayır və heyvansevərlər içəri buraxılmır:

“Qurumun əməkdaşları ana itin yeni doğulan balalarını tutub aparırlar. Ana it qalır balasız pərişan. Günlərlə balasını axtarır, süd vəzləri şişir iltihablanır və heyvan xəsələnir. Bəzən də ana kədərdən ürəyi partlayıb ölür. Heyvansevərlər zəng vururlar, gedirlər o mərkəzə bala itləri istəyirlər, ancaq onlar vermir. Heyvansevərlər içəri buraxılmır. Ora girən heyvanların taleyi bilinmir”.

“Toplan” Sahibsiz İtlərə Qayğı Mərkəzi ilə bağlı tez-tez xəbərlər yayılır. Heyvan hüquqları aktivistləri aksiyalar və kampaniyalar keçirirlər. 2019-cu il iyun ayında aktivistlər “Toplan” Sahibsiz İtlərə Qayğı Mərkəzinin önündə aksiya keçirmiş və Meydan TV də həmin aksiyanı işıqlandırmışdı. Lakin görünən odur ki, məsələ hələ də öz həllini tapmır və Azərbaycan hökuməti məsələyə biganə yanaşır.

Nizami Ramazanov
Nizami Ramazanov


“Qanunvericilikdə dəyişiklik olunmalıdır”

Zooaktivist Nizami Ramazanov düşünür ki, sahibsiz heyvanlara qarşı qəddar rəftarın həddindən çox olmasının səbəbi qanunvericilikdəki boşluqdan qaynaqlanır:

“Hazırda heyvanlara qəddar rəftara görə İXM-nin 274 maddəsinə görə çox az miqdarda cərimə tətbiq olunur. Heyvanlara qarşı qəddar rəftara görə edilən cərimə İXM-dən çıxarılıb CM-nə əlavə olunmalı və heyvanlara qarşı qəddar rəftara görə daha çox cərimə tətbiq olunmalı və cəza tədbirləri görülməlidir”.

N.Ramazanov 10 ildir ki, Zaqatala rayonunda sahibsiz heyvanların haqlarını qorumaqla məşğuldur. O qeyd edir ki, heyvan haqlarının qorunması üçün KİV vasitəsilə insanları və məktəblərdə uşaqları heyvanlara qarşı rəhimli və diqqətli olmağı öyrədən maarifləndirici mövzular təbliğ olunmalıdır.

“Düşünürəm ki ölkəmizdə heyvansevər insanların sayı əvvəlki zamanla müqayisədə kifayət qədər artıb. Buna misal olaraq onu qeyd edə bilərəm ki, əvvəllər itlərin güllələnməsini bir nəfər ictimailəşdirirdisə, indi hətta hansısa rayonun ucqar bir kəndində insanlar heyvana olan qəddar rəftarı, itlərin güllələnməsini ən azından videoya çəkib, sosial şəbəkələrdə paylaşıb, ictimailəşdirib, qanun pozuntusu edən şəxslərin cəzalanmasını tələb edirlər”.

Öncələri könüllü şəkildə küçədəki heyvanlara qayğı göstərməyə başlayan Nigar Hüseynova daha sonra Bakının Pirşağı kəndində heyvanlar üçün sığınacaq qurub. Lakin insanlar sığınacaqdaki heyvanların səslərindən və pis qoxu yayılmasından şikayət etdiyi üçün onlar sığınacağı Buzovna kəndinə daşımalı olublar.

“Ümumiyyətlə, bizim insanımız hələ belə şeylərə öyrəşməyib. Çox şikayət edirlər, ancaq cəmiyyət dəyişdikcə, insanlar da alışacaq. Hazırda sığınacağımızda 250 heyvan var. Biz bu sığınacağı 3 qadın birlikdə saxlayırıq. Həm sığınacaqdakı, həm küçədə gördüyüm heyvanların qidayla təmin olunmasına, sığınacaqdakı heyvanların peyvənd etdirilməsinə və onlara lazımı qayğını göstərməyə çalışırıq”.

Nigar Hüseynova
Nigar Hüseynova


Heyvan sığınacaqlarının sayı artırılmalıdır

Nigar Hüseynova qeyd edir ki, ölkədə heyvanlara qarşı münasibət pis vəziyyətdədir. Bunun səbəbi isə xalqda yox, dövlətin yuxarı təbəqələrindədir:

“Əvvəla hökümət heyvanlara doğru münasibət göstərmək barədə cəmiyyəti yönləndirməlidir, maarifləndirmə aparmalıdır. Ancaq bu hökumətin marağında deyil. Ümumiyyətlə bizim xalqımız yeniliklərə uyğunlaşan xalqdır. Qanunvericilikdə dəyişikliklər olunsa, heyvanlara qarşı sərt münasibət göstərənlər cəzalandırılsa, insanlar da dəyişəcək və biləcəklər ki, heyvanlarla necə davranmaq lazımdır”.

N.Hüseynova əlavə edir ki, heyvanlarla bağlı qonşu Türkiyə və Gürcüstanın təcrübəsindən yararlanmaq olar: “Bu ölkələrdə axtalanmış və peyvənd olunmuş heyvanlar rahat şəkildə küçədə gəzir. Nə insanlar onlara, nə də onlar insanlara toxunmur. Azərbaycanda qanunvericilik çox zəifdir. Qanunvericilikdə heyvanlar məcburi qısırlaşdırılmalı və onların toxunulmazlığı təmin olunmalıdır. Mən çox istəyərdim ki, qısırlaşdırılmış heyvanlar küçədə rahat gəzsin. “Toplan” Sahibsiz İtlərə Qayğı Mərkəzi itləri toplayır, ancaq topladıqları yerə yox, şəhər kənarında insan ayağı dəyməyən çöllüklərə, meşələrə buraxır. Heyvanlar orda ac- susuz ölür. Bunun yerinə yaxşı olmazdımı ki, onlar ilk yarandığı dövrdə söz verdikləri kimi heyvanları toplayıb, qısırlaşdırıb aldıqları yerə geri qoysunlar?“.

N.Hüseynova Azərbaycanda dövlətə məxsus böyük heyvan sığınacaqlarının qurulmasının vacib olduğunu bildirir:

“Çox istəyərdim dövlətə məxsus böyük heyvan sığınacaqları olsun. “İdeya” Heyvanlara Qayğı Mərkəzində cəmi 100-200 heyvan saxlanılır. “Toplan” Sahibsiz İtlərə Qayğı Mərkəzində isə ümumiyyətlə heyvanlar saxlanılmır. Yaxşı olardı ki, bu məsələyə diqqət ayrılsın”.

Heyvanlara könüllü şəkildə qayğı göstərən Xumar Kərimli qeyd edir ki, insanların təbiətə və heyvanlara vurduğu zərbə onların psixoloji zəifliyindən irəli gəlir:

“Heyvanlara qarşı şiddət tətbiq etmək insanın daxili aqresiyasından və eqosundan irəli gəlir. Bəzi insanlar özlərini güclü göstərmək üçün heyvanlara şiddət göstəri. Ümumiyyətlə düşünürəm ki, heyvanlara şiddət tətbiq edən insanlar psixoloji dəstək almalıdır”.

Meydan TV “Toplan” Sahibsiz İtlərə Qayğı Mərkəzindən məsələyə münasibət öyrənə bilməyib.

Xumar Kərimli
Xumar Kərimli


“Təhsil ocaqlarında maarifləndirmə aparılmalıdır”

Xumar Kərimli düşünür ki, ölkədə təbiətə və heyvanlara qayğı, onlarla rəftar barədə bağçalarda və orta məktəblərdə maarifləndirmə aparılmalıdır:

“Ümumiyyətlə, maarifləndirmə işləri kiçik yaşlarda başlamalıdır. Uşaqlar ailədə nə görür, onu tətbiq edir. Ona görə də heyvanlarla bağlı ümumi təfəkkürü dəyişmək üçün ümumiyyətlə təhsil ocaqlarında kiçik yaşlardan maarifləndirmə aparılmalıdır”.


“Heyvanlara yardım üçün müraciət edəcəyimiz qurum demək olar ki, yoxdur”

X.Kərimli deyir ki, ölkədə küçə heyvanları və onların problemləri ilə məşğul olan qurum yoxdur.

“Bəzən insanlar şikayət edir ki, küçə heyvanları insana hücum edir. Biz insanlar ac qalsaq necə olar?! Təbii ki, biz də aqressiv olarıq. Ümumiyyətlə küçədə acınacaqlı vəziyyətdə heyvanlar görürük. Onlara yardım üçün müraciət etmək istəyirik ama bu işlə məşğul olan normal bir qurum, sığınacaq və ya resurs mərkəzi yoxdur ki, biz onlara müraciət edib kömək istəyək. Hər bir halda bu reallıqdır. Belə qurumlar olmalıdır. Ancaq əgər yoxdursa, ən azından biz insanlar heyvanlar öz üzərimizə düşəni etməyə borcluyuq”.

Ana səhifəXəbərlər“Leyla Əliyevanın qurduğu qurumda heyvanlar öldürülür”