Leyla Bin Əli – Tunisin keçmiş birinci ledisi və yarımştat prezidenti

Elə həmin il birinci ledi ad günü hədiyyəsi olaraq ərindən “oğlunun və bütün ailənin təhlükəsizliyini təmin etməsini” istəyir

Source: meydan.tv


(Birinci hissə)

Leyla Bin Əli (Trabelsi) – 1992-2011-ci illər aralığında Tunisin birinci ledisi, həmin dönəmdə ölkə prezidenti olmuş Zin əl-Abidin Bin Əlinin ikinci arvadı. Dövlət vəsaitlərini dağıtmaqda və oğurlamaqda; yaxın qohumları vasitəsilə ölkədə mafioz idarəçilik sistemi qurmaqda; gömrükdən tutmuş supermarketlərə, avtomobil və banan satışına qədər bütün biznes sahələrinin 40%-ni ələ keçirməkdə; sahibkarları öz bizneslərindən klan üzvlərinin xeyrinə imtinaya məcbur etməkdə; yaşayış yerlərindəki ərazilərdə biznes qurmaq üçün insanları evlərindən çölə atdıraraq onların təməl hüquqlarını pozmaqda günahlandırılır.

****

Leyla Trabelsi 1956-cı ildə Tunisin Mədinə şəhərində, 11 uşaqlı ailədə dünyaya gəlib. Birinci evliliyindən daha 4 övladı olan atası Məhəmməd ədva, çərəz və hamam ləvazimatlarının ticarətiylə məşğul olub, anası – “Xədicə nənə” ləqəbli Səidə hamamda xadimə işləyib. Rəsmi bioqrafiyasında Leylanın Tunis Universitetinin incəsənət və himanitar elmlər fakültəsini bitirib Tuluza Universitetində (Fransa) hüquq üzrə magistr dərəcəsi aldığı yazılsa da, mənbələrin çoxunda onun heç orta təhsilini də başa vurmadığı, məktəbi yarımçıq buraxıb saç ustası (sonra tikinti şirkətində katibə, ardınca da stüardessa) işləməyə başladığı qeyd edilir.

O illərdə əyləncəli həyat tərzinə görə daha çox “Leyla Cin” (bu adda içkiyə görə) kimi tanınan gənc qız 1980-ci ildə “Avis” avtomobil icarəsi şirkətinin müdiri Xəlil Maaiyəyə ərə gedir. Kasıb Trabelsi ailəsi onun yardımları hesabına bir az “özünə gəlir”. “Onlara bir dinar da verəndə çox xoşbəxt olurdular” – sonralar Xəlil o illəri belə xatırlayacaqdı.

Amma Leyla ərinin tez-tez ova getməsindən və ona az vaxt ayırmasından şikayətçiydi, yəni onların münasibərləri, yumşaq desək, ideal deyildi. O illərdə turizm şirkətinə işə düzələn gənc qadın bir müddət sonra özünə maşın alır, tez-tez Parisə, Romaya gedir, oralardan alış-veriş etməyə başlayır.

Leyla Trabelsidən yazan bir çox müəllif həmin dönəmdə onunla Baş nazir Məhəmməd Mzalinin qaynı, keçmiş futbolçu və biznesmen Fərid Muxtar arasında sevgi münasibəti yarandığını qeyd edilər. Məhz o vaxt “Leyla Cin” Fəridin dayısına məxsus bankın filiallarından birində icraçı katib vəzifəsinə təyin edilir. Bir müddət sonra Fərid müəmmalı avtoqəzada həlak olacaq, bəziləri onun prezidentlik uğrundakı klan savaşında Bin Əli tərəfindən “zərərsizləşdirildiyini”, bəziləri də Bin Əlinin qısqanclığına qurban getdiyini deyəcəkdi.

Növbəti mərhələdə Leyla Trabelsi rəfiqəsi vasitəsilə Milli Qvardiyanın komandanı Həbib Ömərlə tanış olur, bu tanışlıq Leylayla o zaman Milli Təhlükəsizlik Xidmətinin rəhbəri vəzifəsində çalışan Bin Əlinin yollarını kəsişdirir.

Tezliklə Trabelsilərin yaşadığı məhəllədə ağ bir “Mersedes” görünməyə başlayır. Hər dəfə eyni yerdə dayanan maşından milli geyimli bir kişi düşüb Leylagilin 3-cü mərtəbədəki mənzilinə qalxır. Çox keçmir ki, qonşular bu şəxsi – yəni Bin Əlini tanıyırlar. Təhlükəsizlik şefi Leylanın Xəlildən boşanmasına (1984) yardım edir, ona villa bağışlayır.

****

1986-cı ildə Leylanın qızı olur (Nəsrin), ailəsi Bin Əlinin bu ikili həyatından təsadüfən xəbər tutur – sürücü Fransadan qayıdan müdirinin baqajını ofisə yox, onun evinə aparır. Bin Əlinin xanımı şeylərin içindəki uşaq bezlərini görüb təəccüblənir və beləliklə, “Leyla – Bin Əli” dastanı artıq ailəsinə də məlum olur.

1987-ci ildə Tunis “Məcnun”u prezident seçilir, bir il sonra arvadından boşanır. Amma niyəsə Leylayla evlənməyə tələsmir.

Prezident rezidensiyasının yerləşdiyi Karfagen sarayına Bin Əli onu 1991-ci ildə gətirir. İlin sonunda Leyla yenə hamilə qaldığını və ultrasəs müayinəsində dölün oğlan göründüyünü deyir. Birinci arvadından da oğlu olmayan Bin Əli bu xəbərə möhkəm sevinir, 1992-ci ilin martında sevgililər evlənirlər, 4 ay sonra onların ikinci qızı dünyaya gəlir (Həlimə).

****

Beləliklə, artıq Leyla hakimiyyətdədir. Çox keçmədən saray onun nəzarəti altına keçir. Tədricən Trabelsi ailəsi iqtisadiyyatın bütün sahələrinə (turizm, sənaye, maliyyə, daşınmaz əmlak, kənd təsərrüfatı, tikinti, xarici ticarət) “əl qoyur”. Sürətli varlanma və iqtisadi sferada yüksək dövlət vəzifələrinə təyinatlar Tunisdə kriminal nepotist (ailə hakimiyyəti) idarəçilik sistemi formalaşdırır. Bin Əlinin 3 qardaşı, onların övladları, birinci arvadından olan 3 qızının ərləri də bu sistemdə təmsil olunurlar, amma bank “kreditləri” hesabına müxtəlif sahələrə (aviaşirkətlər, mehmanxanalar, avtomobil yığımı zavodları, avtomobil və daşınmaz əmlak satışı, turizm və sığorta şirkətləri, banklar və s. və s.) “sızan” Trabelsilər dörd il ərzində hamısını sıxışdırıb aradan çıxarırlar. Birinci ledinin qardaşı Bilhəssən zamanla ölkənin ən böyük biznesmenlərindən birinə çevrilir.

“Bir dəfə Bilhəssən Trabelsi bizə gəlib dedi ki, evinizin yarısı mənə məxsusdur. Halbuki o ev hələ 19-cu əsrdən ailəmizin mülküydü. Məhkəməyə müraciət etdik, amma uduzduq, çünki Bilhəssənin göstərişiylə kadastr məlumatları saxtalaşdırılmışdı. O bununla da kifayətlənmədi, buranın havası da mənə məxsusdur deyib qonşuların pəncərələrini bağlatdırdı” – Tunisin məşhur ailələrindən birinin nümayəndəsi Səlma Jabss sonrakı illərdə jurnalistlərə belə demişdi.

Etnoqrafiya muzeyinin qurucusu, Fransa əsilli Anri Heldotunsa evi yox, evinin yeri Bilhəssənin xoşuna gəlir. Anri ildə bir dəfə gəlib baş çəkdiyi evinə nəzarəti gözətçiyə həvalə etmişdi. Bir gün polis gəlib gözətçini evdən çıxarır, prezidentin ərköyün qaynı evi sökdürüb yerində anası Səidə üçün möhtəşəm villa tikdirir. Heldotlar ailəsi ancaq 5 ildən sonra – Jak Şirakın məsələyə müdaxiləsindən sonra kompensasiya ala bilirlər.

Birinci ledinin başqa bir qardaşı – Murad Trabelsi isə İtaliya mafiyasıyla əlaqə qurub ölkəyə kokain idxal edir (Məşhur narkomanlar arasında Leylanın digər qardaşının oğlu – biznesmen Aymed və onun “əyanları” da vardı).

Tədricən bütün ölkəni özəlləşdirən, uşaqları məktəbə gedəndə nömrəsiz maşınlarla yolları kəsib şəhərdə böyük tıxaclar yaradan, onların sinif otaqlarına gözətçilər düzən Trabelsilərin varidat hərisliyi sonrakı illərdə də səngimir, Bin Əlinin bütün prezidentlik dönəmi bu ailənin böyük miqdarda maliyyə vəsaiti, o cümlədən, daşınmaz əmlak əldə etməsiylə müşayət olunur. Hər ayın sonu birinci ledinin bütün qardaş və bacıları içində 200 000 – 300 000 dinar olan konvert alırlar.

****

Leyla Trabelsinin hakimiyyət ehtirası maddi “iştahasından” geri qalmır. O və ailəsi eyni zamanda siyasi strukturları da “işğal” etməyə başlayırlar. Bin Əlinin əvvəlki arvadına yaxın olan nazirlər bir-bir işdən çıxarılır, yerinə birinci ledinin kadrları gətirilir. Məsələn, Leylanın rəfiqəsi Alya Abdullah ölkənin ən qədim maliyyə institutlarından olan Tunis Bankına rəhbər təyin edilir, Bilhəssən bankın İdarə Heyətinə daxil edilir, tibb bacısı kursunda təhsil almış bacısı Nacet Trabelsiyə həm deputat mandatı, həm də “Xeyrəddin” xəstəxanasının baş həkimi vəzifəsi verilir.

O sırada iyirmi nəfər maskalı şəxs birinci ledinin ən böyük düşmənlərindən birinin – onun Bin Əliylə evlənməsinə qarşı çıxmış Kamil Əltaifin (prezidentin qardaşının) sənaye bölgəsindəki binasına basqın edib onu yandırır, polis rəsmi açıqlamasında yanğının səbəbinin tapılmadığını bildirir. Kamil Əltaifin Karfagen sarayına girişi qadağan olunur, daha ciddi cəzadan onu amerikalılarla köhnə əlaqələri xilas edir.

Təhlükəsizlik xidmətinin əməkdaşları bir-birinin ardınca birinci ledinin komandasına daxil edilirlər. Onlara əmr olunur ki, birinci lediylə məsləhətləşmədən heç bir sənədi prezidentə göndərməsinlər.

Leyla Trabelsi hakimiyyətin bütün həlqələrinə nəzarət edə bilmək üçün nüfuzlu və vəzifəli şəxslərlə qohumluq əlaqələri yaradır: Karfagen aeroportunun direktoru Biaini arvadından boşatdırıb qardaşı qızıyla evləndirir; ərinin qohumlarını neytrallaşdırmaq üçün Tunisin ən nüfuzlu adamlarından biri Hədi Cilaninin qızını Bin Əlinin qardaşı oğluna alır; qızları Nəsrin və Həliməni ölkənin iki məşhur ailəsinə ərə verir; qardaşı Bilhəssən arvadını boşayıb Cilaninin ikinci qızıyla ailə qurur.

Amma nə iqtisadi, nə də siyasi qələbələr birinci ledinin mənfi reputasiyasını dəyişə bilir. Cəmiyyət onu “işğalçı" məşuqə “Leyla Cin” olaraq görməkdə davam edir. Onun hətta Karfogen sarayına köçəndən sonra da özünə sadiq qalması (əvvəl “Tunisair” şirkətinin baş direktoruyla, sonra da bir polis generalıyla münasibətdə olması) barədə şaiyələr dolaşır. Doğrudur, prezidentin özü haqqında da müxtəlif söz-söhbətlər vardı – narkotik alverinə görə Fransa məhkəməsinin 10 illik qiyabi həbs cəzası kəsdiyi qardaşı Mönsef Bin Əlinin müəmmalı ölümündə onun da əli olduğu deyilirdi; bir neçə siyasi qətl hadisəsində də adı hallandırılmışdı; ölkə idarəçiliyinin ailə mafiyası halına gəlməsində əsas günühkarlardan biri də Bin Əli hesab olunurdu. Amma Tunis xalqı üçün birinci günahkar məhz birinci lediydi.

****

Leyla Trabelsinin şəxsi həyatı haqqında yazmaq çox təhlükəliydi. Məsələn, Fransada yaşayan müxalif mövqeli jurnalist Slim Baggi baş redaktoru olduğu «L'Audace» (“Cəsarət”) qəzetində birinci ledinin Paris macəraları, ordakı məşhur mağazalardan alış-verişi haqqında məqalələr dərc edəndə Bin Əli onu ölümlə, Fransanı isə diplomatik əlaqələrdən, o cümlədən terrorizmə qarşı əməkdaşlıqdan imtinayla hədələmiş, hökumət qəzetin nəşrinə qadağa qoymaq məcburiyyətində qalmışdı (2007).

Amma iki il sonra fransızlar daha cəsarətli davranırlar. Birinci ledi fransız jurnalistlər Nikolya Bo və Ketrin Qrasietin birgə yazdıqları “Karfagen regenti” kitabının “böhtan və təhqirlərə görə” qadağan edilməsi xahişilə “Tribunal-de-Qrande” məhkəməsinə müraciət edəndə məhkəmə onun özünü cəzalandırır – hüquq fakültəsinin məzunu Leyla Trabelsi “cinayət məsuliyyəti yaradan qanun maddəsini göstərmək öhdəliyini yerinə yetirmədiyi” üçün 1500 avro məbləğində cərimə edilir.

Tunisdə çapına ancaq 2011-ci ildəki “yasəmən inqilabı”ndan sonra icazə verilən o kitabda müəlliflər bu suallara cavab axtarıblar: “Leyla Trabelsi kimdir? Əyləncə həvəskarı, Tunisin pullu kişilərinə həvəslə xidmət edən təcrübəli fahişə, yüksəlmək üçün bəzi əxlaq normalarını pozmuş bir xanım, yoxsa romantik görüşləri sosial vəziyyətini yaxşılaşdıran gənc və ambisiyalı gənc qadın?”

****

Leyla Trabelsi “sosial vəziyyətini” yaxşılaşdırmaq üçün sonradan həm də bir oğlan doğmuşdu (Məhəmməd) – 2004-cü ildə ABŞ-a rəsmi səfər zamanı 68 yaşlı prezident 48 yaşlı arvadıyla birlikdə Kaliforniyanın məşhur xəstəxanalrından birinə gedib uşağın cinsiyyətini əvvəldən müəyyən etmək xidmətindən yararlanmış, 2005-ci ildə birinci ledi əri üçün, nəhayət ki, varis dünyaya gətirmişdi. Amma Məhəmməd hələ balacaydı, ona görə də prezidentliyə birinci ledinin özünün namizədliyi məsələsi də gündəmdəydi.

Elə həmin il birinci ledi ad günü hədiyyəsi olaraq ərindən “oğlunun və bütün ailənin təhlükəsizliyini təmin etməsini” istəyir, Bin Əli “prezidentə verilən bütün imtiyazların prezident ailəsinə də şamil edilməsi” haqqında qanun qəbul olunması haqqında göstəriş verir, dərhal parlamentin növbədənkənar sessiyası çağırılır və deputatlar yekdillilə bu qanuna “hə” deyirlər.

Bir müddət sonra ərində prostat xərcəngi aşkar edilməsi Leylaya o hələ sağkən prezident kimi davranmaq fürsəti yaradır. Bin Əli arıtq “yarım ştat prezident” hesab olunur. O, səhərlər Karfagen sarayına gedib masasının həftələrlə silinməyən tozuna toz qatıb günorta geriyə – 5 dəqiqəlik məsafədə yerləşən, ağ mərmərdən tikilmiş möhtəşəm Sidi-Drif sarayına qayıdır, günortadan sonra Məhəmmədlə oynayır, axşam da Leyla və Bilhəssənlə ailə biznesinə aid məsələləri müzakirə edib onların hazırladıqları sənədlərə möhür vurur.

Bu, Trabelsilər klanının artıq bütün strukturları nəzarətə götürməsiylə nəticələnir: Prezident Administrasiyasını, hökuməti, dövlət bankını, böyük dövlət kompaniyalarını, şəxsi şirkətləri – qısası, “dişə dəyən” hər şeyi. Milyonlarla dollarlıq kreditlər, “yağlı” dövlət layihələri bircə zənglə Trabelsilərə peşkəş edilir.

Gün-gündən güclənən birinci ledi getdikcə həm də qəddarlaşır. Saray eşikağası Lütfi Bin Çruda sonrakı illərdə yazdığı “Kraliçanın kölgəsində” kitabında Leyla Trabelsinin saray xidmətçilərinə və hətta prezidentə qarşı da amansız davrandığını, bəzən hətta onu da vurduğunu qeyd edir.


(ardı var)

Ana səhifəXəbərlərLeyla Bin Əli – Tunisin keçmiş birinci ledisi və yarımştat prezidenti