Mərhəmət hissindən məhrum hakimiyyət talançı və qəddar, təpəgöz məmur-deputat yığını acgöz və yaltaq, itirməyə heç nəyi qalmayan əhali qorxaq və hüquqsuz… Bir tərəfdə harınlıq və qudurğanlıq, o biri tərəfdə ehtiyac və yoxsulluq həyat tərzinə çevrilib. Haqdan-ədalətdən danışmaq desən, birinci elə əzilənlər “hökumətlə hökumətlik etmək olmaz”, “bunlar yenə yeyib-doyublar” və sair klassik arqumentlərlə adamı itdən peşman edərlər. Bircə həftədən sonra isə hökumətin tox təmsilçiləri tərəfindən doyunca incidilib ərizə yazdırmaq üçün yanına gələrlər…
Mən bu kinonu çox görmüşəm. O ərizələri də özümə işgəncə verə-verə dəfələrlə yazmışam. Nəticəyə inandığıma görə deyil, anadangəlmə “yox” deyə bilməmək zəifimə gorə. Möcüzə ümidiylə sidq-ürəkdən yazdıqlarım da olub. Çarəsiz duruma salınmış ləyaqət sahibinin haqqının yerdə qalmaması üçün sözün bütün gücünü tökmüşəm sətirlərə. Mən hakimiyyətə inanmasam da, ərizəçi mənim simamda sözün gücünə inanıb. Amma nə xəcalətlər ki, tükürpədən o həyat hekayəsi də minlərlə başqa ərizələrin sırasında standart, şablon bir cümlə ilə xətm olunub. “Şansınızı bir daha sınayın!” loto oyunundakı kimi…
Günlərin bir günü o adam təkrar qapımı döyəndə çox sıxıldığımı görüb neçə ay əvvəl ona dediklərimi özümə qaytarıb. Daha onların olmayan tut ağacının son məhsulundan mənə pay gətirən adama görə artıq o zaman hökumət adlı qurum mövcud deyildi. Hökumətlə birgə xof da itmişdi. İnam barədə söhbət gedə bilməzdi. Mənim zərif qəhrəmanımın gözündə hökumətin ali kürsüsündənsə, rüşvətini alıb günahsız övladını türmənin ağzından çıxardan orqan işçisi mün dəfə etibarlıdır. Çünki bütün ümidlərini işin sübutlarına bağlayıb göndərdiyi yuxarılardan imdad uman ana məhz ordan aldığı cavabsızlıqdan sonra həyətini hərraca qoyur. Nəticədə həyət əldən getsə də, səhhətində ciddi problem olan övladı şərdən-böhtandan qurtulur. Bütövlükdə ailə isə dövlət təminatı adı ilə illərlə beyinlərinə yeridilən yalanlardan.
Özbaşınalığın, qanunsuzluğun, cəzasızlığın tam hakim olduğu bu ölkədə insanlar canlarını dişlərinə tutub kəndir üstündə gəzirlər. Cüzi müvazinətini itirdinsə, gerçək uçuruma yuvarlanacaqsan. Sınıb-ovxalanan, ölüb-itən vətəndaşlara görə hakimiyyət cavabdeh deyil. Satılası həyət də qalmayıb.
Yazılanların ürəkaçan olmadığının fərqindəyəm. Buna rəğmən əlillik dərəcəli cavan olmayan biri olaraq hətta mən nikbinəm. Niyəmi? Yaranın dərinliyi aşkara çıxdıqca, müdaxilə qaçılmaz olur və tezləşir. Vəziyyətin ağırlığını görməsək, nə etməli olduğumuzu hardan bilərik? Qanqren həddinə çatdırılmış Vətənin yaraları məhrəm əllərlə sarılmalıdır. Kənardan kimsə gəlib bizə vətən yığmayacaq.
Mən əslində yüngül bir yazı yazmaq istəyirdim. Rəsmi dövlət kanalımız AzTV ilə bağlı yumor dolu qədim, şirin bir xatirəm vardı. Sadəcə illəri dəqiqləşdirmək üçün sevincək internetə axtarış verəndə qarşıma çıxan xəbərlərdən qanım dondu:
“AzTV sədri “Arif Alışanovun işi” Prezidentin nəzarətində”, “Alışanov gəzdiyi qızlardan birini dağdan atıb öldürdü”, “AzTV sədrinin 5 milyonluq özünüifşası”, “Məhkəmədə: Arif Alışanov kürəkənin gəzdiyi qızı öldürmüşdü” və sairə bitməz şeylər. Heç demə, qamarladığı sərvətin dəyəri milyonları tüstülədən Alışanov bizim maaşla dolanan kasıb AzTV-nin rəhbəri imiş.
Xəbərləri oxuduqca, qorxudan gülməli əhvalat yadımdan çıxdı. Çıxmasa belə, Alışanovun bunca həngamədən sonra hələ də rahatca başında oturduğu idarə ilə heç bir əlaqəm olmaz. İndicə baxdım, daha yaddaşımda, ümumiyyətlə, AzTV-dən əsər-əlamət yoxdur. Allah qorusun, biznesmen adamdır, xatirə yazısı nə bilir? İdarəsinin adını görüncə gözünü qan tutar…
Mənə qalsa, heç axşam düşəndən sonra AzTV-yə baxmaq məsləhət deyil. Nə də olsa xalqın anası-bacısı, ahılı-uşağı var…
Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.