İlham İbadov

Mənbə: Foto: Meydan tv

Başlıq: İlham İbadov

Lerik sakini: Vilayət Eyvazovun qəbulunda oldum, evimi əlimdən aldılar

Məqalə yeniləndi:  26 Noyabr 2019

“Rövşən Bağırov, prezident səni rayona göndərməyib ki, ona-buna sataşasan”

“2009-cu ildə Lerik şəhərinin mərkəzində, sosial binada mənə üçotaqlı ev verilib. Mənzili alan zaman sənədə Lerik Rayon İcra Hakimiyyətinin beş nəfər rəsmi nümayəndəsi qol çəkib. Sənəddə göstərilir ki, binadakı mənzillərin orderləşdirilməsi, rayon mənzil-istismar sahəsinin balansına verilməsi prosesləri tamamlanadək ev mənim hüquqi mülkiyyətim hesab edilir.

Əlimdə sənədim olsa da, on ildən sonra, bu il sentyabrın 25-də Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov tərəfindən evim əlimdən alınıb. Daha doğrusu, cəngəllik qanunları ilə hərəkət ediblər, pusquda durublar, həyat yoldaşımla mən evdən çıxan kimi, gəlib açarları dəyişiblər”.

Bu sözləri Meydan TV-yə Lerik şəhəri, Həzi Aslanov küçəsi ev 12, mənzil 18 ünvanında yaşayan İlham İbadov deyir. O, iddia edir ki, mənzilinin zorla əlindən alınmasına Daxili İşlər Nazirliyinin Lənkəran şəhərində keçirilən qəbulunda iştirakı səbəb olub:

“Bu il sentyabrın 24-də daxili işlər naziri Vilayət Eyvazov Lerikdə sakinlərlə görüşürdü, mən də onun qəbulunda oldum. Qəbul prosesində bir neçə əlavə general və polis rəisi də iştirak edirdi. Lerik Rayon İcra Hakimiyyətində baş verən korrupsiya halları ilə bağlı danışdım, dedim ki, bu rayon quldurlar məkanıdır. Səhəri gün həyat yoldaşımla mən evdə olmayanda gəlib mənzilin açarlarını dəyişiblər. Qonşulardan soruşdum, dedilər ki, Lerik Rayon İcra Hakimiyyətinin işçiləri gəlmişdi, yanlarında polis sahə inspektoru Həşimxan Fərziyev də olub.

Vətəndaşın evinə girmək üçün məhkəmə qətnaməsi, qərarı olmalıdır. Onların əlində heç bir sənəd olmadığı halda evimə hansı əsasla giriblər? Evdə həyat yoldaşımın bahalı əşyaları, əmlakımız olub. Mənzilimi əlimdən almağı onunla əsaslandırdılar ki, guya ev mənə müvəqqəti verilibmiş. Halbuki, yaşadığım evə order verilənə qədər mənzil mənim hüquqi mülkiyyətimdir. Bina 16 mənzildən ibarətdir, orada yaşayan ailələrin heç birinə order verilməyib.

Binamızdakı mənzillərə order verilənədək mənim həmin evdə yaşamaq hüququm var. Evimin qapısı məhkəmə qətnaməsi olmadan nə üçün sındırılmalı, açarları da başqasına verilməlidir? Hazırda evimdə başqa bir ailə yaşayır.

Onlarla danışmağa çalışmışam, amma nəticəsiz qalıb. Əgər bu on ildə orada qanunsuz yaşayırdımsa, kor idilər, bunu görmürdülər? Niyə mən daxili işlər nazirinin qəbuluna gedən kimi gördülər? Qəbulda rayonda baş verən korrupsiya halları ilə bağlı danışmışam. Gəlib, yoxlasınlar, araşdırsınlar. Belə çıxır ki, ölkə vətəndaşları heç kimə dərdini deməməli, şıkayət etməməlidir? Rövşən Bağırov, prezident səni rayona göndərməyib ki, ona-buna sataşasan”.

Təhkim aktı

Təhkim aktı

Mənbə: Foto: Meydan tv

Şikayətçi evinin alınması ilə bağlı Lerik rayonun hüquq-mühafizə orqanlarını məlumatlandırıb:

“Həmçinin, Milli Məclisə, Prezidentə, Birinci vitse-prezidentə, Baş nazirinin birinci müavini Əli Əhmədova, Prezidentin köməkçisi Əli Həsənova, Milli Məclisinin sədr müavini Bahar Muradovaya, Prezident Adminstrasiyasına yazılı, şifahi və teleqramla müraciətlər etmişəm. Bu günə kimi əsaslı tədbir görülməyib.

Hazırda Lerikin Züvüc kəndində, atamın evində məskunlaşmışam. Şəraitsiz vəziyyətdə yaşayırıq. Həyat yoldaşım onkoloji xəstədir, üstəlik, ikinci qrup əlildir.

On il yaşadığım evə elektrik, qaz, telefon xətti çəkdirmişəm. Hətta həyətdə anbarla yanaşı, su çəni tikdirmişəm. Sentyabrdan bu yana evimizdəki əşyalardan xəbərimiz yoxdur”.

Polis sahə inspektoru Həşimxan Fərziyev Meydan TV əməkdaşı ilə söhbətində olayı təsdiqləsə də, məsələ ilə bağlı açıqlama vermək istəmədiyini bildirib.

Lerik Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Arzu Vəliməmmədova Meydan TV-yə açıqlamasında qurumun məsələyə münasibət bildirməyəcəyini söyləyib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  26 Noyabr 2019
Bölmələr:  
qısa linklər:   http://mtv.re/g1fz2r

Ən çox baxılan