Pənah Mirzəyev 20 sutka həbs olunub
Lerik rayonunun Noda kənd sakini Pənah Mirzəyev yanvarın 11-də 20 sutkalıq həbs cəzası alıb. Həyat yoldaşı Rəqsanə Mirzəyeva və qonşu kənddə yaşayan hüquq müdafiəçisi Elxan Mirzəyev iddia edir ki, Pənah Mirzəyev icra hakimiyyətinin qanunsuzluğu ilə mübarizə apardığı üçün şərlənib.
“Taxıl yığımı başlayanda məmurlar dilənçi kimi qonur məhsulun üstünə”
“Pənah Mirzəyev işguzar adamdır. Onun kiçik bir tarlası və 12 inəyi var. Kənd yerində elə düşüncə var ki, birinin 12 inəyi varsa, deməli varlıdır. Məhz belə kəndlilər də icra nümayəndələri, bələdiyyələr, məhkəmələr və polislər üçün “hesab” yığmaq mənbəyidirlər. Gəlib kəndliyə deyirlər ki, bir qonaqlıq ver, 30 kq yağ ver, məhsulundan filan qədər ver. Taxıl yığımı başlayanda məmurlar dilənçi kimi qonur məhsulun üstünə. Pənah təxminən ilyarımdır ki, məmurlara öz məhsulunu verməkdən imtina edib. Deyib ki, xeyir ola, işləyən mən, yeyən siz? Onun həbsi siyasi motivlidir. Pənah nümunəvi bir vətəndaşdır. Məhsul alanda qəbz tələb edib, polis əməkdaşları maska taxmayanda onlara iradını bildirib. Ondan rüşvət istəyən qurumları prezidentə şikayət edib. İşsizlik ilə bağlı da dəfələrlə prezidentə müraciətləri olub”,- deyə şikayət ərizələrini yazmaqda sahibkara kömək edən Elxan Mirzəyev bildirib.
“İnsanlar şəxsiyyət vəsiqəsi almaq üçün 20 manat pul verir”
Elxan Mirzəyev 7 ildir ki, Lerik rayonuna köçüb. Əvvəllər jurnalist kimi fəaliyyət göstərib. O, bu illər ərzində məmur özbaşınalığı ilə mübarizə apardığını deyir. Onun müşahidələrinə görə, Lerikdə insanlar öz sadə hüquqlarını bilmədiyi üçün məmurlar onları soyur:
“Rayona gələndə ətrafımda olan heç kim hüququnu bilmirdi. Bələdiyyələr, icra hakimiyyəti adi bir arayış üçün pul istəyirdi. Xeyli insana başa salmışam ki, bu kimi sənədlər pulsuz verilməlidir. Təsəvvür edin, Lerikdə Asan Xidmət yoxdur, insanlar şəxsiyyət vəsiqəsi almaq üçün 20 manat pul verir”.
“Rüşvətlə, korrupsiya ilə mübarizə aparanda insanı rahatca şərləyəcəklər?”
Pənah Mirzəyevin yolunu gözləyən 3 uşağı və həyat yoldaşı var. Həyat yoldaşının fikrincə, əri rüşvətlə mübarizə apardığı üçün həbs edilib:
“ Pənahın şizofreniyadan əziyyət çəkən bacısı var, xəstəxanada qeydiyyatdadır. İcra nümayəndəsi həyat yoldaşımı şərləmək üçün xəstə bacısının beynini doldurub ki, güya Pənah onu döyüb. Əslində elə bir şey olmayıb, bu qadın ruhi xəstədir. Onu öyrədib qardaşının üstünə salıblar. Hadisədən əvvəl 4-5 gün icra nümayəndəsinin evində qalıb. Məhkəməyə sübut kimi təqdim olunan saxta ekspertiza rəyini isə icra nümayəndəsinin qardaşı Mirkamal verib. Bir nəfər də saxta şahid tapıblar. Biz indi nə edək? Düz yaşayan adam olanda, rüşvət verməyəndə, korrupsiya ilə mübarizə aparanda insanı rahatca şərləyərlər?”
Zərər çəkdiyi iddia olunan Cəmilə Mirzəyeva hazırda ambulator müalicə alır. Yaxınları deyir ki, xəstəliyi olduğu halda onun adı uşaq bağçasına işçi olaraq yazılıb. Rəqsanə Mirzəyevanın sözlərinə görə, onun həyat yoldaşına da təklif olunub ki, 2 min manat gətirsələr, onun adını da uşaq bağçasına işçi kimi yazarlar. Pənah Mirzəyev imtina etdikdə məmurların qorxduğu adama çevrilib.
Pənah Mirzəyevə sovqat və isti geyim aparmaq istəyən həyat yoldaşı deyir ki, bu dəfə də maneə ilə rastlaşıb. Ombudsman Aparatına şikayət etdikdən sonra ona əri ilə görüş icazəsi verilib.
Həyat yoldaşının sözlərinə görə, Pənah Mirzəyevə özünü müdafiə haqqı da tanınmayıb. O, özünə vəkil tutmaq istəsə də, imkan verilməyib, dövlət tərəfindən təyin edilən vəkili qəbul etməyə məcbur olunub. Məhkəmə prosesi 10 dəqiqə çəkib.
Pənah Mirzəyev görüşdən sonra xanımına bildirib ki, o, vəkilindən razı deyil və müdafiə hüququnun əlindən alındığını düşünür.
Lerik Rayon İcra Hakimiyyətindən məsələyə münasibət bildirmək istəməyiblər