Lənkəranın ucuz və bahalı termal suları

Hər iki sanatoriya Haftoni kəndində yerləşir ki, kəndin adı talış dilindən tərcümədə “yeddi bulaq” deməkdir. Yerli sakinlər bu bulaqları “möcüzə su” adlandırırlar və onun şəfa verdiyinə inanırlar.

Source: Мейдан ТВ

Lənkəran rayonu ölkənin cənubunda, Talış dağlarının ətəyində yerləşir. Bir tərəfi dağ, digəri tərəfi Xəzər dənizi ilə dövrələnib. Təbiəti zəngin olan rayon termal suları ilə də məşhurdu. Hələ Sovetlər dönəmindən rayonda “İsti su” və “İbadi İsti Su” sanatoriyası ilə istirahət mərkəzi fəaliyyət göstərib.

istisu.00_00_25_03.Still004.jpg
Lənkəran rayonunun Haftoni kəndi İyun 2019-cu il


Yeddi bulağı və iki sanatoriyası olan kənd

Hər iki sanatoriya Haftoni kəndində yerləşir ki, kəndin adı talış dilindən tərcümədə “yeddi bulaq” deməkdir. Yerli sakinlər bu bulaqları “möcüzə su” adlandırırlar və onun şəfa verdiyinə inanırlar.

Qəsəbə sadə kəndi xatırladır. Onun Azərbaycanın digər kəndlərindən o qədər də fərqi yoxdu. Yerli camaat əkin-biçinlə məşğul olur, ev heyvanları saxlayır. Turistlər üçün nəzərdə tutulan hər hansı suvenir dükanına da rast gəlinmir.

istisu.00_01_50_17.Still014.jpg
Lənkəranda termal su bulağı İyun 2019-cu il

“Lənkəranda müalicəvi isti su bulaqlarının olmasını keçmişdən bilirdik. Sovetlər vaxtı burada sanatoriya vardı. Orda da Rusiyadan, başqa ölkələrdən turistlər gəlirdi. Müalicəvi əhəmiyyəti bədən ağrıları idi, revmatizm ağrıları, camaat gedirdi ora. Yerlər hazırlanmışdı, kişilər “otdelnı”, qadınlar üçün də “otdelnı” idi” – deyir, Lənkəran şəhərində yaşayan Zabil Nəcəfov.

“İsti su” 1958-ci ildə açılıb. 1974-cü ildə isə sanatoriya ərazisində dördmərtəbəli bina tikilib. SSRİ-nin süqutundan sonra sanatoriya işini 2010-cu ilə qədər davam etdirdi. Daha doğrusu, yerli sakinlər termal suların qaynadığı hovuzlarda vanna qəbul ediblər. 2018-ci ilin oktyabrında isə köhnə sanatoriyanın yerində yeni, doqquzmərtəbəli Lənkəran isti su və sağlamlıq mərkəzi açılıb.



İsti Su”da “yüksək səviyyəli” bahalı xidmət

“Lənkəran İsti su” sanatoriyası mühafizə olunur, içəri keçəcək vətəndaşlardan nə üçün gəldikləri soruşulur. Sanatoriyanın binası yaşıllıq içində üzən gəmini xatırladır. Foyesində Lənkəran meşələrinin bəzəyi olan dəmirağacın xüsusi hazırlanmış təbii maketi yerləşdirilib.

Sanatoriyanın içi sakit və genişdi. İstirahətə gələnlərin çoxluğu hiss olunmur. Sanatoriyada iki dəfə qidalanmaqla standart balkonlu bir gecəlik qiymət həftəiçi 215 (126$), həftəsonu 235 (138$) manatdır. Bu məbləğə isti su vannaları daxil deyil.

Hər kəsin cibinə görə olan bərpa olunmuş Sovet sanatoriyaları



Ucuz və keyfiyyətli “İbadi”dədir”

Sanatoriyadan çıxıb qəsəbə sakinlərinin nişan verdiyi İbadiyə üz tuturuq. Sovet dönəmində bir neçə hovuzu olan İbadidə yerli sahibkar hovuzların sayını artırıb.

Ümumilikdə, buradakı infrastruktur “İsti Su”dan xeyli fərqlənir. Dağlıq ərazidə yerləşən istirahət mərkəzinə gedən yol asfaltlanmayıb. Qiymətlər də çox ucuzdur. Bir dəfə vanna qəbulu üç manata (2 dollar) başa gəlir.

Qiymətlər də əlverişlidir. Belə ki, bir dəfə vanna qəbulu üç manata başa gəlir.

Gələnləri xoş üzlə qarşılayıb, onları hovuzlara yönəldən mərkəzin işçisi Cəmil Əmirovdu. C.Əmirov 2006-cı ildən orada çalışır. O deyir ki, nəticə əldə etmək üçün mərkəzə gələnlər bu işi hər il davam etdirməlidirlər: “Camaat da gəlib revmatizma, duz, soyuqdəymə xəstəliklərindən müalicə alırlar. Suyun tərkibində də minerallar çoxdu. Bunu yoxlatdırmışıq da”.

Hovuzlara su birbaşa meşədəki termal bulaqlardan dolur. Mərkəzə burada bina tikmək üçün icazə verilmədiyindən o, kurort və ya sanatoriya kimi fəaliyyət göstərmir. Bu səbəbdən də gələnlərin yalnız vanna qəbul edə biləcəyi istirahət mərkəzi kimi fəaliyyət göstərir. Buna baxmayaraq, gələnlərin sayı “İsti Su”yu seçənlərdən az deyil.

istisu.00_01_24_21.Still011.jpg
“İsti Su” sanatoriyasında hovuz İyun 2019-cu il

“Bu suyun oynaqlara xeyri çoxdur. Gəlsinlər, əlbəttə gəlsinlər. Gəlməlidirlər ki, bu sudan istifadə etsinlər. Həm ucuzdur, həm də keyfiyyətli” – vanna qəbul etdikdən sonra mərkəzdəki çayxanada çay içən qonaqlardan biri deyir.

“On beş ildir, bura gəlirik. Bax, ayağımızda olan ağrılar gedib, əlimizdə olan ağrılar gedib. Əlimiz keyiyirdi, ayağımız keyiyirdi, o keyimiz açılır. Mədə-bağırsağa yaxşı təsir edir, qadın xəstəliklərinə çox təsiri var” – 85 yaşlı Ofeliya Allahverdiyeva deyir.

O.Ağaverdiyeva gördüyü xidmətdən və qiymətlərdən razıdır: “Razıyıq. Ucuzdur, çox gözəl xeyiri var. Heç üç manatlıq xidmət deyil”. Allahverdiyeva Bakıdan gəlib və kənddəki qonaq evlərindən birində qalır. Onun sözlərinə görə, açıq havada bu cür istirahət etməsi daha çox ürəyincədir, nəinki sanatoriyada. Onun üçün müalicə istirahətdən önəmlidir.

Müalicəvi istirahət mərkəzlərinin bərpası “ölkənin iqtisadi potensialının nümayiş etdirilməsi və daha çox xarici turistin cəlb edilməsi” devizi altında aparılır. Ancaq Lənkəranda xarici turistlərlə nə rastlaşdıq, nə də söhbət edə bildik.

"Mediaşəbəkə"nin dəstəyi ilə.

Ana səhifəSosialLənkəranın ucuz və bahalı termal suları