Lənkərandakı həbslərin detalları açıqlanıb

Foto: Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi

İttihama görə, vəzifəli şəxslər rüşvət alarkən tutulub

Lənkəran Rayon İcra Hakimiyyətində oktyabrın 4-də keçirilən əməliyyatın detalları açıqlanıb. Əməliyyat nəticəsində icra hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin müdiri – baş memar Elgün Abdullayev və Lənkəran Şəhər Rayonlararası Psixiatriya Xəstəxanasının şöbə müdiri Nəsrəddin Nuriyev saxlanılıb. Bu barədə Meydan TV-yə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, Korrupsiyaya Qarşı Mübarizə İdarəsi əməliyyatı vətəndaşlardan daxil olmuş şikayətlər əsasında keçirib. Prokurorluğun məlumatında iddia olunur ki, həm memar, həm də xəstəxananın şöbə müdiri rüşvət alarkən tutulub.

“Elgün Abdullayev rayon ərazisində tikilmiş yaşayış evi və qeyri-yaşayış sahələrilə bağlı sənədləşmənin aparılması, layihələrin təsdiqlənməsi üçün ona müraciət edən vətəndaşlardan müxtəlif məbləğlərdə rüşvət tələb edərək almasına əsaslı şübhələr müəyyən edilib. Eləcə də, Nəsrəddin Nuriyevin vətəndaşa xəstəliklə əlaqədar epikrizin təqdim edilməsi, yalan məlumatlar daxil etdiyi sənədin həmin şəxsə əlillik dərəcəsinin təyin olunması məqsədilə müvafiq elektron sistemə göndərilməsi müqabilində rüşvət alması əsaslı şübhələr müəyyən edilib”, – prokurorluğun məlumatında yazılıb.

Elgün Abdullayev və Nəsrəddin Nuriyevə Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsilə ittiham irəli sürülüb. Nəsrəddin Nuriyevə bundan əlavə 313-cü (vəzifə saxtakarlığı) maddəsilə də ittiham verilib.

Meydan TV-nin əldə etdiyi məlumata görə, oktyabrın 6-da Binəqədi Rayon Məhkəməsində Elgün Abdullayevin istintaq dövründə həbsdə saxlanması haqda prokurorun təqdimatına baxılıb. Hakim Aynurə Sadıqova təqdimatı təmin edib, onun barəsində ilkin istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Nəsrəddin Nuriyevin isə istintaq dövründə ev dustaqlığında qalmasına qərar verilib.

Bu iş üzrə istintaq Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində aparılır.

Ana səhifəBölgəLənkərandakı həbslərin detalları açıqlanıb