”Bağçada yeyinti olduğunu, şorbanın üzündə bit olduğunu dediyim üçün məni işdən çıxardılar”
Lənkəran şəhər 5 saylı Körpələr evi-uşaq bağçasında tərbiyəçi işləyən Nuridə Mirzəyeva qanunsuzluqla üzləşdiyini deyir.
5 ildir tərbiyəçi vəzifəsində işləyən Nuridə xanımın sözlərinə görə, həmin bağçanın müdirəsi Aybəniz Hüseynova vəzifə səlahiyyətlərindən sui-istifadə edir:
“İşlədiyim bağçada ümumilikdə 150 uşaq tərbiyə edilir. Mənim qrupumda isə 25 uşaq var idi. Dəfələrlə mənim qrupumdakı uşaqların valideynlərindən şikayətlər alırdım. Son bir neçə ayda bağçada mənimsəmə olduğunu görürdüm. Uşaqların qidalanması üçün dövlət tərəfindən verilmiş ərzaqların “yoxa çıxdığını” görüb, müdirə Aybəniz xanıma iradımı bildirdim. O da mənə “kimə istəyirsən şikayət elə, mənim oğlum prokurorluqda işləyir,”- dedi”.
Uşağı xəstələnən valideyn müdirədən yox, müəllimədən cavab gözləyir
Nuridə Mirzəyeva əlavə edir ki, müdirə antisanitar şəkildə bişirilmiş yeməklər üçün valideynlərdən aylıq 20 manat da pul alırmış:
“Bağçada verilən keyfiyyətsiz yeməklərə, uşaqların yarıac qalmasına isə mənim heç bir cavabım yox idi. Aşbaz da deyirdi ki, mənə verilən ərzaqlarla ancaq bunları bişirə bilirəm. Noyabrın 25-də müdirə ilə mübahisəm isə artıq vəziyyətin dözülməzliyindən irəli gəlirdi. Həmin gün uşaqlara verilən şorbanın üzündə həşəratlar var idi. Bunu göstərəndə, dedilər: “nanədir, bit deyil”. Amma həmin günü o yeməkdə nanə olmadığına əminəm. Elə həmin gün Lənkəran Şəhər İcra Hakimiyyətindən Günəş Quluzadə bir neçə kişi ilə bağçaya gəldi. Mənə dedilər: “Sən burada ara qarışdırmaqla məşğulsan. Bizə şikayət gəlib ki, burada dava-dalaş olub”. Mən belə bir şey olmadığını dedim, digər işçilər də mənim dediyimi təsdiqlədilər. Amma bununla belə, mənim haqqımda əsassız araşdırmaya başladılar. Dekabrın 5-də isə icra hakimiyyəti işdən çıxarılmağımla bağlı əmr verdi. İşdən çıxarılmağıma səbəb Aybəniz Hüseynovanın qanunsuzluqlarına göz yummamağım olub. Bu məsələnin yenidən araşdırılmasını istəyirəm”.
Nuridə Mirzəyeva məsələni məhkəmədə həll olunmasını istəyib. Lənkəran Rayon Məhkəməsi dekabrın 29-da hazırlıq iclası keçirib. Növbəti məhkəmə prosesi fevralın 13-nə təyin olunub.
Xoşuna gəlmir uşağını götür, get
Meydan TV məsələni araşdırmağa çalışıb. Övladı həmin bağçaya gedən, adının açıqlanmasını istəməyən valideynlərdən biri deyib ki, həqiqətən də ayda 20 manat bağçapulu verir, amma uşaqlara verilən yeməkdən razı deyil. Dəfələrlə bu barədə bağşa müdirəsinə etiraz etsələr də, Aybəniz Hüseynovadan “xoşuna gəlmir, uşağını da götür, get” cavabını alıb.
İşdən çıxarılıb də, bunun nəyini yazacaqsız?
Aybəniz Hüseynovadan münasibət öyrənmək mümkün olmayıb. Meydan TV əməkdaşının çoxsaylı zənglərinə baxmayaraq, Aybəniz Hüseynova zəng edənin jurnalist olduğunu bilən kimi dəstəyi asıb.
İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Günəş Quluzadə isə bu barədə danışa bilməyəcəyini deyib:
“Özünüz də savadlı adamlarsız, bilirsiz ki, mən sıradan bir məmuram, rəhbərim var. Onun icazəsi olmadan mənim danışmağa haqqım yoxdur”.
Sözügedən şöbənin müdiri Rasilə Əliyeva gün ərzində telefona cavab verməyib. İcra Hakimiyyətinin özünü təqdim etməyən əməkdaşı onun işdə olmadığını deyib:
“Rasilə xanım işdə yoxdu, onun icazəsi olmadan da danışan olmayacaq. Aybəniz xanımı tanıyırıq, amma mənim ixtiyarımda deyil bu haqda danışmaq. Siz də onunla pisləşib özünüzə problem yaratmayın”.
İcra hakimiyyəti başçısının köməkçisi Elnur Hüseynov isə Meydan TV-yə deyib ki, Nuridə Mirzəyeva narazıdırsa, gedib Əmək Müfəttişliyinə şikayət eləsin:
“İşdən çıxarılıbsa, sizə niyə üz tutur? İşdən çıxarılıb də, bunun nəyini yazacaqsız?”
İki ay əvvəldən xəbərdarlıq edilmədən işçinin azad edilməsi, hüquq pozuntusudur
Təhsil üzrə ekspert Kamran Əsədov bu tip halların kütləviləşməsinin səbəbini icra hakimiyyətində görür. Ekspertin fikrincə, adıçəkilən qurum işçini işə götürsə də, onu işdən azad etmə səlahiyyətinə malik deyil:
“2011-ci ildən etibarən bağçalar Təhsil Nazirliyindən alınaraq yerli icra hakimiyyətlərinin balansına verildi. Bundan sonra bağçaların xidmətinin keyfiyyətində ciddi şəkildə enmələr müşahidə olundu. Yəni təkcə qida rasionu deyil, eyni zamanda tədrisin səviyyəsi tamamilə aşağı endi. 2011-ci ildən etibarən dövlət bağçalarında işə götürmə funksiyasını da icra hakimiyyətinin müvafiq şöbələri həyata keçirməyə başladı. Bundan sonra qanunvericiliyin tələblərinə zidd olaraq “Məktəbəqədər təhsil haqqında”
Azərbaycan Respublikasının Qanununda tələb olunan işə götürülən işçilərin ixtisaslı kadr olması tələbi ciddi şəkildə pozulmağa başladı. Belə ki, icra hakimiyyətləri müsabiqə və müsahibə keçirmədən işçiləri işə götürdülər. Əmək Məcəlləsinin 64, 70, 72, və 74 maddələrində işdən azadedilmənin qaydaları göstərilib. Yəni heç bir halda icra hakimiyyəti birbaşa işçisini işdən azad etmək səlahiyyətinə malik deyil. Ona görə ki, dövlət müəssisələrində çalışan hər bir işçi Həmkarlar Təşkilatının üzvüdür və onu işdən azad etmək üçün ilk növbədə Həmkarlar Təşkilatının rəyi alınmalıdır. Bundan başqa, işçini işdən azad etməmişdən ən azı 2 ay əvvəl ona bu barədə xəbərdarlıq edilməlidir. Düzdür, fors-major hallarda birbaşa əmək müqaviləsinə xitam verilə bilər. Yenə də bu, o demək deyil ki, icra hakimiyyəti kimisə hansısa bir fəaliyyətinə görə işdən azad edə bilər. Bu yaxşı hal deyil”.
Ekspert hesab edir ki, bu səlahiyyət yenidən Təhsil Nazirliyinin tərkibinə verilərsə, yaxud da ayrıca bir agentlik, qurum yaradılarsa, bu kimi halların sayı azalar:
“Həmin zərərçəkmiş şəxs isə Əmək Müfəttişliyinə müraciət etməlidir. Belə ki, onunla bağlanmış əmək müqaviləsinə xəbərdarlıqsız xitam verilməsi onun əmək hüququnun tapdalanmasıdır”.
Nuridə Mirzəyevaya göndərilən bildirişdə qeyd olunan bəndə uyğun olaraq, o, bundan sonra bu sahə üzrə işləyə bilməz. Kamran Əsədov isə deyir ki, tərbiyəçini bu maddə ilə işdən çıxarmaq onun hüququnun birbaşa pozulması anlamına gəlir:
70-ci maddənin ç bəndi ilə işdən çıxarma üçün çox ciddi səbəb olmalıdır. Bu maddə ilə işdən çıxarma o halda baş verir ki, işçi içkili şəkildə müəssisəyə gəlir, müəssisənin əmlakına ciddi zərər vurur, yaxud da mənimsəmə hallar olur. Bu isə indiki nümunəyə uyğun gəlmir. İşçini sözügedən maddənin ç bəndi ilə işdən azad edirlər, amma bilmirlər ki, həmin maddə ilə işçi çıxarılırsa, müəssisənin müdiri və müdir müavini də işdən azad edilməlidir. Bu şəxs yararsızdırsa, onu niyə işə götürüb, işlətmisiniz? Pozuntu elə buradan başlayır. Bizdə bəziləri Əmək Məcəlləsinin tələblərini bilmədən işçini götürürlər, amma bunun özü qanun pozuntusudur”.