Lənkəranda ər-arvad dəm qazından boğuldu

Dəm qazı. Mənbə: “saglamolun.az”

Qohumları cəsədləri səhər saatlarında aşkarlayıb

Lənkəranda ər və arvad dəm qazından boğularaq ölüb. Hadisə rayonun Kənarmeşə kəndində baş verib.
Qohumları aprelin 9-da səhər saatlarında Bağırovlar ailəsinin yaşadığı evə gedib və hər ikisinin meyiti tapılıb.

İlkin araşdırma zamanı 1974-cü il təvəllüdlü Qalib Bağırov və arvadı – 1979-cu il təvəllüdlü Nəfisə Bağırovanın dəm qazından boğulduğu müəyyənləşib.

Lənkəran Rayon Prokurorluğundan bildirilib ki, ər-arvadın ölümüylə əlaqədar səhlənkarlığa görə cinayət işi başlanıb.

“Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq, iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb. İbtidai istintaq aparılır”, – prokurorluqdan bildirilib.

Qohumlarının verdiyi məlumata görə, həm Qalib Bağırov, həm də həyat yoldaşı uzun illərdir Rusiyada yaşayır. Onlar bir neçə gün əvvəl övladlarının toy mərasimi ilə əlaqədar Azərbaycana gəlmişdi.

Bu qış Azərbaycanda bir ailənin iki üzvünün dəm qazından boğulmasıyla bağlı bir neçə hadisə baş verib.

Ana səhifəSosialLənkəranda ər-arvad dəm qazından boğuldu