Bələdiyyə: “Hətta icra başçısı ona dedi ki, şəhid ailələri istəsə, öz həyətindən də onlara torpaq verməlisən”
“30 ildən artıqdır istifadəmizdə olan pay torpaqları əlimizdən alınaraq şəhid ailəsinə verilib. Biz illərdir o torpaqların istifadəsi üçün vergi ödəyirik. Şəhid ailəsinə torpaq verilməsinə qarşı deyilik, boş torpaqlar var, onlara verilə bilər. Axı, bu yerin hesabına neçə nəfər dolanırıq”.
Bunu Meydan TV-yə Lənkəran rayonu, Cil kənd sakini Fərahim Tağızadə bildirib. O qeyd edib ki, torpağa dair sənədləri də var.
“Həmin torpaqlardan əkin sahəsi kimi istifadə edirdik, buğda əkməklə dolanırdıq. İndi deyirlər ki, xəritədə həmin ərazi boş yer kimi göstərilib. İcra hakimiyyəti və bələdiyyənin razılığı ilə torpaqlarımz əlimizdən alındı”,-şikayətçi deyib.
Fərahim Tağızadə söyləyib ki, torpaq yol kənarında yerləşir, satış üçün əlverişli ərazidədir:
“Bələdiyyə deyir: “Ərazi mənimdir, oraya girə bilməzsən”. Deyirəm ki, bunu təsdiq edən sənəd göstərin, deyirlər ki, sənəd “yuxarı”dır, onların göstərişidir. Sənədi göstərsinlər, biz də kənara çəkilək. 10 nəfər bu torpağın hesabına çörək yeyir”.
Şikayətçilər Lənkəran Rayon İcra Hakimiyyətinə də müraciət etdiklərini deyirlər. Qurumdan onlara bildirilib ki, ərazi elektron xəritədə bələdiyyə sahəsi kimi əksini tapıb:
“Dedik ki, bələdiyyə sahəsidirsə, mülkiyyətçi sənədi versinlər. Reyestr xidməti sahədə olub, 30 ildir istifadə edirəm. Gah da deyirlər ki, sürüşmə olub, ərazinin yeri dəyişib. Necə oldu ki, neçə ildən sonra indi sürüşdü, ərazi yerdəyişmə etdi?”
Cil kəndində 7 şəhid ailəsi var. Fərahim Tağızadə deyir ki, kəndin ehtiyat fonduna daxil olan ümumilikdə 7 hektar bələdiyyə torpağı var, həmin torpaqlar şəhid ailəsinə və qazilərə verilə bilər.
Cil kəndinin də daxil olduğu Şağlaser Bələdiyyəsindən isə bildiriblər ki, Fərahim Tağızadənin iddia etdiyi torpaq sahəsi bələdiyyə mülkiyyətidir. Bələdiyyə də həmin sahəni şəhid anasının istifadəsinə verib:
“Dəfələrlə icra başçısı ilə görüşüb. Hətta başçı ona dedi ki, hamımız onlara borcluyuq, istəsələr, öz həyətindən də onlara torpaq verməlisən. Bu, hamının borcudur”.
Bələdiyyədən onu da əlavə ediblər ki, şikayətçilərin sənədləri qaydasında olarsa, heç kim özəl mülkiyyətə müdaxilə edə bilməzdi:
“Tağızadə bələdiyyədən bütün rəsmi qurumlara şikayət edib, əl çəkmək istəmir”.
Lənkəran Rayon İcra Hakimiyyətindən Meydan TV-yə deyiblər ki, dəfələlə bununla bağlı müraciət daxil olub, hər dəfə də bildirilib ki, ərazi ehtiyacı olan şəhid ailəsinə verilib.