“Lənkəran, Astara, Masallı və Yardımlıda 36 saatdır elektrik enerjisi verilmir”

Foto: arxiv

Sakinlər elektrik dirəklərinin sıradan çıxdığını deyirlər

Azərbaycanın cənub bölgəsinin (talışların kompakt yaşadığı bölgə) rayonlarında iki gündür ki, elektrik enerjisinin kəsildiyi bildirilir.

Lənkəran, Astara, Masallı, Lerik və Yardımlı rayonlarında elektrik enerjisinin verilişinin tam dayandığı deyilir.

Bu barədə rayon sakinləri sosial şəbəkələrdə paylaşımlar ediblər.

Bu barədə Lənkəran sakini, tarixçi Yadigar Sadıqlı da Meydan TV-yə danışıb.

Onun sözlərinə görə, 36 saatdan çoxdur ki, ümumilikdə bölgədə elektrik enerjisi yoxdur:

Bizim ev Lənkəranın mərkəzində, Rayon İcra Hakmiyyətinin 50-60 metrliyində yerləşir. Bir neçə dəqiqə bundan əvvələ qədər heç yerdə işıq yox idi. Təsəvvür edin, işıq yox, internet, televiziya yox, telefon əlaqəsi kəsilib. İndi ev telefonlarının da əksəriyyəti elektriklə işləyir, onlar da işləmir. İnsanlar çox acınacaqlı vəziyyətdədir”.

Yadigar Sadıqlının dediyinə görə, Lənkərandakı elektrik dirəklərinin əksəriyyəti sıradan çıxıb.

Dəfələrlə bununla bağlı müraciətlərə əhəmiyyət verilməyib:

Neçə vaxtdır ki, həyəcan təbili çalınırdı ki, bir çox yerlərdə dirəklər yarıtmaz vəziyyətdədir. Sovet dövründən qalan dirəklər var. Keyfiyyətsiz dirəklər var. Bərkidillməsi çoxdan lazım olanlar var. Vaxtlı-vaxtında budama işləri, həmçinin qar yağanda, təcili ağaclardakı qarın təmizlənməsi işləri aparılmır. Nəticədə də belə fəlakətli vəziyyət yaranır”.

Lənkəran Rayon İcra Hakimiyyətindən Meydan TV-nin zəngləri cavablandırılmayıb.

“Cənublu.az”ın yazdığına görə, Lənkəranda və ətraf rayonlarda qarın yağması ilə əlaqədar yaranan fəsadlar aradan qaldırılıb.

Elektrik enerjisinin verilməsi də bərpa olunub:

Məsələ ilə bağlı Lənkəran şəhər İcra Hakimiyyətindən bildirilib ki, artıq bir çox fəsadlar aradan qaldırılıb. Yanvarın 13-ü saat 18:00-dan yanvarın 14-ü gecə saatlarına kimi yağan aramsız qar nəticəsində rayonda bir sıra fəsadlar yaranıb. Qarın hündürlüyü 52 santimetrə qədər çatıb. Lənkəran şəhər İcra Hakimiyyətinin Fövqəladə Hallar Komissiyası və aidiyyəti idarələrin işçi qüvvələri gücləndirilmiş iş rejimində çalışır. Lənkəranın əsas küçə və prospektlərinin qardan təmizlənməsi işləri davam edir. Zərifə Əliyeva, Koroğlu, Nizami, Füzuli, Mirmustafa xan, Əli Məmmədov, F.Məmmədov, Nəsimi, Şəhidlər Xiyabanı, T.İsmayılov, H.Abdullayev, H.Aslanov, Mirsalayev, Nəsirli, Paşa Təhməzov, A.Əliyev, Heydər Əliyev və digər əsas küçələr və prospeklərdə hərəkət artıq tam bərpa olunub”.

Məlumatda qeyd olunub ki, rayon ərazisində elektrik enerjisinin verilməsi yanvarın 15-də günün sonunadək təmin olunacaq:

Rayon ərazisində ağacların aşması nəticəsində işıq xətləri sıradan çıxıb. “Azərişıq” ASC-nin Lənkəran Regional İdarəsinin əməkdaşları fəsadları aradan qaldırmaq üçün var gücləri ilə çalışırlar. Bu istiqamətdə ətraf rayonlardan 10-a yaxın texnika cəlb olunub. Lənkəran şəhərinin 80-90 faizinin işıq təminatı artıq tam bərpa olunub. Əsas xətlərdəki fəsadlar aradan qaldırılıb. Ara küçələrdə olan xətlərin bərpası isə günün sonuna kimi tamamlanacaq. Qırılan ağaclar yolun kənarına daşınıb”.

Paylaşıma şərh yazan sakinlər isə bildiriblər ki, hələ də işıqsızdırlar.

Məlumatda qeyd olunan ərazilərdə hələ də elektrik enerjisinin verilməsi bərpa olunmayıb.

Lerik Rayon Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikov APA-ya bildirib ki, rayonun mərkəzinə 40 sm, dağlara isə 50 – 60 sm qar yağıb:

“Rayonun mərkəzində və bəzi kəndlərdə elektrik enerjisi var. 40-a yaxın kəndin elektrik enerjisinin bərpası istiqamətində işlər davam etdirilir”.

Masallı Rayon İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlil sektorunun müdiri Elvin Fəttayev Meydan TV-yə deyib ki, hava şəraiti ilə bağlı rayonda ciddi problemlər yaranmayıb:

“Bizim qarla bağlı elə bir ciddi problemimiz yoxdur. Demək olar ki, əksər ərazilərdə işığın verilməsi bərpa olunub. Demək olar ki, bir problemimiz qalmayıb, yollar da qaydasındadır. Bizim işıqla bağlı da elə bir problemimiz yoxdur. Təbii fəlakətdir, işıqlar söndü, yaranan fəsadlar da aradan qaldırıldı. Cüzi problem qalıb, hazırda işləyirlər, yaxın saatlarda onlar da tam bərpa olunacaqlar. Yüz faiz elektrik enerjisi ilə təmin olunacaqlar”.

Sektor müdiri konkret olaraq elektrik enerjisinin nə qədər ərazini əhatə etdiyini bilmədiyini deyib:

“Ümumi rayonda idi. Bir neçə kənddə ağaclar aşmışdı. 60 santimetrdən çox qar yağmışdı, ağaclar xətlərin üstünə aşıb, qırmışdı. Günün sonuna kimi bərpa işləri yekunlaşacaq”.

Astara, Lerik və Yardımlının icra hakimiyyətlərindən Meydan TV -nin zənglərinə cavab verilməyib.

Həmçinin “Azərişıq”ın da mətbuat xidmətindən münasibət öyrənmək mümkün olmayıb.

Hidrometeorologiya Xidmətinin yanvarın 14-nə olan məlumatında qeyd edilir ki, ən çox qar cənub bölgəsində müşahidə olunur.

Qarın hündürlüyü Lənkəranda 52 sm, Biləsuvarda 45 sm, Lerikdə 40 sm, Yardımlıda 35 sm, Göytəpədə 33 sm, Astarada 32 sm olub.

Ana səhifəBölgə“Lənkəran, Astara, Masallı və Yardımlıda 36 saatdır elektrik enerjisi verilmir”