Ləj sakinləri yolun təmiri üçün növbəti seçkini gözləyir

Şərti şəkil, kənd yolları, Foto: Meydan TV

Kəndlilər deyir ki, seçki zamanı yolla bağlı vədlər verilir, sonra unudulur

“Kəndimizin yolları elə vəziyyətdir ki, hər gediş-gəlişdən sonra avtomobili təmir etdirməli oluruq. Yol başdan-başa kələ-kötürdür. Bir az yağış yağan kimi bataqlıq yaranır”.

Bunu Meydan TV-yə Lənkərann Ləj kəndinin sakinləri bildiriblər. Onların sözlərinə görə, yağışlı günlərdə kəndə gediş-gəliş çətinləşir.

Sakinlərdən Arif Əliyev deyib ki, kəndlə rayon mərkəzi arasında 12 kilometrlik məsafə var. Məhz yollara görə rayon mərkəzinə köçməyə məcbur qalıb. Hərçənd ki, rayon mərkəzində də küçələrin əksəriyyəti təmirsiz və baxımsızdır.

“Kəndlilərin dolanışığı əkin-biçinlə yanaşı yoldan çıxır. Yol keçilməzdirsə, dolanışıq da çətinləşir. Yola görə taksilər qiyməti iki-üç dəfə bahalaşdırırlar. Kəndimizin şəhidləri var, heç olmasa onlara görə təmir etsinlər”.

Kəndlilər deyirlər ki, rayonun imkanı heç də pis deyil, amma Lənkəran bəlkə də respublikada yolların təmirinə görə ən geridə qalmış rayonlardan birinə çevrilib.

Şikayətçilər söyləyirlər ki, yolları son onillikdə təmir olunmayıb. Hələ illər əvvəldən müxtəlif təşkilatlara müraiətlər ediblər. Bildiriblər ki, onsuz da təmirsiz olan yolları ağırtonajlı maşınlar daha da bərbad vəziyyətə salıb. Seçkiönəsi hətta namizədlər də yolların vəziyyəti ilə bağlı çıxışlar edib, sakinlərə vədlər verilib. Ancaq seçki bitəndən sonra yolların təmiri ilə bağlı vədlər unudulub. Sakinlər növbəti seçkiləri gözləyirlər.

Deyirlər ki, Ləj kəndinin turist cəlb etmək üçün cəlbedici təbiəti var. Yollar təmir edilərsə, o cümlədən şərait yaradılarsa, onlarla ailənin dolanışığı yaxşılaşar.

Lənkəran Rayon İcra Hakimiyyətindən isə bildiriblər ki, Ləj kəndinin yollarından xəbərdardılar. Kərgəlan-Talışlı-Ləj avtomobil yolunun, o cümlədən 4 km-lik Ləj yolunun yenidən qurulması Dövlət İnvestisiya Proqramına daxil edilib. Vəsait ayrılandan sonra Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yolun əsaslı təmiri həyata keçiriləcək.

Ana səhifəBölgəLəj sakinləri yolun təmiri üçün növbəti seçkini gözləyir