Əkrəm Həsənov: ”Dünya praktikasında hələ belə şey olmamışdı!”
Bu ilin iyul ayında lisenziyası ləğv olunan “Parabank” “Para” Bank Olmayan Kredit Təşkilatı Açıq Səhmdar Cəmiyyətinə (BOKT) çevrilib.
Maliyyə Bazarlarına Nəzarət Palatasının oktyabrın 26-da yaydığı məlumata görə, qurumun Direktorlar Şurasının iclasında “Parabank” ASC-nin bank olmayan kredit təşkilatına (BOKT) transformasiyası və müvafiq fəaliyyət planı müzakirə olunub və bankın BOKT-a çevrilməsinə dair razılıq verilib.
Məsələni şərh edən bank üzrə mütəxəssis, hüquqşünas Əkrəm Həsənov öz “Facebook” səhifəsində yazıb:
“Bu il banklarla bağlı çox şey gördük. “NBC Bank”ın lisenziyası əvvəlcə ləğv olundu, bir neçə gündən sonra isə qaytarıldı. “Bank Standard”ı sağlamlaşdırmağa başladılar, sonra isə bağladılar. Amma “Parabank” olayı hamısını geridə qoydu.
Məlum olduğu kimi, bu ilin iyulunda Parabankın lisenziyası ləğv olundu. Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbəri Rüfət Aslanlı o zaman mətbuat konfransında bunu belə əsaslandırmışdı: “aktivlərini qanunvericiliklə tələb olunan qaydada təsnifləşdirmədiklərinə, mümkün zərərlər üzrə adekvat ehtiyatlar yaratmadıqlarına, məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiklərinə, təhrif edilmiş hesabatları təqdim etdiklərinə, bütövlükdə cari fəaliyyətlərini etibarlı və prudensial qaydada idarə etmədiklərinə, eləcə də nəzarət orqanının verdiyi yazılı göstərişləri yerinə yetirmədiklərinə görə”. Göründüyü kimi, çox ciddi və sərt ittihamlardır. Buna görə bank sahiblərini və rəhbərlərini fərdi məsuliyyətə də cəlb etmək olar. Lakin heç kəsi məsuliyyətə cəlb etmədilər. Sadəcə məhkəmə qərarı ilə bankın ləğvinə başladılar.
Hüquqi şəxsin ləğvi insanın dəfn mərasimi kimi bir şeydir. Bəşir Səfəroğlu demişkən: “Ölünün də qıdığı gələr? Öldü – qurtardı!” Lakin sözügedən bankın nəinki qıdığı gəlib, hətta ölüm yatağında cildini də dəyişib. Yəni ləğv prosesində olan bank adını də dəyişdirib, üstəlik Palata ona bank olmayan kredit təşkilatı kimi lisenziya da verib”.
Əkrəm Həsənov hesab edir ki, bu, ciddi qanun pozuntusudur:
“Axı bu, necə ola bilər? Adın dəyişdirilməsi üçün səhmdar cəmiyyətin səhmdarlarının ümumi yığıncağı keçirilməlidir, bu isə mümkün deyil, çünki o, ləğv prosesindədir. Lisenziya da ləğv prosesində olan şəxsə verilə bilməz, əksinə, “Bank olmayan kredit təşkilatları haqqında” Qanunun 25-ci maddəsinə əsasən, ləğv olunan kredit təşkilatının lisenziyası da ləğv olunmalıdır. Bəs Palata bu lisenziyanı necə verib? Ümumiyyətlə, ləğv olunan hüquqi şəxsin adı necə dəyişdirilib? Faktiki ləğvi bitməmiş bank qeybə çəkilib. Dünya praktikasında hələ belə şey olmamışdı! Amma bizdə oldu!
Nəhayət, ən ciddi məsələ. “Parabank”da sığortalanmamış əmanətlər, hüquqi şəxslərin bank hesabları var, orada da qaytarılmamış pullar var. Əmanət qəbul etmək, bank hesabları aparmaq sırf bankın səlahiyyətidir. Bank olmayan kredit təşkilatı əmanət qəbul edə, bank hesabları aça, orada pul saxlaya bilməz. İndi isə belə çıxır ki, sözügedən bu təşkilat artıq bank olmasa da, orada əmanətlər və bank hesabları var. Bu isə misli görünməmiş qanunsuzluqdur!”
Hüquqşünas deyir ki, “Parabank”ın sahibləri, təbii, bank olmayan kredit təşkilatı təsis edə bilərdi. Palata da ona lisenziya verə bilərdi. Amma bu, başqa təşkilat olmalı idi:
““Parabank” isə sonadək ləğv olunmalı və borcları qaytarılmalı idi. Əgər nəticədə əmlak qalsaydı, yeni yaradılmış təşkilata ötürülə bilərdi. Amma ləğv olunan bankın bazasında ləğv olunan bank olmayan kredit təşkilatının yaradılması nonsensdir və bunun hüquqi izahı yoxdur. Bunu da ləğv edirlərsə, lisenziya niyə verilib? Yoxsa sonda xortlayacaq?
Görünən odur ki, bu bankın nəsə vacib əmlakı və başqa gizli məqamları var ki, sahibləri onu əldən buraxmaq istəmir, Palata da onlara nədənsə kömək edir. Çünki məsələnin hüquqi biabırçılığını kənara qoysaq belə, Palata “Parabank”ı ciddi pozuntularda sərt ittiham edərək, lisenziyasını aldıqdan sonra hansı əsasla ona yeni lisenziya verib? Belə şəraitdə bank sisteminə necə etimad edək?”
Əkrəm Həsənov onu da deyir ki, dekabrın əvvəlində Palataya bankların ləğv prosesindəki biabırçılıqlar haqda yazdığı məktuba da hələ reaksiya yoxdur:
“Orada bütün ləğv prosesində olan banklarda kreditorların ümumi yığıncağını yaratmağı təklif etmişdim ki, bu prosesdə korrupsiyaya son qoyulsun, əks halda, korrupsiya maraqlarına xidmət açıq-aşkar olacaq. Bu olaydan sonra müsbət ümidlərim xeyli azaldı”.