Samir Əliyev: Azərbaycanda bütün krerditləri geri qaytara bilən bank yoxdur
“Ləğv olunmuş bankın kredit portfelinin digər banka ötürülməsini tənzimləyən müvafiq qaydalar hazırlanıb və təsdiq edilməsi məqsədəmüvafiq olar”.
Bu barədə Hesablama Palatasının rüblük rəsmi məlumat bülletenində qeyd edilib. Nəzarət tədbiri 2015-2016-cı illəri əhatə edir (APA).
Sənəddə qeyd edilib ki, bank sektorunda gedən lisenziyaların ləğvetmə prosesləri “Azərbaycan İpoteka Fondu” ASC (AİF) ilə əməkdaşlıq edən müvəkkil kredit təşkilatlarından yan keçməyib, bəzi banklar ləğv olunaraq onların kredit portfeli üzrə öhdəlikləri digər banklara ötürülüb. Təqdim edilən məlumatlara əsasən, ləğv olunmuş bankların kredit portfelinin digər banka ötürülməsi müvafiq qayda ilə deyil, qarşılıqlı (AİF ilə portfeli qəbul edən bank arasında) razılıq əsasında həyata keçirilib. Belə ki, 01.01.2016-cı il tarixə “Bank BTB” ASC-nin ümumi xidmət portfeli 3 mln. 906 min manat təşkil edirdisə, qeyd edilən proseslərlə əlaqədar qəbul etdiyi xidmət portfelinin qalığı 62 mln. 387,8 min manat təşkil edib. Bu isə həmin portfelə keyfiyyətli və dayanıqlı xidmət göstərilməsi vəziyyətinin yüksək risk qrupuna aid edilməklə, eyni zamanda AİF tərəfindən vəsaitlərin idarə olunması tarazlığının qorunması vəziyyətini əks etdirmir. Ölkədə bir sıra bankların reytinqinin olmaması gələcəkdə də belə halların baş verəcəyini şərtləndirir.
“Qeyd edilənləri nəzərə alaraq ləğv olunmuş bankın kredit portfelinin digər banka ötürülməsini tənzimləyən müvafiq qaydalar hazırlanıb və təsdiq edilməsi məqsədəmüvafiq olardı”, – deyə sənəddə vurğulanıb.
Məlumatı Meydan TV-yə şərh edən iqtisadçı Samir Əliyev hesab edir ki, bu, bir mexanizmdir, yəni problemli kreditləri olan bank artıq işləyə və öhdəliklərini yerinə yetirə bilmir, belə vəziyyətdə bağlanır. Yaxud bank kreditlərini qaytara bilmirsə, həmin hissə zərərli aktivlər sayılır, həmin hissə başqa banka ötürülə bilər. Yeni qaydaya uyğun isə başqa bank həmin kreditləri sağlamlaşdıracaq:
“Görünür, həmin bank kollektor rolunu oynayacaq. “Beynəlxalq Bank”ın nümunəsində bunun şahidi olduq, iri həcmdə vəsaiti “Aqrarkredit”ə ötürdülər. Güman ki, göstərilən qaydalarda da söhbət bu əməliyyatdan gedir”.
Samir Əliyevin fikrincə, bu mexanizmin tətbiqi problemli kreditlərin həll olunması anlamına gələ bilməz:
“Azərbaycanda bütün krerditləri geri qaytara bilən bank yoxdur. Ona görə bu problemi yerinə yetirəcək bankın olmasının özü də sualdır. Mən bu qaydanın problemi həll edəcəyini düşünmürəm, sadəcə, variantlardan biridir”.