Azərbaycan hökumətinin hazırda yaşadığı ən böyük problemlərdən biri, onun öz legitimliyini itirməsi ilə bağlıdır. Hüquqi mənada legtimlik məsələsinə;
aydınlıq gətirdiyimdən, indi siyasi olaraq bunun hansı mənada problem doğurduğunu aydınlaşdırmağa çalışaq.
Bu problemlə bağlı Fransis Fukuyama “Tarixin Sonu və Son İnsan” adlı əsərində yazır: “Güclü dövlətlərin sonunda çökməsinin səbəbi həlledilməz legitimlik problemi idi, fikirlər və dünya baxışında yaranan böhran idi…İstənilən rejimlər hər hansısa mütləq bir legitimliyə ehtiyacı var. Bir rejimin varlığını davam etdirə bilməsi üçün nüfuzun çoxluq tərəfindən legitim qəbul edilməsinə gərək yoxdur. Xalqın böyük əksəriyyətinin mütləq nifrətini qazanmış diktaturaların, yenə də on illərlə iqtidarda qalması ilə bağlı onlarla misal var. Bir rejimin çoxluq tərəfindən legitim qəbul edilməməsi, hələ onun legtimlik böhranı yaşadığı mənasına gəlməməlidir. Bunun üçün, bu baxışın rejimə bağlı məşhur insanlara, özəlliklə rejimin güc strukturlarını əlində saxlayan güclərə, hökümət partiyasına, orduya və polisə də sirayət etməlidir. Avtoritar bir rejimdə legitimlik böhranından söhbət edərkən, bununla bir yerdə olmaları rejimin fəaliyyəti üçün vacib olan məşhurların aralarında yaşanan böhranı nəzərdə tuturuq”.
Fransis Fukuyama hesab edir ki, “bir rejimin legitimliyi bir ordunun şəxsi sədaqətindən tutmuş, idarəçiliyi haqlı edən idealogiyaya qədər fərqli qaynaqlardan qidalana bilər. Məsələn, faşizm üçün legitimlik qaynağı irqi və ya milli bağ idi. Nasional-Sosializim insanların gözündəki hörmətini ancaq məğlub olduqdan sonra itirdi, çünki Hitler legitimlik iddiasını almanlara dünya ağalığını vəd etməklə bağlamışdı”
SSRİ üçün gələcəkdə qurulacaq “kommunist cəmiyyət” legitimlik yaradırdı. Sovet höküməti öz legitimliyini Sovet insanına vəd etdiyi yüksək iqtisadi-sosial yaşayış vədinə bağlamışdı. O bunun öhdəsindən gələ bilmədiyi üçün, insanların gözündə dərhal etibarını itirdi və çökdü.”
F.Fukuyam hesab edir ki, sağ avtoritar rejimlərin hakimiyyətə gəlməsi çox zaman ökədə yaşanan “başıpozuqluğu qaydaya salmaq” və “iqtisadiyyatı intizama salmaq” vədi ilə müşaiyət olunur. Çoxluğun legitimliyinə dayanan demokratik hakimiyyətlərdə də legitimlik böhranının yaşandığını, amma onların bu böhrandan hökumətin istefa verərək, çıxa bildiyini, bunun əksinə avtoritar rejimlər üçün bu böhranın çöküşlə nəticələndiyi qənaətinə gəlir və bunu avtoritar rejimlərin ən ciddi zəifliyi hesab edir.
F.Fukuyamaya bu uzun istinaddan sonra, keçək Azərbaycan hakimiyyətinin siyasi olaraq hazırda yaşadığı böhrana. Heç kimə sirr deyil ki, Azərbaycanın indiki iqtidarı “92-93-cü illərin böhranı”-ndan sonra hakimiyyətə, ümumi olaraq ifadə etsək:
a) “xaosa son qoymaq”
b) ölkədə “stabilliyi” təmin etmək (birinci bəndlə sıx bağlı)
c) “Dağlıq Qarabağ və ətraf rayonları” qaytarmaq
d) neft pulları ilə insanların rifahını təmin etmək
e) demokratik dövlət qurmaq və insan haqqlarını təmin etmək vədləri ilə gəlib.
Siyasi qeyri-müəyyənliyə son qoyulur və ölkədə stabillik təmin olunur.
Razılaşmaq lazmdır ki, Heydər Əliyev hakimiyyətə heç də iddia edildiyi kimi azlığın zorakılığı ilə gəlməyib, onun arxasında kifayət qədər, aktiv olmasa da, passiv formada xalqın lazımi çoxluğu dururdu. Bu, artıq onu çoxluğun gözündə legitim etmişdi və onun iqtidarına müxalif olan qruplar hakimiyyəti xalqın gözündə itirdiklərindən, bu onların uzun müddət Heydər Əliyevə qarşı ciddi müxalif güc təşkil etməsinin qarşısını alırdı. Heydər Əliyev hakimiyyətə gəldikdən sonra ölkədə olan siyasi iqtidarsızlığa son qoyuldu və stabillik təmin olundu.
Geri qaytarılmamış torpaqlar və demokratiyanın imitiasiyası
Lakin zaman keçdikcə, Azərbaycan hakimiyyəti legitimlik qazandığı çoxluğun səslərini və etibarını itirməyə başladı. Buna səbəb yuxarıda sadalanan vədlərdən çoxuna əməl olunmaması idi. Dağlıq Qarabağ və ətraf rayonların hər il qayıdacağı inamı xalqa aşılanır, amma bu işin “böyük güclərin” əlində olması ilə bağlı da xalqa altdan-alta məlumat sızdırlır və beləcə insanların hissləri ilə oynanılır, inamları öldürülürdü. Demokratiyaya keçid isə ölkənin hələ “keçid mərhələsində olması, xalqın demokratiyaya hazır olmadığı” formasında propaqanda edilir və beləcə proses uzadıldıqca, uzadılırdı.
1998-ci ildə keçirilən seçkilərdə hakimiyyət, tam özünə əmin olmadığından, total saxtakarlığa getdi və bununla da əvvələr çoxluğa dayanan legitimliyini itirdi. Bu, Azərbaycan tarixində yeni səhifə idi, belə ki, siyasi hakimiyyət artıq legitimliyini azlıq olan seçilmiş qrupa, müxtəlif sahələrdə olan məşhurların loyallığına, xüsusən də polis və güc sturukturlarına (Hərbçilərin Azərbaycan tarixində oynadığı rolu nəzərə alan siyasi hakmiyyət, onlara etibar etmədi və onlar bütün müstəqillik tariximz boyu zəif tutmağa çalışdı ki, indi biz bunun ağrısını ordumuzda baş verən özbaşnalıqlarda yaxından hiss edirik) bağladı. Bu da, sonra gələcəklərə qapı açdı, ölkə avtoritarizimin yeni mərhələsinə qədəm qoydu.
Bu arada, siyasi hakimiyyət “Heydər Əliyev yolu” deyilən ideoloji dayaq formalaşdırmağa çalışsa da, zamanla bu iflas etdi, çünki ideoloji olan özü-özlüyündə müəyyən dəyərlər sistemini özündə ehtiva edir ki, bu həmin siyasi hakimiyyətin heç bir siyasətində hiss edilmirdi. Bu daha çox şəxsiyyətə pərəstiş məhfumu idi ki, onun da uzun zaman ayaqda durması mümkünsüz idi.
Rifahın illüziyası – Çiçəklənən Azərbaycan
Heydər Əliyev hakmiyyətinin oğlu İlham Əliyevə təhvil verlməsi Azərbaycan üçün yeni səhifə açırdı.
Təffərruata girmədən onu deyim ki, İlham Əliyevin dövrü siyasi legitimlik baxımından Heydər Əliyevin hakimiyyətindən fərləqnmirdi. Amma həmin bu dövrdə ölkəyə ciddi neft pulları gəlməyə başladığı üçün siyasi hakimiyyət kövrəlmiş və üzülmək mərhələsinə çatmış (2003-cü ildə baş verən kütləvi etirazları, mətbuatda yazılanlara diqqət atsaq, bunu açıq görərik) legitimlik dayaqlarına bir neçə punkt əlavə etdi.
Bunların sırasında “Azərbaycanın tez bir zamanda dünyanın ən inkişaf etmiş ölkələrindən biri etmək” vədi dururdu. Ümumilikdə bu siyasətin adını “Çiçəklənən Azərbaycan” qoymaq olar. Bu vəd gələn böyük pullar və ölkədə yaşanan tikitinti “bumu” ilə bir növ sanki yerinə yetirilirdi, inkişafın illüziyası insanları çaşdırmışdı. Onlar doğurdan da, təəccüb içərisində idilər. Hətta ən kasıb insanlar belə, öz real yaşayışı ilə ətrafında gördüyü parlaqlıq ilə ziddiyəti tam çözə bilməyib, şübhəyə düşürdülər.
Hamı bir ağızdan deyirdi ki, nəsə inkişaf edir və bunun tez bir zamanda televiziyalarda deyildiyi kimi, onların həyatında əks olunacağı vəd edilirdi. Amma insanlar gözləyir, baş verən “tikinti inkişafı” isə onların həyatlarında real olaraq ciddi heç bir dəyişiklik yaratmırdı. Əksinə, ölkə günü-gündən bahalaşır, xırda və orta sahibkarlıq boğulur, iri məmur-monopoliyası dərmandan tutmuş, ərzaqa kimi ölkəni həbs edirdi. İnsanlar şəhərin mərkəzində baş verib, elə ordaca bitən parlaqlığın onların rayonlarına, evlərinə, çatmayacağını yavaş-yavaş anlamağa başlayırdı.
Çoxluğun itirilmiş dəstəyini az da olsa, geri qazanmaq üçün hökümət ortaya yeni iki layihə ilə çıxdı: İşsizliyin minumuma endirilməsi və “Regionların sosial-iqtisadi inkişaf proqramı”. Bu proqarmlar ilə siyasi hakimiyyət ölkədə bir milyon yarım iş yeri yarada bildiyini özünün proqaqanda vasitəsinə çevirir, bundan öz legitimlik gücünü alırdı. Doğurdan da, ölkəyə gələn neft pulları hesabına ölkədə, xüsusən də paytaxtda tikinti sürətlə yayılmışdı. İş o yerə çatmışdı ki, bir ay əvvəl təmir olunan yol, bir aydan sonra yenidən təmir edilir, beləcə bununla “yaradılmış iş yerlərinin” statsitikasına yeni işlər əlavə olunur, bununla da məşğulluğun illüziyası yaradılırdı.
Devalvasiya və Çiçəklənən Azərbaycanın solması
Amma “Çiçəklənən Azərbaycan” qəfil soldu. Ölkə iqtisadi böhranla üzbəüz gəldi. Münhen Təhlükəsizlik Konfransı çərçivəsində “Neftin qiymətinin aşağı düşməsi geosiyasi məsələləri üzrə enerji təhlükəsizliyi” mövzusunda keçirilən Dəyirmi masada prezident İlham Əliyev “Biz indi yaşadığımız vəziyyəti neft hasilatının azalmağa başladığı bir dövrdə – ola bilsin, 15-20 il bundan sonra proqnozlaşdırmağa çalışırdıq. Biz bu dövrə hazır deyildik” deməsi vəziyyətin əslində nə qədər qəliz olduğunu göstərir.
Dünyada neftin qiymətinin düşməsi, Azərbaycanın özünün çıxartdığı neftin azalması ölkəni tamamilə neft-qazdan asılı hala gətirən siyasi hakimiyyətin ona legitimlik qazandıra biləcək layihələrini iflasa uğratdı. Siyasi hakimiyyət indi özünün vədlərinin qurbanına çevrilmişdi. Məlum oldu ki, regionların sosial-iqtisadi inkişaf proqramına 30 millyard dollara yaxın pul xərclənib.
Amma Abşeron yarımadası hələ də ölkənin Ümumi Daxili Məhsulunun 98%-ni verir və rayonların ölkə iqtisadiyyatında payı 2% civarındadır. Yaradılan 1.5 milyon yarım iş yerlərinin əslində kağız üzərində olması, işsizliklə bağlı rayonlarda başlanan kütləvi etirazlar ilə özünü biruzə verməyə başlayırdı. Siyasi iqtidar F.Fukuyamanın dediyi kimi, legitimlik böhranı ilə üzbəüz qalmışdı.
Siyasi iqtdidarın daxildən də möhkəm olmamasını oryata qoyan çox ciddi hadisə MTN-nin faktiki olaraq, tamamilə dağıdılıb, yenidən qurulması oldu. Bundan əvvəl isə iki nazirin həbs edilməsi siyasi elitanın daxilində qarşılıqlı inamsızlığın hökm sürdüyünü açıq-aşkar nümayiş etdirmişdi. Hər kəsin hər an çölə atıla biləcəyini, kiminsə topladığı sərvətin lazım olan anda onun əlindən alına biləcəyini hiss etməsi, əslində azlığın zorakılığına dayanan siyasi hakimiyətin özünün də böhranda olduğunu göstərir.
Görünən odur ki, azlığın daxilində də qəniməti bölüşdürməkdə ciddi fikir ayrılığı var.
Yazı müəllifin şəxsi mövqeyini əks etdirir…