Legitim zorakılıq

“Döymək – əziyyət vermək və ya cəzalandırmaq üçün birini əllə, yaxud başqa bir şeylə vurmaq; kötəkləmək, əzişdirmək”.

Source:
Meydzi
Meydzi


“Döymək – əziyyət vermək və ya cəzalandırmaq üçün birini əllə, yaxud başqa bir şeylə vurmaq; kötəkləmək, əzişdirmək”.


– Azərbaycan dilinin izahlı lüğəti

Birinin başqa birini döyməsi yaxşı hal deyil, amma adi haldır. Çünki insan zəif məxluqdur, çox vaxt emosiyalarını idarə edə bilmir. Kimisə vura biləcək qədər güclü olduğunu göstərmək də əslində zəiflik əlamətidir.

Adi olmayan hal birinin o birinə əziyyət verməsini alqışlamaqdır. Bir aktyorun bir müəllimi döyməsi olayında yüzlərlə adamın birincini dəstəkləməsini müşahidə etmək kədərliydi. Nəzəri olaraq hər biri qanundan yana olan; ölkədəki qanunsuzluq mühitindən bu və ya digər dərəcədə əziyyət çəkən; döyülən öz yaxınları olsaydı, 180 dərəcə fərqli mövqe sərgiləyəcəkləri şübhə doğurmayan adamlar bir zorakılıq aktını niyə dəstəkləsinlər ki?

Kriminogen təşviq

Yaponiyanın 122-ci imperatoru Meydzi taxta çıxandan 3 ay sonra (1868) tarixdə “Beş bəndlik and” adıyla bilinən islahat proqramı elan edir. Həm dövlət quruluşunda, həm də ölkənin rifahında böyük dəyişikliklər həmin proqramla başlayır. Yaponları dünyanın ən öncül xalqlarından birinə çevirəcək o sənəd cəmi 5 cümlədən ibarət idi:

1. Biz məclis çağıracaq və xalqı ictimai rəyə əsasən idarə edəcəyik.

2. Bütün müəssisələrdə həm ali, həm də alt siniflər bərabər şəkildə təmsil olunacaqlar.

3. Vətəndaşlara və hərbiçilərə münasibət elə olacaq ki, onlar öz vəzifələrini rahat icra edə biləcəklər.

4. Köhnə üsullar və adətlər məhv ediləcək, millət böyük Yer və Göy Yoluyla gedəcək.

5. Bütün dünya xalqlarının biliklərindən istifadə ediləcək və imperiya inkişafın ən yüksək mərhələsinə nail olacaq.

Meydzi anadan olanda (1852) onun vətəni bütün dünyadan izolə olunmuş zəif bir feodal ölkəsiydi, amma o vəfat edəndə (1912) siyasi, sosial və sənaye inqilablarından keçmiş Yaponiya artıq dünyanın ən güclü dövlətlərindən biriydi. “Nyu-York Tayms” (“The New York Times”) qəzetində imperatorun ölümünə həsr edilmiş məqalə bu sözlərlə yekunlaşmışdı: “Cənazə arabasının önündə gedənlə onun arxasında gedənlər arasındakı kontrast həqiqətən heyrətamiz idi. Öndə köhnə, arxada yeni Yaponiya gedirdi”.

O gündən keçən bir əsrdən bir az artıq vaxt ərzində Yaponiya inanılmaz dərəcədə inkişaf edib. ÜDM-in həcminə görə dünyada 3-cü, hərbi potensialına görə 4-cü, insan potensialının inkişafı indeksinə görə 17-cidir, G7-də yeganə Asiya dövlətidir, orta ömür yaşı ən yüksək (82), uşaq ölümü ən aşağı səviyyədə (3-cü yerdə) olan ölkələrdən biridir. Yaponiya həm də şəxsə qarşı cinayətlərin ən aşağı səviyyəsinə görə öndə olan ölkələrdəndir.

2012-nin statistikasına görə, həmin il 127 milyon 515 min əhalisi olan bu ölkədə 52 min 679 cinayət hadisəsi törədilib, bunlardan 7 min 263-ü “yanlış davranış” (məsələn, adam döymə) kateqoriyasına aid edilib.

Müqayisə üçün deyim ki, 2012-də əhalisinin sayı 9 milyon 327 min nəfər, yəni yaponlardan təxminən 14 dəfə az olan Azərbaycanda isə o il 21 min 897 (Yaponiyadakından cəmi 2,4 dəfə az) cinayət qeydə alınıb və onlardan 8 min 763-ünü DİN “böyük ictimai təhlükə törətməyən cinayətlər” (məsələn, adam döymə) kimi təsnifləndirib – biz bizdən qat-qat çox olan yaponlardan xeyli çox “yanlış davranmışıq”. Amma DİN-in həmin ilə aid hesabatında Yaponiyada heç olmayan cinayət növlərinin statistikası da var: bir il ərzində azərbaycanlılar 6500 dəfə ictimai təhlükəsizliyə qarşı, 655 dəfə hakimiyyətə qarşı cinayət törədiblər. Və 2012 istisna deyil – ondan əvvəlki və sonrakı illərdə də bu ittihamlarla həbs edilən minlərlə azərbaycanlı var. Adətən, hakimiyyət bu maddələrdən (və təkcə onlardan yox) siyasi rəqiblərini və etirazçı gəncliyi susdurmaq üçün istifadə edir. Hansısa qoldan (xətdən, tərəfdən) ona yaxın olanlarsa adam oğurluğundan tutmuş büdcə talançılığına və meqa-korrupsiya hallarına qədər bütün növ cinayətləri törətməkdə sərbəstdirlər (təbii, hakimiyyətin çəkdiyi sərhədlər xaricində).

Bizdə cinayət hadisələrinin sayca bu qədər çox olmasının əsas səbəblərindən biri məhz budur – “bir köynək yaxınlara” tanınan cinayət azadlığı. Məşhur məmur və deputatların həm özləri, həm övladları, həm də yaxın çevrələri qanunlar xaricində yaşayırlar, əməlləri ört-basdır edilir, ya da simvolik cəzalarla yola verilir. Dövlət idarələrində hər gün minlərlə qanun posuntusu baş verir, çoxu da vətəndaşların gözü qabağında. Cəzasız cinayətkarlıq mühiti pullu-arxalı olanlara hörmət və həsəd hissi yaradır. Məzlum zalımlığı təqdir etməyə başlayır və əlinə keçən ilk fürsətdə o da eyni cür davranır – o da qanunları pozur.

Ölkədəki işsizliyə və yoxsulluğa görə reytinqi zatən aşağı olan hakimiyyətin məmur özbaşınalığı məsələsində də əlahiddə sayğısızlıq nümayiş etdirməsi ilk baxışda məntiqsiz görünür. Amma ancaq ilk baxışda, çünki cinayətkar məmurlar ordusu avtoritar hakimiyyətlərin əsas dayaqlarından biri, hətta birincisidir.

“Stasionar quldur” nəzəriyyəsi

Dövlətin mənşəyi nəzəriyyəsinin müəllifləri – Amerika alimləri Martin Makgir və Mansur Olsona görə, istismarçı dövlət – müəyyən ərazidə kök salmaq, ora təkbaşına nəzarət etmək və əhalidən gəlir əldə etmək (onu soymaq) istəyən “stasionar quldur”dur. Onun “köçəri quldur”dan fərqi sadəcə budur. “Stasionar quldur” müntəzəm vergi yığımları vasitəsilə soyğunçuluq edir; bu zaman çox ağıllı tərpənib əhalidə o həddə pul kütləsinin qalmasına imkan verir ki, insanlar pul yığıb istehsalın və deməli, gəlirlərinin də həcmini artıra bilsinlər, o da bu dəfə artıq yeni gəlirdən vergi tutsun.

Əhali “stasionar quldurun” gəlişindən məmnundur, çünki əvvəla, təhlükəsizliyi təmin edəcək (Digər quldurlar onları soya bilməyəcək); ikincisi, ictimai nemətlərlə təmin edəcək (Məsələn, təsərrüfat fəaliyyətini stimullaşdıran şərait yaradacaq) və ümumi davranış qaydaları müəyyənləşdirəcək (Hər bir fərd onun gəlir mənbəyi olduğu üçün qətl və yaralamaları qadağan edəcək); üçüncüsü, “köçəri quldur”dan fərqli olaraq nə qədər pul alıb nə qədərinə toxunmayacağını əvvəlcədən deyəcək və bu, onlara təsərrüfatla planlı şəkildə məşğul olmaq fürsəti yaradacaq.

“Qurbanlar cəlladlarını sevərlər” fikrini xatırladan bu yanaşma olayın ancaq pozitiv tərəflərini əks etdirir. Çünki avtokratiya yalnız anarxiyayla müqayisədə yaxşı variant kimi görünə bilər, amma elə onun qədər idealdan uzaqdır. Avtokratın hakimiyyəti itirmək qorxusuyla atdığı addımlar da böyük xaos yarada bilir. Sülalə hakimiyyətinin tətbiqiylə o qorxunu dəf edən krallar-padşahlar olub, amma bunu bacarmayıb “stasionar quldur”dan “köçəri quldur”a çevrilən; ölkəsini iqtisadi fəlakətlərə, müharibələrə sürükləmək bahasına da olsa, şəxsi mənafeyi naminə hakimiyyətdən getmək istəməyənlər də az deyil.

Legitim zorakılıq

Alman sosioloqu Maks Veber dövləti “zorakılığın tətbiqində legitim hüquqa sahib olan yeganə monopolist təşkilat” hesab edirdi.

Avtoritar idarəçilikdə hakimiyyət bu hüquqdan sui-istifadə hallarına yol verir və yuxarıda da qeyd etdiyim kimi, rəqiblərini zərərləşdirmək üçün qanunları zorakılıq vasitəsinə çevirir. Demokratik cəmiyyətlərdə isə zorakılığa nəzarət qadağanedici vasitələrlə həyata keçirilir, cəzalandırma mexanizmi işə salınır.

Siyasi sistemə nəzarətsə bütün qruplar üçün açıqdır. Bütün individlər dövlətdən icazə almadan, onun imkanlarından istifadə edərək təşkilat yaratmaq imkanına sahibdirlər və bu, siyasətdə, iqtisadiyyatda və bütün digər sahələrdə sivil rəqabəti təmin edir. Siyasi aktorların təşkilatlanmış hərbi və ya siyasi gücdən istifadə etməsi digər aktorların rəqabət imkanlarıyla məhdudlaşır. İnsan hüquqlarını qoruyan institutların mövcudluğu, resurslara tam əlçatanlıq və demokratik rəqabət qeyri-legitim zorakılığın qarşısını alır. Açıq cəmiyyətdə hər kəs iqtisadi, siyasi və ya ictimai sferada heç bir məhdudiyyət görmədən fəaliyyət göstərə bilir. Belə cəmiyyətdə təşkilatlanmaq hüququ qeyri-şəxsi xarakter daşıyır. Qeyri-şəxsilik hamıya eyni münasibət deməkdir. Qeyri-şəxsilik olmadan bərabərlik mümkün deyil.

Resurslara əlçatanlıq prinsipinin hökm sürdüyü demokratik cəmiyyətlərdə zorakılığa nəzarət mexanizmi də güclüdür:

1) Siyasi və hərbi təşkilatlanma demokratik sistemin nəzarətindədir.

2) Siyasi sistemin zorakılıqdan qeyri-legitim istifadəsini məhdudlaşdıran institutlar mövcuddur.

3) Hakimiyyətdə qalmaq istəyən siyasi qüvvə seçicilərin iqtisadi və ictimai maraqlarını ən geniş ölçüdə əhatə etmək məcburiyyətindədir.

Avtoritarın kollektiv idarəçiliyi

Sosial, iqtisadi və siyasi resurslara məhdud əlçatanlıq – qeyri-demokratik dövlətlərdə cəmiyyəti təşkilatlandırmağın fundamental qaydası budur.

Resurslardan faydalanmaq fürsəti verilən şəxslər müxtəlif təşkilatlarda (qruplarda) birləşirlər və bu təşkilatlara hakim elitanın nümayəndələri rəhbərlik edir.

Hakimiyyətdaxili koalisiya məhz onların resursları sayəsində güclənir (Neft gəlirlərinin bol vaxtlarında “şişən” icra strukturlarını, yeni yaradılan qurumları, böyük məbləğli yeni layihələri xatırlayaq). Resurslar çoxaldıqca, əmək bölgüsü və ixtisaslaşma, o cümlədən, zorakılıq üzrə ixtisaslaşma səviyyəsi də artır.

Bu komandada birinci şəxs digərləriylə müqayisədə hamıdan güclü ola bilər, amma ətrafındakılar koalisiya halında ondan daha güclüdürlər. Birinci şəxsin hakimiyyətdə qalması bu komandanın rəqiblərə qarşı həm iqtisadi, həm də siyasi zor (rəsmi və qeyri-rəsmi qadağalar, təqib, təzyiq, təhdid, fiziki güc, həbs) tətbiq etmə bacarığından asılıdır. Avtoritar idarəçilikdə imtiyazlı iqtisadi maraq qrupları ilk növbədə buna görə yaradılır – koalisiya daxilində zorakılıq həvəsini və qabiliyyətini artırmaq üçün. Başqa sözlə, qeyri-demokratik dövlət quruluşu sadəcə birinci şəxsin və sonrakı mərhələdə hakim komandanın digər üzvlərinin gəlirlərini artırmaq sxemindən ibarət deyil, gəlirlər həm də zorakılıq mexanizmi yaratmaq və ona nəzarət etmək məqsədilə bölüşdürülür. Yəni sistem mahiyyətcə zorakıdır, dəftərxana işçisindən məmur-oliqarxına qədər bütün “vintləri” onunla eyni mahiyyətdədir – hər biri hansısa miqdar gəlir müqabilində ictimai maraqlara qarşı fəaliyyət göstərmək üçün işə götürüldüyünü bilir. Rəqabət mühitinin sıfırlanması, bütün növ resurslara əlçatanlığın maksimum məhdudlaşdırılması dövlətin və onun institutlarının iş prinsiplərini müəyyənləşdirir. Bölgüdə ancaq komanda üzvlərinə tanınan haqq və hüquqlar, o cümlədən, resursların mənimsənilməsi prosesindəki qanunsuzluqlara ortaqlıq da elitanı hakimiyyətin davamlılığını istəyən, buna çalışan və komanda daxilində əməkdaşlıqda maraqlı olan zümrə halına gətirir. Belə sistemdə “nisbətən yaxşı” məmur olmur, ola bilməz. Ona görə də hər yeni kadr təyinatını islahat müjdəsi kimi qəbul etmək heyva ağacında qarpız yetişəcəyini gözləmək qədər absurddur.

Bəs, nə üçün ölkəni iqtisadi və siyasi uğursuzluqlar girdabına sürükləmiş Əliyevlər hakimiyyətinin 25-ci ilində cəmiyyət buna inanmaqda davam edir? “Gənc və perspektivli kadr” nağılı niyə hələ də insanlara ağlabatan görünür? Problem nədədir – ictimai şüurda, yoxsa hakimiyyət satellitlərinin effektli dəstək kampaniyasında?

Freydə görə, “Kütlə impulsiv, dəyişkən və təsirlənəndir. Onun, demək olar ki, bütün hərəkətləri qeyri-şüuridir”. Yəqin buna görə kütləvi şüur da hərəkətli, dəyişkən, formasız və ziddiyyətlidir. Müasir sosiologiya elmi onu ikiqatlı hesab edir – birincisini adi, ikincisini praktik qat kimi qiymətləndirərək. Adi qat gündəlik ehtiyacları və məişət münasibətlərini əhatə edir. Praktik qatsa həyat təcrübəsinin – fikir, qiymətləndirmə, inam və hisslərin cəmidir. Bunlar fərdlərin sağlam düşüncəsinə əsaslanır və şüuru reallıqdan qopmağa qoymur. Bəlli kütləvi davranış şəkli formalaşdıran kütləvi şüur adi vaxtlarda sadəcə məişət çərçivəsində qalır, cəmiyyət həyatının dinamik dövrlərində isə ictimai şüur rolunda çıxış edir. Amma belə vaxtlarda da araşdırmaya heç bir meyl göstərmədiyi üçün sosiologiya elmi kütləvi şüurun təzahürünü təsadüfi hal kimi qiymətləndirir – inkişafın kortəbii və müvəqqəti variantında müəyyən əlamətlər toplusu olaraq.

Hərçənd ayrı-ayrı sosial qruplara məxsus olan hallarda, o, artıq nisbətən ciddi faktora çevrilir. Çünki oxşar həyat kriteriyalarına (ortaq maraqlara) sahib qrupların həyata baxışını ifadə edən kütləvi şüur permanent xarakterli hadisədir və qeyri-demokratik dövlətlərdə hakimiyyətin ictimai şüuru yönləndirmək üçün istifadə etdiyi əsas manipulyasiya alətlərindən biridir.

Mehriban düşmənlər

Adətən, hakim koalisiyanın üzvləri bir-birilərinin imtiyazlarını, fəaliyyət sərhədlərini və mülkiyyət hüquqlarını tanıyırlar, çəkişmənin qazanc itkisinə səbəb olacağını bildikləri üçün daxili savaşlara çox da həvəsli olmurlar. İqtisadiyyatı “bir ovuc” adam üçün renta mənbəyinə çevirmiş siyasi sistemin sabitliyi ilk növbədə onların bu uzaqgörənliyi sayəsində təmin edilir (Hərçənd, bildiyimiz kimi, həyat idealdan uzaqdır və hər qalanın mütləq bir “Axilles dabanı” var. Avtoritar idarəçilik üçün həmin daban resursların təkrar bölgüsü ideyasıdır; adətən, qruplardan biri digərlərini üstələmək fürsəti yaxalayanda populyarlaşır).

Rentanın ən əlverişli mənbələrindən biri dövlət tərəfindən dəstəklənəcək təşkilat (qurum) yaratmaqdır. Dövlət təminatı altında “kooperativlər” yaratmaq elitanın ən yaxşı bacardığı işlərdəndir. Əslində, təşəbbüs həvəsini hakimiyyət özü yaradır, çünki bununla resursları öz çətiri altında bölmək və elitanı nəzarətdə (oxu: əlinin altında) saxlamaq imkanı qazanır. Amma əməkdaşlığın bu forması maraqlar balansı qorunduğu müddətcə təhlükəsizdir, çünki stabil avtoritar hakimiyyət həm də hərəkətlidir. Birinci şəxsin qərarları, komanda daxilindəki dəyişikliklər münasibətlərdə gərginlik yarada bilir. Kənar faktorların (məsələn, neftin ucuzlaşması, qiymət artımı, devalvasiya və s. kimi) mənfi təsiriylə üst-üstə düşən məqamlarda narazı qrupların bu durumdan revanş üçün istifadə etdiyi və gərginliyin hakimiyyət çevrilişiylə nəticələndiyi hallar da tarixə məlumdur.

Doğrudur, resursların tam əlçatan olduğu demokratiyada da onların renta kimi bölgüsü tam olaraq aradan qaldırıla bilmir, amma kiçik qrupların maraqlarına xidmət edən, cəmiyyət üçün mənfi nəticələr doğuran variantlar maksimum əngəllənir.

****

Ən qədimi təxminən 4 min il bundan əvvəl yazılmış qanunlar yaşamı nizama salmaq üçün “icad edilib”. Onlar olmasa, həyat daha təhlükəli olardı. Hər kəsin bütün azadlıqlara, o cümlədən, başqalarını cəzalandırmaq azadlığına sahib olduğu dünyada hamının hamıya qarşı savaşı başlayar və bu savaş heç bitməzdi. Qanunların ən müqəddəs yazı olduğunu qəbul edə bilsək, insanlıq əziyyət çəkməkdən qurtulacaq.

Ana səhifəMənim FikrimcəLegitim zorakılıq