Koronavirus dünyanı yenidən ağuşuna alır
Noyabrın 23-də Azərbaycanda 2 187 nəfərin koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. 634 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Virusdan ölənlərin sayı isə 29-dur.
Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumatda belə deyilir.
Qərargah bildirir ki, bugünədək Azərbaycanda 95 281 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 64 475 nəfər müalicə olunaraq sağalıb, 1 160 nəfər isə vəfat edib. Bu günə olan aktiv xəstələrin sayı 29 646 nəfərdir.
Son bir gün ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 784, ötən müddət ərzində isə ümumilikdə 1 617 239 test aparılıb.
Gürcüstanda
Gürcüstanda son bir gündə koronavirusa 3 958 yeni yoluxma faktı qeydə alınıb. Onlardan 3 531 nəfər sağalaraq evə buraxılıb, 36 pasiyent isə vəfat edib.
İndiyədək Gürcüstanda COVID-19-a 108 690 nəfər yoluxub. Onların 89 170-i sağalıb, 1 012-sı isə ölüb.
Hazırda karantin rejimində 2 137, stasionar nəzarətdə 6 221 nəfər saxlanılır. Yüngül simptomları olan 3 736 nəfər isə xüsusi otellərdə müalicə ilə təmin olunur.
Ermənistanda
Ermənistanda isə son bir gündə 485 nəfərdə koronavirus aşkarlanıb. Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzinin məlumatına görə, bununla Ermənistanda virusa yoluxanların sayı 126 709-ə yüksəlib.
Son bir gündə virusdan daha 24 nəfər ölüb. Beləliklə, vəfat edənlərin sayı 1 976-ya çatıb. COVID-19 diaqnozu qoyulmuş, lakin başqa səbəbdən ölənlərin sayı isə 503-ə yüksəlib. İndiyədək 95 099 nəfər infeksiyadan sağalıb.
Hazırda Ermənistanda 29 131 aktiv koronavirus xəstəsinin olduğu bildirilir.
Rusiyada
Rusiyada isə son bir gün ərzində 25 173 nəfərə COVID-19 diaqnozu qoyulub.
Bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb. Bildirilib ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 2 114 502 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 361 nəfər artaraq 36 540-a yüksəlib.
Rusiyada indiyədək koronavirusa yoluxan 1 611 445 nəfər sağalıb.
Türkiyədə
Türkiyədə də son günlər COVID-19-a yoluxma sayında kəskin artım var. Bu səbəbdən ölkədə bir sıra məhdudiyyətlər tətbiq edilib.
Eyni zamanda, Türkiyə hökuməti ölkə vətəndaşlarını yeni növ koronavirusa qarşı pulsuz peyvənd elətdirmək niyyətindədir. Bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca bildirib.
“Çinin peyvənd istehsalçısı olan “Sinovac” şirkəti ilə danışıqlar tamamlanıb, lazımi bütün qanuni proses həyata keçirilib, imzalar atılıb. Peyvənd vurulmasına başlanılması üçün azı 10 milyon doza peyvənd artıq Türkiyəyə göndərilib. Vaksinasiya tamamilə ödənişsiz olacaq”, – “Hurriyet” qəzeti nazirdən sitat gətirib.
Amerikada
Noyabrda ABŞ-da koronavirusa yoluxma hallarının sayı rekord səviyyəyə – 3 milyona çatıb.
CNN bildirir ki, bu, martdan bəri olan ən yüksək aylıq göstəricidir. Əvvəlki pik statistika iyulda qeyd edilib. Həmin ay koronavirusa 1 921 461 yoluxma aşkarlanıb. Oktyabr, avqust və sentyabr aylarında milyondan çox amerikalı koronavirusa yoluxub.
ABŞ-da təhlükəli virusa bütovlükdə 12,16 milyondan çox yoluxma qeydə alınıb. Virusa yoluxan 256 347 insan ölüb.
Dünyada
Noyabrın 23-nə olan məlumata görə, 59.102.210 nəfər koronavirusa yoluxub. Onlardan 40.884.663 nəfər müalicə olunaraq sağalıb, 1.395.649 nəfər ölüb.
“Lazımi infrastruktur qurulmasa, 2021-ci ilin əvvəlində COVID-19-un üçüncü dalğası gələcək”
“Əgər Avropa ölkələri indi lazımi infrastrukturu qurmasalar, 2021-ci ilin əvvəlində onları COVID-19-un üçüncü dalğası gözləyir”.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) xüsusi elçisi Devid Nabarron xəbərdarlıq edib.
O, Avropanın koronavirusun birinci dalğasını nəzarət altına almağı bacardığını, ikinci dalğada bunu edə bilmədiyini söyləyib:
“Onlar yay aylarında lazımi infrastrukturu qurmaq imkanını qaçırdılar”.
ÜST rəsmisi həmçinin vurğulayıb ki, Qərbi Avropa ölkələri qarşısında yenidən virusu nəzarət altına almaq vəzifəsi dayanır.
Daha əvvəl təşkilatın baş direktoru Tedros Adhanom Qebreyesus bildirmişdi ki, oktyabr ərzində koronavirusa yoluxanların sayı pandemiyanın yarım ilinin göstəricilərini ötüb.
Xatırlatma
Azərbaycanda koronavirusa ilk yoluxma halının fevralın 28-də aşkarlandığı açıqlanıb. İndiyə qədər ən çox ölüm bu gün, noyabrın 23-də qeydə alınıb – 29 nəfər.
2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 1 milyon 300 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb.