Lavrovun gizli Qafqaz xəritəsi

Mesaj ABŞ Dövlət katibinin nümayəndəsinin bölgəyə qısamüddətli gəlişindən sonra baş verən pozitiv hərəkətlənmələrdir.

Seymur Həzi, Foto:: Meydan TV


Ölüm labirintindən necə çıxmalı və regionu necə çıxarmalı

Azərbaycanda saxlanan 15 erməni hərbçisi geri verildi. Əvəzində isə ermənilərin Ağdama basdırdıqları 97 min tank və piyada əleyhinə minanın xəritəsi alındı. Bu, müharibə bitəndən sonra hərbi diplomatik sahədə ən ciddi uğur və sevindirici addımdır. Azərbaycan hakimiyyəti hər addımbaşı ölkəyə qarşı cinayət törətmiş erməni hərbçiləri xahişlərlə geri verirdi və ictimaiyyət tərəfindən qınanırdı. Fəqət, bu cür dəyişdirilmə həm sərhəd pozucularında, terrorçu dversantlarda, həm də onları bu işə sövq edənlərdə məsuliyyət yaradır. Burası yaxşı. Hətta deyək ki, əla! Amma bu olay ortaya bir sıra yeni suallar və məqamlar çıxarmaqdadır ki, biz onların üstündən sükutla keçə bilmərik.


Rusiya “tam ifşa” oldu

Ermənistanın Baş naziri Nikol Paşinyan deyib ki, onun ölkəsi çoxdan minaların xəritəsini Lavrova verib. Əgər həqiqətdirsə, onda Lavrov qəsdən bu xəritələri Azərbaycana vermək istəməyib. Ona görə ki, Rusiya Ermənistanla Azərbaycanın heç cür yumşaq siyasətə keçməsini istəmir. Çünki belə olan halda Rusiya burada nəinki heç kimə lazım olmayacaq, hətta aqressiyanın təşkilatçısı kimi diqqəti cəlb edəcək. Bu məsələdən sonra Kremlin həm sülh danışıqlarında vasitəçi kimi, həm də bölgədə sülhün təminatçısı kimi missiyası demək olar ki, ifşa oldu. Pərdələr qalxdı və məlum oldu ki, Rusiya burada vasitəçi deyil, ona verilən mina xəritələrini Azərbaycana verməyib, nə də sülhyaradan deyil, çünki sülh istəyən dinc insanların minalarla partladılıb öldürülməsini istəməz. Üstəlik deyildiyi kimi, Rusiya bizim dostumuz da deyil, axı o minalarla parçalanan azərbaycanlıların bədənləridir. Görünür ki, Lavrov məlum səfərindən sonra aranı qatmağa nail olmaq üçün mina xəritələrini deyil, Qafqazın yeni münaqişə xəritələrini verib. Beləliklə, Moskva artıq bu prosesdə ən arzuolunmaz tərəfdir. Əgər beynəlxalq birlik, burada sülh və daimi təhlükəsizlik istəyirsə, deməli, şəksiz təhdid obrazındakı Rusiya bölgədən getməlidir.


Gürcüstan vasitəçi kimi

Azərbaycanlılarla svanlar arasında təşkil edildiyi ( Rusiya tərəfindən) az şübhə doğuran olaydan sonra Tbilisinin Yerevan və Bakı arasında belə bir razılaşmanın təmin edilməsində iştirakı bölgədə sülhün təmin olunması üçün son dərəcə önənli addım oldu. Kreml mesajı aldı. Mesaj ABŞ Dövlət katibinin nümayəndəsinin bölgəyə qısamüddətli gəlişindən sonra baş verən pozitiv hərəkətlənmələrdir. Azərbaycan isə bir qədər əvvəl Rusiyanın istəyi ilə Ermənistana qaz verməyə razılaşmışdı. Bu, həm də rusların Gürcüstanı regiondakı layihələrdən kənarda qoymaq cəhdi idi. Məlumdur ki, Ermənistana qaz Gürcüstan vasitəsilə gəlirdi, amma qəfil təmir adı ilə xətti Azərbaycandan keçirməklə Ermənistana qaz verildi. Tbilisinin bu proseslərə cəlb edilməsi bütün hallarda regionda sülhün bərpası üçün hər kəsin maraqlı olmasının vacibliyini ortaya qoydu. Azərbaycan hakimiyyəti bu məsələyə necəsə yenidən baxılmasını təmin etməlidir. Çünki Azərbaycan heç bir halda heç bir qonşusu üçün, üstəlik Gürcüstan kimi strateji bir qonşu üçün iqtisadi və ya maliyyə təhdidinə çevrilməməlidir. Hər hansı aqressorun ideya portnyoru rolunda çıxış etməkdən və ya onunla birlikdə bölgədə yeni tarazlıq yaratmaqdan çəkinməlidir.

Ana səhifəXəbərlərLavrovun gizli Qafqaz xəritəsi