”Lavrovun bəyanatı müstəmləkə təfəkkürünün təcəssümüdür”

Arif Yunus: ”Ermənistanla Azərbaycan arasında sülh danışıqları ciddiləşsə, Rusiya Qafqazda öz rolunu itirəcək”

Source:


Arif Yunus: ”Ermənistanla Azərbaycan arasında sülh danışıqları ciddiləşsə, Rusiya Qafqazda öz rolunu itirəcək”

Sentyabrın 1-də Rusiya xarici işlər naziri Sergey Lavrov Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun müəllim və tələbələri ilə görüşdə ölkəsinin postsovet regionundakı maraqları ilə bağlı açıqlama verib.

Rusiyanın baş diplomatı postsovet məkanındakı münaqişələrin həll olunmamasında Qərbi günahlandırılıb.

Məlumatı APA TASS-a istinadən yayıb.

Nazir deyib ki, Rusiya NATO ilə münasibətlərin istənilən inkişafında öz təhlükəsizliyini və suverenliyini müdafiə etməyə qadirdir:

“NATO-nun avroatlantik regionda hərbi-siyasi vəziyyətin dəyişdirilməsi istiqamətində israrlı səyləri, o cümlədən Rusiya ilə həmsərhəd ərazilərdə hərbi mövcudiyyətini və infrastrukturunu gücləndirməsi xüsusi həyəcan doğurur. Bu cür qeyri-konstruktiv fəaliyyətlərin təşəbbüskarlarına aydındır ki, hadisələrin istənilən inkişaf variantında biz öz ölkəmizin təhlükəsizliyini və suverenliyini etibarlı şəkildə təmin edə bilərik”.

S.Lavrov bildirib ki, Rusiya məsuliyyətli dövlətdir və son 20 ildə ATƏT çərçivəsində, eləcə də Rusiya-NATO Şurasında qəbul olunmuş bəyannamələrə sadiqdir:

“Bu bəyannamələrdə tərəflərin Avroatlantika və Avrasiyada bərabər təhlükəsizlik məkanı formalaşdırmaq arzusu, eləcə də heç bir tərəfin öz təhlükəsizliyini digərinin təhlükəsizliyinə zərər gətirəcək şəkildə möhkəmləndirməyəcəyi vədi əksini tapıb”.

Baş diplomat məlum bəyannamələrin kağız üzərində qalmasından təəssüfləndiyini ifadə edib:

“Bizim həmin sənədləri hüquqi öhdəlik şəklinə salmaq cəhdlərimiz Qərbdən olan həmkarlarımız tərəfindən rədd edilib. Mən əminəm ki, əgər bərabər və bölünməz təhlükəsizlik prinsipi, doğrudan da, hüquqi baxımdan məcburi formaya salınsaydı, hazırda Avropada olan bir çox münaqişələr çoxdan həllini tapardı”.

S.Sergey həmin münaqişələr sırasına Dağlıq Qarabağ və Dnestryanı ərazidəki münaqişələri adi edib:

“Ukrayna böhranı isə heç baş verməzdi”.

“Lavrov açıq şəkildə deyir ki, SSRİ-nin geosiyasi maraqlarına qayıdırlar”

Rusiya xarici işlər nazirinin açıqlamasını Meydan TV-yə şərh edən konfliktoloq Arif Yunus hesab edir ki, Sergey Lavrovun çıxışı təbliğat xarakteri daşıyır və iki məqsəd güdür:

“Birinci, bu bəyanat daxili auditoriyaya hesablanıb. İkinci, Rusiya Qərbə göstərmək istəyir ki, sanksiyalar götürülməyincə, bütün münaqişə ocaqlarına olacaq. Nəzərə alın ki, baş diplomat Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun müəllim və tələbələri ilə görüşdə məlum bəyanatı səsləndirib. Xarici işlər naziri rus cəmiyyətinə, qonşularına və xarici dövlətlərə maraqlarından imtina etməyəcəyi mesajını verir. Baxın, Rusiya həm postsovet məkanındakı münaqişələrdə var, həm də Suriyada. Moskvanı Bəşər Əsədin taleyi maraqlandırmır da, onlar Qərbi “qaynar nöqtələr” vasitəsilə özünün geosiyası mənafeləri ilə razılaşmağa məcbur edir və sanksiyaları ləğv etdirmək istəyirlər. Açıq şəkildə deyirlər ki, SSRİ-nin geosiyasi maraqlarına qayıdırlar. Amma Rusiya SSRİ deyil, artıq “Varşava müqaviləsi” tarixin arxivindədir, Baltikyanı respublikalar NATO üzvüdür və sovet ittifaqı qalsaydı, sanksiya tətbiq edilməzdi də”.

“Rusiya münaqişələrdən respublikalara qarşı “dəyənək” kimi istifadə edir”

Arif Yunus təklif edir ki, Sergey Lavrovun bəyanatını oxuyanlar keçmiş sovet məkanındakı münaqişələrin tarixini xatırlasınlar. Əslində, sovet məkanındakı bütün qaynar nöqtələrin izləri Rusiyaya gedib çıxır:

Arif Yunus

“Axı Cənubi Qafqazda Dağlıq Qarabağ, Osetiya, Abxaziya və Moldaviyada Dnestryanı münaqişə başlayanda NATO söhbəti yox idi. NATO barədə ilk müzakirələr 1996-cı ildə Tbilisidə açıldı, onda da hərbi alyansın rəsmiləri gürcülərə dedilər ki, hələ sizin NATO-ya üzv olmaq haqqında düşünməyiniz tezdir, çünki bütün sahələrdə çox ciddi işləməlisiniz. Bu həmin vaxt idi ki, Cənubi Qafqazda münaqişələr 8 il idi başlamışdı. İkinci, 1991-ci ildə Rusiya prezidenti Yeltsin və xarici işlər naziri Kozırev bəyan etdilər ki, artıq SSRİ yoxdur, müstəqil dövlətlər öz siyasətlərini müəyyənləşdirsinlər, Moskva onların daxili işlərinə müdaxilə etməyəcək. Ancaq 1992-ci ildə vəziyyət dəyişdi, Rusiyanın təhlükəsizlik doktrinasında yazıldı ki, onlar SSRİ-nin varisidir və bununla Moskva postsovet məkanını öz maraq dairəsinə daxil etdiyini büruzə verdi. O zaman da NATO söhbəti yox idi. Bu doktrinayla Rusiya münaqişələrdən “dəyənək” kimi istifadə edəcəyini göstərmək istəyirdi. Təsəvvür edin ki, sabah Ermənistanla Azərbaycan arasında sülh danışıqları ciddiləşsə, Rusiya Qafqazda öz rolunu itirəcək. Ona görə Rusiya bu münaqişələrdən respublikalara qarşı istifadə edir”.

“Lavrov deyir ki, Qərb bu şərtlərlə razı olmasa, Moskva münaqişələrin həllinə imkan verməyəcək”

Siyasi icmalçı Rauf Mirqədirov bildirib ki, Sergey Lavrov istəmədən də adi bir həqiqəti etiraf edib: İndiyə qədər bu münaqişələrin həll olunmamasının yeganə səbəbkarı Rusiyadır. Lavrov demək istəyir ki, Moskvanın maraqları nəzərə alınacağı təqdirdə münaqişələrin həllinə hazırdırlar:

“Rusiyanın maraqları ondan ibarətdir ki, bütün postsovet məkanı onların təsir dairəsində olmalıdır. Qərb bu şərtlərlə razı olmasa, Moskva münaqişələrin həllinə imkan verməyəcək. Sergey Lavrovun açıqlamasını adi sözlərə çevirəndə, demoqogiyadan azad edəndə, bu mətn alınır”.

“Rusiyanın təklif etdiyi sistem gələcək yox, keçmişdir”

Rauf Mirqədirov deyir ki, Lavrovun bəyanatı XVIII- XIX əsrin müstəmləkə təfəkkürünün təcəssümüdür. 200 il əvvəl beləydi: əgər ərazini tutmuşamsa, mənimdir. Rusiya dünyada öz rolunu XVIII- XIX əsrin  dünyaya hegemonluq etmək çərçivəsində görür:

Rauf Mirqədirov

“Müasir siyasi fəlsəfə fərqlidir, məsələn, Amerika da dünyaya hegemonluq edir, amma Vaşinqtonun əsas silahı ordu yox, iqtisadiyyatdır. O cümlədən, Rusiya iqtisadiyyatı Qərb və Amerika iqtisadiyyatının xidmətində durur. Ümumiyyətlə, hərbi güclə əraziyə nəzarət etmək sonuncu vasitədir. İkinci, Lavrov həm də Qərbə təklif edir ki, gəlin danışaq, yeni yaranmış dövlətləri seçim imkanlarından məhrum edək. Biz olan yerdə, onlar nə millətdirlər, nə dövlətdirlər”.

Siyasi icmalçı sual edir ki, nə üçün postsovet məkanındakı dövlətlər Rusiyadan ayrılmağa çalışırlar? Niyə bu dövlətlər Avropa Birliyinə və Amerikaya çan atırlar? Çünki bu güclər özlərinin cazibadarlıqları ilə Rusiyadan öndədirlər, Moskva keçmiş sovet respublikalarına pozitiv heç nə təklif etmir. Ümumiyyətlə, Rusiya qonşularına heç nə vəd edə bilmir. Rusiyanın təklif etdiyi sistem gələcək yox, keçmişdir. Bəli, Çinin də ABŞ-dan xoşu gəlmir, amma Pekinin son addımları Vaşinqtonun istədiklərini ən azından görüntü xatirinə etməyə çalışır. Çinin iqtisadiyyatı tamamilə Rusiyanın yox, ABŞ-ın iqtisadiyyatına bağlıdır.

Ana səhifəXəbərlər”Lavrovun bəyanatı müstəmləkə təfəkkürünün təcəssümüdür”