“Nüvə fikri rusların deyil, Qərb siyasətçilərinin başında fırlanır”
“Rusiya danışıqlara getsə də, Ukraynada xüsusi əməliyyatı davam etdirəcək”.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov jurnalistlərə müsahibəsində belə deyib.
O bildirib ki, Qərb liderləri Rusiyaya qarşı müharibəyə hazırlaşır, məhz buna görə əməliyyatlar davam etdiriləcək.
Lavrov qeyd edib ki, Moskva Ukraynanın Rusiyanı təhdid edən infrastrukturu saxlamasına icazə verməyəcək.
XİN rəhbəri həmçinin bildirib ki, Rusiya nüvə müharibəsi barədə düşünmür: “Nüvə fikri rusların deyil, daim Qərb siyasətçilərinin başında fırlanır. Sizi əmin edirəm ki, hər hansı bir təxribatın tarazlığımızı pozmasına imkan verməyəcəyik”.
Ukrayna rəsmiləri Rusiya qüvvələrini mülki əraziləri vurmaqda günahlandırsalar da, Lavrov bildirib ki, rus qoşunları hərbi infrastrukturu məhv etmək üçün yüksək dəqiqlikli silahlardan istifadə etmək barədə ciddi əmr alıb.
Moskva istisna etmir ki, ABŞ danışıqlar məsələsində Kiyevə təsir edir və bu, prosesi yalnız ləngidir.
“Bir gün, yəqin ki, biz razılaşmalı olacaq, dialoq aparacağıq, amma hələ ki qərbli həmkarlarımız buna hazır deyillər”, – xarici işlər nazir bildirib.
Fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin separatçıların nəzarətində olan “Donetsk Xalq Respublikası” (“DXR”) və “Luqansk Xalq Respublikası” (“LXR”) adlı qurumları tanıyıb, həmin ərazilərə ordu yeridib.
Fevralın 24-də Rusiya Ukraynanın Donbas bölgəsində genişmiqyaslı hərbi əməliyyatlara başlayıb.
Bundan sonra Ukraynanın bir çox şəhər və əraziləri hava və raket hücumlarına məruz qalıb.
Martın 3-də Rusiya və Ukrayna nümayəndələri arasında danışıqlar gözlənilir.
Bildirilir ki, danışıqlar Belarusun qərbindəki Brest regionunda keçiriləcək.