“Qərblə danışılası heç nə yoxdur”
“Əgər Qərbin mövqeyi olmasaydı, Ukrayna ilə sülh mümkün olardı”.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyulun 8-də İndoneziyada İyirmilik Qrupunun (G20) diplomatik departament rəhbərlərinin görüşündən sonra keçirdiyi brifinqdə deyib.
Lavrovun sözlərinə görə, Qərb Ukraynaya sülh prosesinə getməyə imkan vermir:
“Əksinə onu silahlarını götürməyə, şəhərləri bombalamaq üçün istifadə etməyə, dinc əhalini məhv etməyə məcbur edir. Onlar danışıqları yox, Ukraynanın döyüş meydanında Rusiya üzərində qələbəsini istəyirlər. Belə olan halda, yəqin ki, Qərblə danışılası heç nə yoxdur”.
Diplomat qərbli həmkarlarını da ittiham edib:
“Göründüyü kimi, onlar üçün “əsas məsələ” Ukrayna vətəndaşları, Ukrayna və ümumilikdə Avropanın təhlükəsizliyi yox, ideologiyadır”.
“Rusiya ABŞ-ın arxasınca qaçmır, görüşməyi təklif edir. Əlaqəni kəsmək isə Vaşinqtonun seçimidir”, – Lavrov belə deyib.
Ukraynanın xarici işlər naziri Dmitri Kuleba G20-nin Nazirlər Toplantısının iştirakçılarını dünyanı ərzaq və enerji böhranları ilə təhdid edən Rusiya təcavüzünə qəti qlobal cavab verməyə çağırıb.
Bu barədə D.Kuleba “Twitter” səhifəsində yazıb.
“Bu gün mən İndoneziyanın xarici işlər naziri Retno L.P.Marsudinin dəvəti ilə G20 Nazirlər Toplantısında çıxış etdim və dünyanı ərzaq və enerji böhranları ilə təhdid edən Rusiyanın təcavüzünə qəti qlobal cavab verməyə çağırdım. Rusiyanı öz yerinə qoymaq bir nömrəli qlobal çağırışdır və bugünkü görüş bunu təsdiqlədi”, – deyə Kuleba yazıb.
Xatırlatma
Rusiya Prezidenti Vladimir Putin Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan etdikdən 2 gün sonra, fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb.
Dünyanın əksər ölkəsi Rusiyanın hücumunu pisləyib. Bundan sonra Avropa Birliyi ölkələri, eləcə də ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edib.
600-dən çox rusiyalı oliqarx, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov sanksiyalara məruz qalıblar.
Rusiyada təşkil olunacaq yarışlar təxirə salınıb, bu ölkənin adı mühüm tədbirlərdən və təşkilatlardan çıxarılıb.
Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib. Rusiya isə Avropa Şurası üzvlüyündən çıxıb.
Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.
İyunun 25-də Avropa İttifaqının 12 ölkəsi Rusiya qazının tədarükündən tamamilə və ya qismən imtina edib.