O, təyyarə qəzası ilə bağlı araşdırmanın nəticələrini gözləməyə və faciə haqqında məlumat yaymamağa çağırıb
Rusiyanın xarici işlər naziri Sergey Lavrov AZAL-ın qəzaya uğrayan təyyarəsinin “qara qutu”ları ilə bağlı açıqlama verib.
XİN başçısı jurnalistləri təyyarə qəzası ilə bağlı araşdırmanın nəticələrini gözləməyə və faciə haqqında məlumat yaymamağa çağırıb.
“Braziliyada xüsusi iclas keçirilib və “qara qutu”lar açılıb. Onların məzmunu bizi bir daha əmin edir ki, tam araşdırmanı gözləmək lazımdır. Mətbuatda təsdiqlənməyən məlumatlardan istifadə edərək gərginlik yaratmağın zamanı deyil. Təhqiqat başa çatana qədər gözləmək vacibdir və “qara qutu” məlumatları hazırda yayılan versiyaların çoxunu dəstəkləmir”, – Lavrov deyib.
Lavrov Azərbaycan tərəfinin təyyarə qəzasının araşdırılmasında Rusiya tərəfinin iştirakını dəstəkləməsini Moskvanın qiymətləndirdiyini əlavə edib.
XİN rəhbəri Rusiya-Azərbaycan arasındakı münasibətləri yüksək qiymətləndirdiyini deyib.
2024-cü il dekabrın 25-də səhər saatlarında Bakıdan Qroznıya uçan Azərbaycan Hava Yollarına məxsus təyyarə Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb.
Hadisə nəticəsində təyyarədə olan 67 nəfərdən 38-i, o cümlədən 16 Rusiya vətəndaşından 7-si həyatını itirib.
Bu qəzadan sonra Azərbaycan Ufa, Samara, Nijni Novqorod, Mineralnıe Vodı, Soçi, Volqoqrad, Qroznı, Vladikavkaz və Mahaçqala da daxil olmaqla, bir sıra Rusiya şəhərlərinə uçuşları dayandırıb.
Hadisədən üç gün sonra Rusiya Prezidenti Vladimir Putin azərbaycanlı həmkarı İlham Əliyevə zəng edərək “Rusiya hava məkanında baş vermiş faciəvi insident”ə görə üzrxahlıq edib.
Prezident İlham Əliyev dekabrın 29-da Azərbaycan Televiziyasına (AzTv) müsahibəsində təyyarənin Rusiya tərəfindən vurulduğunu deyərək bir sıra ittihamlar səsləndirib.
O bildirib ki, Rusiya tərəfi məsələni ört-basdır etmək istəyir.