Lavrov Putinin Qərbin hədəfində olduğunu açıqladı

Lavrov və Putin. Foto: Drop of Light/shutterstock

“ABŞ Rusiya Prezidentini fiziki məhvlə hədələyir”

“ABŞ və onun NATO müttəfiqləri Rusiyanı məhv etmək üçün “döyüş meydanında” qələbə istəyirlər”.

Bunu TASS-a müsahibəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Onun sözlərinə görə, kollektiv Qərb və nəzarəti altında olan Ukrayna Prezidenti Volodimir Zelenskinin hərəkətləri Ukraynadakı böhranın qlobal xarakter daşıdığını təsdiqləyir.

“Artıq heç kimə sirr deyil ki, ABŞ və onun NATO müttəfiqlərinin strateji məqsədi ölkəmizi əhəmiyyətli dərəcədə zəiflətmək, hətta məhv etmək mexanizmi kimi döyüş meydanında Rusiyanı məğlub etməkdir”, -deyə  Lavrov bildirib.

Sergey Lavrov Pentaqonun Putini öldürmək planının olduğunu da bildirib:

“Vaşinqton uzağa getdi. Pentaqondan bəzi “adları açıqlanmayan rəsmilər” Kremli “başı kəsiləcək zərbə” ilə hədələsələr də, əslində, bu, Rusiya dövlət başçısının fiziki olaraq məhv edilməsi təhlükəsidir. Əgər bu fikiri, həqiqətən də, kimsə irəli sürülübsə, həmin şəxs bunun mümkün nəticələri barədə diqqətlə düşünməlidir”.

Diplomat nüvə silahı ilə bağlı Qərbdən gələn siqnalları da ziddiyyətli adlandırıb.

O deyib ki, Böyük Britaniyanın keçmiş baş naziri  Liz Truss seçkiqabağı debatlar zamanı bu təbliğatdan geniş istifadə edib.

“Orada, deyəsən, hər cür ədəb-ərkanı tamamilə itiriblər. Xüsusilə, seçkiqabağı debatlar zamanı heç bir şübhə doğurmadan nüvə zərbəsi xəbərini verməyə hazır olduğunu bəyan edən bədnam Liz Truss xüsusi diqqət çəkirdi”, – deyə o bildirib.

Lavrovun sözlərinə görə, Ukrayna Prezidenti Volodimir Zelenski NATO ölkələrindən Rusiyaya qarşı qabaqlayıcı nüvə zərbələri tələb etməyə razılaşıb.

Onun fikrincə, bu da məqbul olan hüdudları aşmaq deməkdir.

Nazirin sözlərinə görə, Rusiyanın rəqibləri məqsədlərinə çatmaq üçün çox şeyə hazırdırlar:

“”Qaynar münaqişə”nin əsas benefisiarı ABŞ-dır ki, ondan həm hərbi-strateji, həm də iqtisadi baxımdan maksimum fayda əldə etməyə çalışır. Eyni zamanda, Vaşinqton mühüm geosiyasi vəzifəni də həll edir: Rusiya ilə Avropa arasında ənənəvi əlaqələri qırmaq və Avropa peyklərini daha da özlərinə tabe etmək”.

Xatırlatma

Rusiya Prezidenti Vladimir Putin Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan etdikdən 2 gün sonra, fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb.

Dünyanın əksər ölkəsi Rusiyanın hücumunu pisləyib. Bundan sonra Avropa Birliyi ölkələri, eləcə də ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edib.

600-dən çox rusiyalı oliqarx, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov sanksiyalara məruz qalıblar.

Rusiyada təşkil olunacaq yarışlar təxirə salınıb, bu ölkənin adı mühüm tədbirlərdən və təşkilatlardan çıxarılıb.

Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.

Rusiya isə Avropa Şurası üzvlüyündən çıxıb.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.

İyunun 25-də Avropa İttifaqının 12 ölkəsi Rusiya qazının tədarükündən tamamilə və ya qismən imtina edib.

Sentyabrın 23-dən -27-dək Rusiyanın işğal altında saxladığı Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərində referendum keçirilib.

Referendumda üç sual qoyulub: “Siz regionun Ukraynadan ayırılmasının, müstəqil dövlət yaradılmasının və Rusiyanın tərkibinə daxil olmasının tərəfdarısınızmı?”

Rusiyanın açıqladığı nəticələrə görə, həmin vilayətlərin sakinləri Rusiyanı dəstəkləyib.

Ukrayna və Qərb isə bu seçkiləri saxta adlandırıb və nəticələrini tanımayıb.

Ana səhifəDünyaLavrov Putinin Qərbin hədəfində olduğunu açıqladı