Lavrov Bayramov və Mirzoyanla görüşüb (yenilənir)

Rusiya Xarici İşlər Nazirliyi. Foto: MikroKon/shutterstock

Azərbaycan Xarici İşlər Nazirliyi 19 may Moskva görüşü barədə məlumat yayıb.

Nazirlik bildirib ki, Ceyhun Bayramov və Ararat Mirzoyan Azərbaycan, Ermənistan və Rusiya liderlərinin üçtərəfli bəyanatlarının icrası ilə bağlı mövqelərini təqdim ediblər:

“Tərəflər “Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında” saziş layihəsi üzərində işi davam etdiriblər. Hələ də fikir ayrılıqlarının mövcud olduğu mövzular ətrafında konstruktiv fikir mübadiləsi aparılıb”.

“Tərəflər müzakirələri davam etdirmək barədə razılığa gəliblər”,-deyə XİN əlavə edib.

Ermənistan Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada isə qeyd olunub ki, tərəflər “Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında” saziş layihəsi üzərində işi davam etdiriblər:

“Tərəflər arasında hələ də fikir ayrılıqlarının mövcud olduğu mövzular ətrafında konstruktiv fikir mübadiləsi aparılıb”.


Moskva danışıqlarında Azərbaycan və Ermənistan sülh müqaviləsi mövzusunda anlaşmanı ümumi baxışa yaxınlaşdıra bildilər.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ceyhun Bayramov və Ararat Mirzoyanla üçtərəfli danışıqların yekunlarından sonra yerli jurnalistlərə deyib.

Sülh müqaviləsi və bu gün müzakirə edilən bir sıra maddələrə əsasən, biz hər iki tərəfin anlaşmasını ümumi baxışa yaxınlaşdıra bildik. İndi Ermənistan və Azərbaycanın xarici işlər nazirləri arasında ikitərəfli görüş başlayıb. Ondan sonra onlar əldə etdikləri barədə bizə məlumat verəcəklər”, – deyə Lavrov əlavə edib.

Lavrovun sözlərinə görə, Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Qarabağda təhlükəsizlik bağlı vəziyyət yaxşılaşdırılmasa, sülh müqaviləsi üzərində işin çətin olacağını bildiriblər.

O, Bakı və Yerevanın yaxın vaxtlarda sərhədin delimitasiyası və demarkasiyası üzrə ikitərəfli komissiyanın iclasının keçirilməsi barədə razılığa gəldiklərini də söyləyib:

Yaxın vaxtlarda biz Rusiyanın məsləhətçi iştirakı ilə sərhədin delimitasiyası və demarkasiyası üzrə ikitərəfli komissiyanın iclasını keçirməyə razılaşdıq”.

S.Lavrov həmçinin gələn həftə Dağlıq Qarabağ üzrə üçtərəfli işçi qrupunun iclasının keçiriləcəyini vurğulayıb.


O, Rusiyanın Qafqazda sabitliyin tərəfdarı olduğunu deyib

Mayın 19-da Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşüb.

Lavrov bu təması prezidentlərin görüşü öncəsi ikitərəfli münasibətləri müzakirə etmək imkanı adlandırıb.

Bu barədə Rusiya mediası məlumat yayıb.

Lavrov bildirib ki, Rusiya və Azərbaycan prezidentləri tərəfindən əvvəllər əldə edilmiş bütün razılaşmaların həyata keçirilməsi Moskva və Bakının diqqətindədir:

“Son maraqlı layihələr arasında “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi də var. Liderlərimiz bunu həm öz aralarında, həm də digər maraqlı ölkələrin iştirakı ilə müzakirə ediblər. Onların sayı da çoxdur, ona görə də biz gözləyirik ki, bu və digər sahələrdə bundan sonra da iş aparılacaq. Bunlar növbəti görüşdə razılaşdırılacaq”.

Rusiyalı diplomat iki ölkə arasında ticarət sahəsində əməkdaşlığın yüksələn xətt üzrə getdiyini deyib:

“İnvestisiyaları işləyir, şirkətlərin əlavə planları var. Ona görə də gəlin bu məsələlərlə bağlı fikir mübadiləsi aparaq və görək bu gün günorta erməni həmkarımızla planlaşdırılan üçtərəfli təmaslara necə daha yaxşı hazırlaşaq”.

Günün ikinci yarısında S. Lavrov A. Mirzoyan və C. Bayramovla birgə görüşüb.

Sergey Lavrov Rusiyanın Cənubi Qafqazda sabitləşmə ilə bağlı razılaşmaların yerinə yetirilməsini təmin etmək üçün əlindən gələni edəcəyini deyib.

O, ümid edir ki, bütün digər ölkələr Cənubi Qafqazda vəziyyətin sabitləşdirilməsi ilə bağlı qərarlara hörmətlə yanaşacaqlar.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bugünkü danışıqların səmərəli olacağına ümid etdiyini deyib:

Bakı ilə Yerevan arasında münasibətlərin normallaşdırılması prosesi çərçivəsində bütün məsələlər spektrini nəzərdən keçirməyə imkan verəcək”.

Onun sözlərinə görə, rəsmi Bakı Ermənistan və Azərbaycan arasında postmünaqişə dövründə normallaşma prosesini ardıcıl olaraq dəstəkləyir.

Düzgün şəkildə qeyd edildiyi kimi, postmünaqişə dövründə bu normallaşma müxtəlif istiqamətlərdən ibarət bir prosesdir. Biz bütün istiqamətlərdə paralel işin tərəfdarıyıq. İnanırıq ki, onlar bir-birini tamamlayır. Ötən ilin sonundan danışıqlar prosesində müəyyən durğunluq yarandığı müşahidə olunmuşdu. Biz mayın əvvəlindən danışıqlar dinamikasının ardıcıl və müsbət xarakter daşımasını müsbət qiymətləndiririk”, – deyə Bayramov vurğulayıb.

Foto: screenshot news.am

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan isə Yerevanla Bakı arasında kommunikasiyaların bloklanması və sərhədlərin delimitasiyası prosesi üçün anlaşma əldə edildiyini qeyd edib.

“İki ölkə liderlərinin razılaşdıqları və bununla bağlı birgə bəyanatla çıxış etdikləri eskalasiyanın daha da artmasının qarşısının alınmasının və güc tətbiqindən çəkinməyin vacibliyini vurğulamaq istərdim. Ermənistan noyabrın 9-da və ondan sonrakı bütün üçtərəfli bəyanatlara sadiq qalır”, – deyə o bildirib.

Mayın 14-də Brüsseldə Azərbaycan və Ermənistan liderləri Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə görüşüblər.

Görüşdən sonra bəyanat yayan Şarl Mişel Brüssel danışıqlardan məmnun qaldığını ifadə edib.

Bəyanatda qeyd olunur ki, liderlər Cənubi Qafqazda sülhün bərqərar olmasına hazırlığı müzakirə ediblər.

“ABŞ-da sülh müqaviləsi ilə bağlı son müsbət danışıqlardan sonra Ermənistan və Azərbaycan arasında hərtərəfli sülh sazişinin imzalanması istiqamətində qəti addımların atılması üçün səylər saxlanılmalıdır”, – Şarl Mişel deyib.

Mayın 1-4 tarixlərində Azərbaycan və Ermənistan xarici işlər nazirləri Vaşinqtonda görüşmüşdü.

ABŞ-ın Dövlət katibi Entoni Blinken mayın 4-də keçirdiyi mətbuat konfransında Azərbaycan və Ermənistanın davamlı sülh sazişi istiqamətində nəzərə çarpacaq irəliləyiş əldə etdiyini bildirmişdi.

Münaqişənin qısa tarixçəsi

Azərbaycan və Ermənistan arasında olan Qarabağ münaqişəsinin ilkin mərhələsi 1988-ci ildə başlayıb.

Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayan və 1994-cü ildə imzalanan atəşkəs razılaşması ilə bitən Birinci Qarabağ müharibəsi zamanı Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində isə Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı üçtərəfli birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Hazırkı mərhələdə ərazidə tez-tez atəşkəs pozulur, hətta günlərlə sürən döyüşlər baş verir.

Nəticədə hər iki tərəf itki verir və buna görə bir-birlərini günahlandırırlar. 

Ana səhifəSiyasətLavrov Bayramov və Mirzoyanla görüşüb (yenilənir)