O, Avropa İttifaqını Bakı və Yerevanla münasibətlərindən sui-istifadə etməkdə günahlandırıb
“Avropa İttifaqı çox ciddi şübhələrə səbəb olan qərarlar verərək Ermənistan və Azərbaycanla münasibətlərindən sui-istifadə edir“.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov fevralın 28-də Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Baramovla görüşdən sonra birgə keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, Avropa İttifaqının Ermənistana göndərdiyi missiyanın mandatı ilə bağlı suallar var: “Avropa İttifaqı missiyasının Ermənistana göndərilməsi onun funksiyaları, mandatı ilə bağlı bir çox sual doğurur. Brüssel Ermənistan və Azərbaycanla münasibətlərindən sui-istifadə edərək öz missiyasının Ermənistana göndərilməsi barədə qərar verir. Onun müddəti və funksiyaları, eləcə də bunun Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına töhfə verib-verməməsilə bağlı çoxlu suallar yaranır. Ancaq bu, tərəflərin suveren seçimidir“.
“Rusiya Cənubi Qafqazda sülh və inkişafın təmin edilməsində maraqlıdır”
Lavrov bildirib ki, Rusiya Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi üzrə danışıqların təşkilinə kömək etməyə hazırdır.
O həmçinin qeyd edib ki, Rusiya Cənubi Qafqazda sülh və inkişafın təmin edilməsində maraqlıdır.
Rusiyanın xarici işlər naziri Laçın dəhlizi ilə bağlı məsələyə də toxunaraq əlavə edib ki, Laçın dəhlizindəki rejim üç tərəfin imzaladığı sənədlərə uyğun olmalı, yalnız mülki və humanitar yüklər üçün istifadə olunmalıdır.
“Biz sülhməramlı kontingentin vasitəçiliyilə tərəflərlə əlaqələrimiz zamanı buna nail oluruq. Orada nəzarət-buraxılış məntəqələrinin yaradılması nəzərdə tutulmayıb, lakin bu yol ilə daşınanlara dair şübhələri texniki vasitələrlə aradan qaldırmaq mümkündür“, – o bildirib.
“Yerevan üçtərəfli bəyanatın bəndlərini pozub”
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov isə rusiyalı həmkarı ilə birfinqdə deyib ki, rəsmi Bakı üçtərəfli bəyanatların prinsiplərinə tam riayət edilməsinin tərəfdarıdır.
Nazir bildirib ki, Ermənistan danışıqlar masasına nə qədər tez qayıtsa, sülh prosesi üçün bir o qədər yaxşı olar.
Bayramov çıxışında Yerevanı üçtərəfli bəyanatın bəndlərini pozmaqda günahlandırıb və əlavə edib ki, Bakı məhz bundan sonra etirazlara başlayıb:
“Xankəndi-Laçın yolunda etirazların əsas səbəbi Ermənistanın üçtərəfli bəyanatın bəndlərini pozması olub. Etirazlar başlayanda isə Ermənistan bununla və yol təhlükəsizliyi məsələsi ilə heç bir əlaqəsi olmadığını bəyan edərək bütün məsuliyyəti Azərbaycan və Rusiyanın üzərinə atmağa çalışırdı. Azərbaycan yolda baş verən etirazların Qarabağda yaşayan ermənilər üçün hər hansı humanitar nəticələrə səbəb olmaması üçün əlindən gələni edir. Bütün çətinliklərə baxmayaraq, Azərbaycan üçtərəfli bəyanatlara və digər razılaşmalara tam əməl etmək mövqeyindədir“.
Bundan öncə də rəsmi Bakı dəfələrlə Ermənistanı Laçın dəhlizilə Qarabağa hərbçi, silah və minalar daşımaqda ittiham edib.
“Rusiya bu qənaətdədir ki, Qərb onu Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq istəyir”
Siyasi şərhçi Şahin Cəfərli Meydan TV-yə deyib ki, Avropa İttifaqının yeni missiyası Rusiya üçün gözlənilməz olub.
Onun fikrincə, ötən il Avropa İttifaqının Ermənistandakı qısamüddətli və azsaylı missiyası daha çox texniki xarakter daşıyırdı:
“Cəmi 40 nəfərə yaxın müşahidəçi 2 ay müddətində monitorinqlər keçirərək geri döndü. Lakin bu qrupun dərhal uzunmüddəti və çoxsaylı missiya ilə əvəzlənməsi artıq geosiyasi hadisədir. Bu, Rusiya üçün gözlənilməz oldu. Moskva bunu öz nüfuz sahəsi hesab etdiyi Cənubi Qafqaz regionuna müdaxilə kimi qiymətləndirir. Xüsusən də Rusiyanın hərbi müttəfiqi, hətta forpostu hesab olunan Ermənistana Avropa İttifaqının timsalında Qərbin müdaxiləsi Moskvada ciddi narahatlıq doğurub. Onlar düşünürlər ki, Qərb Rusiyanın geostrateji maraqları təməlində qurulmuş regional təhükəsizlik sistemini dəyişdirmək istəyir. Sadə dildə desək, Rusiya bu qənaətdədir ki, Qərb onu Cənubi Qafqazdan sıxışdırıb, çıxarmaq niyyətindədir“.
“Cənubi Qafqaz Qərb və Rusiya arasında rəqabət sahələrindən birinə çevrilib”
Ekspert bu qənaətin də yanlış olmadığını düşünür:
“Bu qənaət heç də yanlış deyil. Ukrayna müharibəsi başladıqdan sonra Avropa İttifaqı və ümumilikdə Qərbin postsovet məkanında cəsarətləndiyini və Rusiyanın bu regiondakı qırmızı xətlərinə hörmət göstərmədiyini, bu xətləri aşıb keçdiyini görürük. Ukrayna və Moldovaya Avropa İttifaqı üzvlüyünə namizəd statusu, Gürcüstana üzvlük perspektivinin verilməsindən sonra Cənubi Qafqaz da Qərb və Rusiya arasında rəqabət sahələrindən birinə çevrilib“.
“2020-ci ildə baş vermiş Qarabağ müharibəsi və onun yekununda imzalanmış 10 noyabr tarixli üçtərəfli Bəyanat Brüssel və Vaşinqton üçün gözlənilməz olmuşdu. Rusiya faktiki olaraq onları oyundankənar vəziyyətə salmışdı. Lakin Qərb əvvəlcə Azərbayan və Ermənistan liderləri arasında ayrıca dialoq müstəvisi təşkil etməklə, daha sonra Ermənistana 2 illik missiya göndərməklə oyuna dönmüş oldu“, – deyə o bildirib.
“Rusiyanın Ermənistanda nüfuzunun sarsılması göz önündədir”
Şahin Cəfərlinin sözlərinə görə, Qərb çalışır ki, Ermənistan və Azərbaycan arasında tezliklə sülh müqaviləsi imzalansın və bütün mübahisəli məsələlərə nöqtə qoyulsun:
“Eyni zamanda, Qərb Bakı ilə Xankəndi arasında birbaşa dialoqu da təşviq edir. Əgər bu proses uğurla yekunlaşarsa, aydındır ki, Rusiyanın sülhməramlı qüvvələrinə ehtiyac qalmayacaq. Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə münasibətlərinin yoluna qoyulmasından bir müddət sonra isə Rusiyanın Ermənistandakı hərbi bazalarına da ehtiyac olmayacaq. Hərbi bazaların 2044-cü ilə qədər Ermənistanda qalması ilə bağlı razılaşma olmasına baxmayaraq, Rusiyanın Ermənistanda nüfuzunun sarsılması göz önündədir. Ermənilərin bir çoxu bu ölkəni nəinki müttəfiq saymır, hətta təhdid hesab edir. Bir sözlə, Rusiyanın yaxın gələcəkdə Cənubi Qafqazı itirməsi təhlükəsi real görünür, Moskva təbii ki, bu gözlənilən aqibəti əngəlləməyə çalışır. Sergey Lavrovun Azərbaycana səfəri də bu nöqteyi-nəzərdən qiymətləndirilməlidir“.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov fevralın 27-də Azərbaycana səfərə gəlib.
Fevralın 27-də Azərbaycan Prezidenti İlham Əliyev Sergey Lavrovu qəbul edib.