Lavrov: Azərbaycanı Avrasiya İqtisadi İttifaqında görməkdən məmnun olarıq

Tofiq Zülfüqarov: ”Qarabağ probleminin həllində irəliləyiş yoxdursa, digər məsələlərdə yenilik gözləmək düzgün deyil”

Source:


Tofiq Zülfüqarov: ”Qarabağ probleminin həllində irəliləyiş yoxdursa, digər məsələlərdə yenilik gözləmək düzgün deyil”

Rusiya xarici işlər naziri Sergey Lavrov 19 noyabr Bakı səfərində “Azərbaycan və Rusiya strateji tərəfdaşdır” açıqlamasını verib.

Rusiyanın baş diplomatı bu barərə ADA universitetindəki mühazirəsində danışıb (report.az).

S.Lavrov iki ölkə arasında fəal əməkdaşlığın qurulduğunu söyləyərək “bunu ticarət dövriyyəsinin rəqəmləri ilə də görmək olar” deyə əlavə edib.

Nazir bildirib ki, Putin ilə Əliyev arasındakı etibarlı dialoqun da təsir etdiyi qarşılıqlı anlaşma var:

“Terrorizmin öhdəsindən yalnız birlikdə mübarizə aparmaqla gəlmək olar”.

Nazir Rusiya və ABŞ arasındakı əlaqələrin Dağlıq Qarabağ münaqişəsinin həllinə heç cür təsir göstərmədiyini deyib:

“ABŞ-ın Rusiya ilə siyasətində dərin fikir ayrılığı mövcud olsa da, Qarabağ münaqişəsi məsələsində Vaşinqtonun mövqeyi dəyişməz qalıb. Bir çox məsələlər üzrə münasibətlər dalana dirənib, amma Dağlıq Qarabağ nizamlanması üzrə əməkdaşlıq bundan zərər görməyib”, – S.Lavrov bildirib.

Onun sözlərinə görə, Rusiya ABŞ və Fransa ilə birlikdə çox yaxşı bilinən ortaq mövqe tutub.

“Ümidvaram, Azərbaycan və Ermənistan prezidentlərinin ötən ay keçirilən görüşü ümumi səylərə baxmayaraq, yaranmış durğunluğu aradan qaldırmağa kömək edəcək və Dağlıq Qarabağ münaqişəsinin həllində irəliyə doğru hərəkət etməyə imkan verəcək” – S.Lavrov bildirib.

Xarici işlər naziri Avrasiya İqtisadi İttifaqı barədə də fikirlərini açıqlayıb və “Azərbaycanı da bu təşkilatda görməkdən çox məmnun olarıq” bəyanatını səsləndirib.

Rusiya XİN-in başçısı Sergey Lavrovun açıqlamalarını Meydan TV-yə şərh edən Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bu səfərə ümumi qiymət vermək istədiyini deyib:

‘’Bu səfər zamanı Dağlıq Qarabağ problem haqda yeni və ümidverici açıqlama olmayıb. Bu səfərdən əvvəl də skeptik baxışlar vardı və səfər həmin baxışları doğrultdu”.

Sabiq nazir deyir ki, iki dövlət əlaqələrində bir növ disbalans var. Tranzit, iqtisadi, humanitar əlaqələrin perspektivləri mövcuddur. Amma sülh prosesi, Rusiyanın vasitəçiliyi bu əlaqələrə ciddi disbalans yaradır və mənfi təsir göstərir. Əslində, iki dövlət arasında əlaqələrin inkişafı Moskvanın Ermənistan-Azərbaycan münaqişəsinə mövqeyindən asılıdır.

Tofiq Zülfüqarov

Tofiq Zülfüqarov inanmır ki, Azərbaycan-Rusiya əlaqələri Qarabağ məsələsində hansısa irəliləyiş olmadan inkişaf etsin:

“Söhbət ciddi və çox tez inkişafdan gedir. Çünki Qarabağ problemi Azərbaycan üçün ən önəmli məsələlərdən biridir və hər bir ölkəylə qurulan əlaqələr məhz bu məsələ ilə bağlıdır. Ona görə digər məsələləri müzakirə etmək o qədər də əhəmiyyətli deyil. Əgər Qarabağ probleminin həlli istiqmaətində heç bir irəliləyiş yoxdursa, digər məsələlərə aid yenilik gözləmək düzgün deyil”.

Tofiq Zülfüqarov Sergey Lavrovun “Rusiya və ABŞ arasındakı əlaqələr Dağlıq Qarabağ münaqişəsinin həllinə heç cür təsir göstərmir” açıqlaması ilə razılaşmır:

“Bu inandırıcı yanaşma deyil. Hamımız Rusiyanın Qərblə əlaqələrinin böhran mərhələsini yaşadığını və hər bir gedişata öz təsirini göstərdiyini bilirik. Artıq bu təsir özünü biruzə verir və Ermənistan-Azərbaycan konfliktinə də birbaşa təsiri olacaq. Sadəcə, Lavrovun bunu xüsusi qeyd etməsi onu göstərir ki, Rusiya hadisələrin gedişinin tərəfdarı deyil”.

Sabiq xarici işlər naziri hesab edir ki, Azərbaycan Avrasiya İqtisadi İttifaqına üzv olsa münaqişənin həlli istiqamətində heç nə dəyişə bilməz:

“Əvvəla, Azərbaycanın Avrasiya İqtisadi İttifaqına üzv olmağının Bakı və Moskva üçün heç bir mənası yoxdur. Çünki bu birlik yalnız iqtisadi yox, siyasi layihədir. Bu mənada Dağlıq Qarabağ məsələsində heç bir təsir etməyəcəksə, Azərbaycanın həmin layihədə iştirakının heç bir perspektivi yoxdur. Ona görə Lavrovun səfəri göstərdi ki, Bakı-Moskva əlaqələrində problemə çevrilən Qarabağ məsələsi çözülməsə digər istiqamətlərdə hansısa irəliləyiş mümkün deyil”.

Ana səhifəXəbərlərLavrov: Azərbaycanı Avrasiya İqtisadi İttifaqında görməkdən məmnun olarıq