Lavrov: “ABŞ Ermənistana deyir ki, Rusiyanın hərbi bazasını ərazinizdən qovun”

Lavrov. Foto: Meydan TV

Rusiyalı diplomat Yerevanı KTMT-ni dəvət etməməkdə günahlandırır

ABŞ Ermənistandan Rusiya hərbi bazasını öz ərazisindən çıxarmağı xahiş edir, bunun müqabilində respublikanın təhlükəsizliyini təmin edəcəyinə söz verir”.

Bunu mayın 17-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov “tsargrad.tv”də səsləndirib.

Mən bilirəm ki, ABŞ və müttəfiqləri ermənilərə deyirlər ki, rusları öz ərazinizdən qovun, sərhəddən də hərbçiləri çıxarın. Amerikalılar təhlükəsizliyin təmin edilməsinə kömək edəcək”, – deyə diplomat vurğulayıb.

Lavrov Vaşinqtonun bu addımını açıq təxribat adlandırıb:

“Bu,diplomatiya deyil və artıq bu diplomatiya yoxdur. Birbaşa rüşvət var”.

Lavrov bildirib ki, ABŞ tez-tez müttəfiqlərini tərk edir:

“”Ərəb baharı”nın əvvəlində ləyaqətlə istefa verən Misir Prezidenti Hüsnü Mübarəkin üzərindən əlini çəkdilər. ABŞ iyirmi illik işğalı zamanı güvəndiyi Əfqanıstan rəhbərliyini tək qoydu”.

Lavrov bu məsələdə Ermənistan hakimiyyətini də ittiham edib.

Nazir deyib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) müşahidəçi missiyasının yerləşdirilməsi ilə bağlı sənədi imzalayan Yerevan daha stabil vəziyyətə düşəcəkdi.

Onun sözlərinə görə, 2022-ci ilin payızında KTMT-nin müşahidə missiyasının Ermənistan ərazisində yerləşdirilməsinə dair sənəd hazırlanıb:

“Həmin vaxt KTMT-nin toplantısı Yerevanda keçirilirdi. Əgər Yerevan artıq razılaşdırılmış sənədi təsdiqləsəydi, əminəm ki, Ermənistan qalib gələrdi və daha sabit vəziyyət əldə edərdi”.

Sənəd xarici işlər nazirləri səviyyəsində tam razılaşdırılmışdı. Son anda sammitin özündə erməni dostlar onun qəbulunu təxirə salmağı xahiş etdilər. İndiyə qədər o, kağız şəklində qalır və həyata keçirilə bilməz”,-deyə Lavrov fikrini tamamlayıb.

Rəsmi Yerevan rusiyalı nazirin açıqlamasına reaksiya verməyib.

Ancaq Baş nazir Nikol Paşinyan aprelin 20-də yerli mediaya demişdi ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) missiyasını öz ərazisində yerləşdirməyə hazırdır.

“Yerevan KTMT missiyasını öz ərazisində yerləşdirməyə etiraz etmir, amma bunun effektiv olması lazımdır. Ermənistanın KTMT qarşısında öhdəlikləri olduğu kimi, KTMT-nin də Ermənistan qarşısında təhlükəsizliyin təmin edilməsi kimi öhdəlikləri var. Avropa İttifaqının missiyası ilə KTMT-nin missiyasını müqayisə etmək olmaz. KTMT missiyasından gözləntilərimiz daha çox olmalıdır”.

Fevralın 20-də Avropa İttifaqının 100 nəfərdən ibarət yeni missiyası ikiillik mandatla Ermənistana gəlib.

Missiyanın ictimaiyyətə açıqlanan məqsədləri bunlardır: sərhədyanı ərazilərdə sabitliyi təşviq etmək, yerlərdə etimad yaratmaq və Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması üçün əlverişli mühitin təmin olunması.

Martın 10-da Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibinin müavininin kvotasından imtina etmişdi.

Yanvarın əvvəlində isə Baş nazir Nikol Paşinyan Ermənistanın KTMT-nin Çevik Hərəkat Kollektiv Qüvvələrinin “Sarsılmaz Qardaşlıq-2023” hərbi təlimlərini öz ərazisində keçirməkdən imtina etdiyini bildirmişdi.

1992-ci ildə yaranan KTMT-yə Rusiya, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan daxildir.

Ana səhifəDünyaLavrov: “ABŞ Ermənistana deyir ki, Rusiyanın hərbi bazasını ərazinizdən qovun”