“Artsax kimi yazanda yanında Qarabağ da yazmışam və bu, hər iki xalqa hörmətin göstəricisidir”
İyunun 30-da Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycanda həbsdə olan bloger Aleksandr Lapşinin cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Meydan TV-nin məlumatına görə, hakim Əlövsət Abbasovun sədrlik etdiyi prosesi İsrailin Azərbaycandakı səfirliyinin konsulu, Rusiya və Ukrayna səfirliklərinin nümayəndələri izləyib. Hakim bildirib ki, Lapşin məhkəməyə müraciət edərək fransiz və ivrit dillərindən də tərcüməçilər istəyib. Hakim deyib ki, sənədlərin tədqiqi mərhələsində tərcüməçilər dəvət ediləcək. Hazırkı prosesdə rus dilindən tərcüməçi iştirak edib.
Lapşin məhkəmə iştirakçılarına etiraz etməyib. Hər hansı vəsatəti olmadığını deyib. Bildirib ki, Rusiyada anadan olub, hazırda İsrailin Hayfa şəhərində yaşayır.
Daha sonra dövlət ittihamçısı Nəsir Bayramov ittiham aktını elan edib. İttihama görə, Lapşin iki dəfə Dağlıq Qarabağda olub və Azərbaycanın dövlət sərhəddini pozub. O, yazılarında Qarabağı müstəqil ölkə kimi təqdim edib və “Artsax” adlandırıb.
İttihama münasibət bildirən Lapşin deyib ki, özünü təqsirli bilmir və iki dəfə Qarabağda olaraq məqalə yazıb.
Ona ifadə vermək təklif olunub. Lakin o, suallara cavab verəcəyini deyib. Prokurorun suallarına cavab olaraq bildirib ki, səfərdə məqsəd turizm olub, çəkiliş xərclərini özü ödəyib, həmin əraziləri Azərbaycan ərazisi kimi tanıyır, getməzdən əvvəl oranın tarixi ilə maraqlanmayıb və Azərbaycan tərəfdən icazə almaq cəhdi olmayıb.
Bildirib ki, Qarabağda oteldə qalıb, Georgi adlı gürcü və onun arvadı Yuliya da bir dəfə onunla birlikdə Qarabağda olub. Lapşin deyib ki, Azərbaycanda keçirilən Formula yarışları və qaçqınların ağır vəziyyətdə yaşamaları haqqında da məqalə yazıb. Bloger bildirib ki, Qarabağı dövlət kimi yox, coğrafi ərazi olaraq müstəqil adlandırıb:
“Məni müşayiət edən şəxsin adın xatırlamıram. Artsax kimi yazanda yanında Qarabağ da yazmışam və bu, hər iki xalqa hörmətin göstəricisidir. Videoları mən və yanımda olanlar çəkiblər”.
Prokuror ondan “Facebook”da dostluq etdiyi Sergey Şahverdiyan barədə soruşub. Bildirib ki, həmin şəxs qondarma Dağlıq Qarabağ Respublikasının iqtisadiyyat nazirinin müavinidir. Lapşin onu tanımadığını deyib.
Daha sonra iclasda şahidlər ifadə veriblər. Könül Hüseynova, Rəfael Əlixanov, Rasim Hacıyev və digərləri Lapşinin fikirləri ilə internerətdə tanış olduqlarını, qarabağlı kimi onun hərəkətlərindən sarsıldıqlarını və onun cəzalandırılmasını istəyiblər. Bildiriblər ki, Lapşin azərbaycanlıları təhqir edib.
Proses iyulun 3-də davam edəcək.
Bir neçə dövlətin vətəndaşlığını daşıyan A.Lapşin Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq keçmə, ərazi bütövlüyünü parçalamağa yönələn açıq çağırışlar etmə əməllərinə görə təqsirləndirilir.
O, 2016-cı il dekabrın 15-də Belarus Respublikasının hüquq-mühafizə orqanları tərəfindən Minskdə saxlanılaraq, 2017-ci il fevralın 7-də Azərbaycana ekstradisiya edilib.