Ağır Cinayətlərə dair İşlər Məhkəmənin hökmü ilə ömürlük azadlıqdan məhrum edilən Şəmkir rayon sakini Vüqar Əliyev saxlandığı həbsxanadan dövlət başçısı İlham Əliyevə video-müraciət göndərib.
Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinə əsasən təqsirləndirilən Vüqar Əliyev və nişanlısı Lamiyə Quliyeva 2003-cü ilin mayında Şəmkir rayonun sabiq icra başçısı Aslan Aslanovun oğlu Ruslanı qətlə yetirməkdə təqsirləndirilirlər.
Respublika Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Vüqar Əliyev ömürlük, Lamiyə Quliyeva isə 10 il müddətinə azadlıqdan məhrum edilib. 2 il əvvəl isə L.Quliyevanın barəsində 317-ci (cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının normal fəaliyyətini pozma) maddəsi ilə cinayət işi başlanılıb. Həmin cinayət işi ilə əlaqədar onun cəzası 5 il 6 ay artırılıb.
2015-ci ilin fevralında Apellyasiya Məhkəməsinin qərarı ilə Lamiyə Quliyeva azadlığa buraxılıb. O, Ruslan Aslanovu namus üstündə öldürdüyünü və qətlin törədilməsində Vüqar Əliyevin heç biri rolu olmadığını deyir.
Hazırda Vüqar Əliyev Qobustan həbsxanasında cəza çəkir. O, Şəmkir rayonunun sabiq icra başçısı Aslan Aslanovun göstərişi ilə törətmədiyi hadisəyə görə cəza çəkdiyini deyir və prezidentdən kömək istəyir.