Lamiyə Quliyeva məhkəmə zalından azadlığa buraxılıb (yenilənib)

Fevralın 20-də  Bakı Apellyasiya Məhkəməsində hakim Qədim Babayevin sədrliyi ilə Lamiyə Quliyevanın işi ilə bağlı məhkəmə prosesi davam etdirilib.

O, məhkəmə zalından azadlığa buraxılıb.

Qərar elan olunmamışdan əvvəl dövlət ittihamçısı, Lamiyə Quliyeva, eləcə də onun xəsarət yetirdiyi iddia olunan keçmiş həbsxana nəzarətçisi Aysel Ağayeva ifadə verib.

Dövlət ittihamçısı Abbas Abbasov deyib ki, Lamiyə Quliyeva barəsində CM-nin 317-ci (cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının əməkdaşının icitmai vəzifəsini yerinə yetirməsinə mane olma, hədələmə) maddəsilə çıxarılmış hökm dəyişdirilməlidir.

İş üzrə zərərçəkmiş qismində tanınan Aysel Ağayeva qadın məhkumların saxlanıldığı 4 saylı cəzaçəkmə müəssisəsinin keçmiş nəzarətçisidir. O bildirib ki, Lamiyə Quliyeva baş verən hadisədən sonra ondan bir dəfə də olsun, üzr istəməyib: “Sən bilirsən ki, mənim bacım ölüb, uşağını mənə veriblər. Sən bu hadisəni törədəndə mənim də balam var idi. Sənə qarşı heç bir şəxsi-qərəzim olmayıb. Sən mənə ayaqqabı atdın, bağışladım, nalayiq sözlərlə təhqir etdin bağışladım. Əgər həmin vaxt əynimdə hərbi geyim olmasaydı, yanmışdım. Allah məni balalarıma bağışladı. Səni də ana olduğun üçün bağışlayıram”.

Lamiyə Quliyevanın vəkili Fəxrəddin Mehdiyev də hökmün dəyişdirilməsinin vacibliyini vurğulayıb. Vəkil bildirib ki, prokurorluğun bir neçə ildən sonra gecikmiş də olsa, cəzanın ağırlığına etiraz edib, hökmdən protest verməsi unikal hadisədir: “Həmin hökm qəbul edildiyi andan qanunsuz olub. Lamiyə Quliyeva baş verməyən bir cinayətə görə cəzalandırılıb. Həmin vaxt atılan çaynik Aysel Ağayevaya dəyməyib, ona hər hansı xəsarət yetirilməyib. Bu, bir xəta olub. Hər cinayət həm də bir xətadır. Amma hər xəta cinayət deyil. Cəzaların İcrası Məcəlləsində göstərilir ki, həbs yerlərində qayda pozulursa, bunun üçün cəza kameraları var. Qadınlar 10 gün, kişilər isə 15 gün müddətinə həmin kameralara salına bilər. 2010-cu il aprelin 27-də bu hadisə baş verəndən sonra Lamiyə Quliyeva 10 sutka həmin cəza kamerasına salınıb. Bu müddətdə istintaq tərəddüd edib, mayın 13-də onun barəsində Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsilə cinayət işi başlayıblar. İş materiallarında istintaqın tərəddüdü açıq-aşkar görünür. İyunun 26-da isə 317-ci maddəyə keçiblər və nəticədə belə bir qanunsuz, əsassız hökm çıxıb. Həmin hökm Konstitusiyaya, qanunlara ziddir. Həmin işə xitam verilməli idi. Amma cinayət hadisəsi olmadığı halda, bəraət hökmü əvəzinə ittiham hökmü çıxarıldı. Lamiyənin uşağı ağlayır deyə, mən qısa danışıram. O uşaq dünyaya məhbəsdən deyil, azadlıqdan baxmalıdır. Lamiyə Quliyeva anadır. O, uzun illər əzab içində yaşayıb. Onun anası bu illər ərzində çox əziyyətlər çəkib. O da bütün ictimaiyyət kimi, Lamiyənin azad edilməsini gözləyir”.

Vəkil həmçinin Lamiyə Quliyevanın başına gətirilənləri diqqətdə saxlayan media nümayəndələrinə, ona ötən il Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsilə verilmiş ittiham üzrə bəraət hökmü çıxaran Xətai Rayon Məhkəməsi və Ali Məhkəmənin hakimlərinə minnətdarlığını bildirib.

Vəkilin çıxışı zamanı Lamiyə Quliyeva hönkürərək ağlayıb. Elə ağlaya-ağlaya da çıxışına başlayıb və baş prokuror Zakir Qaralova, onun müavini, bu iş üzrə hökmdən protest vermiş Hamiq Əsgərova minnətdarlıq edib: “Azadlıqdan məhrum ediləndə 15 yaşım vardı. O yaşda uşaqlar bir mübahisə olanda adətən ana-atalarına güvənir, onları qabağa verirlər. Mən isə elə bir mühitdə böyüdüm ki, hər zaman özümə güvəndim, heç kimi böyüklərimlə qorxuda bilmədim. 400-500 məhkumla bir yerdə yaşadım. Bir az əsəbi, çılğın olmuşam. Amma mənə çox haqsızlıq olub. İctimaiyyətdən xahiş edirəm, mənim hərəkətimi normal qəbul etsinlər. Mən əxlaqsız qadın deyiləm. Bəli, həbsxanada ana oldum. Amma məni olanlara həyat, insanlar məcbur elədi. Buna görə insanlar günahkardır. Mən də azadlıqda ana olmağı istəyirdim. Mən 12 il hər gün, hər ay, hər il insanlarla dil tapmağa çalışmışam. 400-500 məhkuma bağışlanan, icazə verilənlər mənə münasibətdə belə olmayıb. Hər bir xırda səhvimə görə cəzalandırılmışam. Mənim cəzam 17 ilə çatdırıldı. On ay yatandan sonra yenidən mənə qarşı işlər qurulmağa başladı. Məni yenidən ittiham edib cəzamı 19 il 6 aya çatdırdılar. Həmin vaxt mən bir həftə həmin hökm altında qaldım. Hər gün düşünürdüm ki, mən niyə yaşayıram? Bu illər ərzində məni atmayan təkcə anam oldu. Mənim yanıma gələn qohumlarımı övladlarını öldürtdürəcəyilə hədələyirdi. Mən güclü insanam…

Mənə növbəti dəfə cəza verəndə müstəntiq dedi: “Sənə cinayət işi başlamışıq, üzünə duranlar var”. Mən müstəntiqin yanından cəzaçəkmə müəssisəsinin həyətinə qaçdım. Orada hovuzun yanında müəssisə rəhbərliyi dayanmışdı. Onlara yalvardım, əllərindən tutub kömək istəyirdim. Məni tutub yenidən müstəntiqin yanına apardılar, üzümə də elə kömək istədiyim adamlar dayandı. İttiham elan edib, əllərimdən tutub sürüyə-sürüyə cəza kamerasına apardılar. Səhərə qədər orada ağlayıb ulamışam…”

Bu yerdə Lamiyə Quliyeva yenidən hönkürərək ağlayıb, hakimdən xahiş edib ki, gəncliyi, ana olması, öz anasının çəkdiyi əziyyətlər nəzərə alınsın: “Hə olar, məni buraxın, çıxım gedim…”

Qədim Babayevin sədrlik etdiyi hakimlər heyəti qısa müşavirədən sonra hökmün dəyişdirildiyini elan edib. Qərara əsasən, CM-nin 317-ci maddəsi ilə Lamiyə Quliyevaya verilən cəzanin müddəti 4 il 6 aya endirilib. Bu müddət də başa çatdığı üçün Lamiyə Quliyeva məhkəmə zalından azadlığa buraxılıb.

Lamiyə Quliyeva Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinə əsasən azadlıqdan məhrum edilmişdi. L.Quliyeva və keçmiş nişanlısı Vüqar Əliyev 2003-cü ildə Şəmkir rayonunun sabiq icra başçısı Aslan Aslanovun oğlu Ruslanı qətlə yetirməkdə təqsirləndiriliblər. Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Vüqar Əliyev ömürlük, Lamiyə Quliyeva isə 10 il müddətinə azadlıqdan məhrum edilmişdi. 2010-cu ildə isə L.Quliyevanın barəsində 317-ci (cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının normal fəaliyyətini pozma) maddəsi ilə cinayət işi qaldırıldı. Bu cinayət işi ilə əlaqədar onun cəzası 5 il 6 ay artırılmışdı.

Ana səhifəVideoLamiyə Quliyeva məhkəmə zalından azadlığa buraxılıb (yenilənib)