Bazarın əsas oyunçuları “FAB Boya və Kimya Sənaye”, “Ankala”, “Al-Bil”, “YURD-F”, “NB”, “Evro-İnşaat”, “Caspi Marine Technologies”, “Karvan-L” olsa da, onların heç biri istehsal və satış həcmini açıqlamır
2014-cü ilin 7 ayında Azərbaycanda lak-boya məmulatının rəsmi həcmi 2 min 254 ton olub. Bu, ötən ilin eyni dövründəkindən 8,8 faiz azdır. Bazarda yerli mal çoxdur və analiz göstərir ki, lak-boya məmulatı istehsalçıları satılan malların 90 faizini vergidən gizlədir.
“Turan İA”-nın məlumatına görə, sənayenin başqa sahələrindən fərqli olaraq, lak-boya məmulatı istehsalında müəyyən rəqabət var. Azərbaycanda otuzadək müəssisənin əsas fəaliyyət növü lak-boya məmulatı istehsalıdır. Onlarda 1000-ə yaxın işçi çalışır. Son 5 ildə yerli istehsalçılar idxal malını sıxışdıra bilib. Bir sıra rəylərə görə, idxalın xüsusi çəkisi 20 faizdən çox deyil.
Dövlət Statistika Komitəsinə görə, 2013-cü ildə ölkədə 4172,7 ton lak-boya məmulatı istehsal edilib. Bu yaxınlarda 2013-cü ildə sənaye müəssisələrinin fəaliyyəti barədə hesabatda korrektə aparılıb və istehsal həcmi 5,2 min ton göstərilib. Bu, əvvəlki ildəkindən 48,5 faiz çoxdur.
Gömrük Komitəsinin məlumatına görə, bu ilin I yarısında 720 ton lak, boya, emulsiya ixrac edilib. Bu, istehsalın üçdə biridir. İdxal həcmi isə 2 min tondur.
Bazarın əsas oyunçuları “FAB Boya və Kimya Sənaye”, “Ankala”, “Al-Bil”, “YURD-F”, “NB”, “Evro-İnşaat”, “Caspi Marine Technologies”, “Karvan-L” və s-dir. Onların heç biri istehsal və satış həcmini açıqlamır.
Təmir-tikinti işlərinin həcmni nəzərə alsaq, lak-boya məmulatına illik tələbatı 50 min ton qiymətləndirmək olar. Beləliklə, hesaba alınmayan dövriyyə ildə 70-100 mln dollardır.