“Lady Sharm” rəhbərliyi haqqında hökm verildi

“Lady Sharm” rəhbərliyinə daxil olan təqsirləndirilən şəxslər həmçinin təxminən 6 milyon manatlıq verdgidən yayınmada ittiham olunurdu.

Foto: Azərtac


Təqsirləndirilənlər məhkəmə zalından buraxılıb

Çində daha aşağı keyfiyyətlə istehsal edilən paltarları Bakıda “Lady Sharm” mağazalarında məşhur “Chanel”, “Fendi”, “Dolce & Gabbana”, “Valentino”, “Chiristian Dior” kimi brendlərin malı kimi təqdim edib, baha qiymətə satmaqda ittiham olunan üç nəfərin mühakiməsi yekunlaşıb. Cinayət Məcəlləsinin 178 (dələduzluq), 197 (əmtəə nişanlarından qanunsuz istifadə etmə) və 213-cü (vergidən yayınma) maddələrilə ittiham olunan Elnur İsmayılov, Səməd İsmayılov və Ziyarət Abbasova şərti cəza verilib. Onlar məhkəmə zalında həbsdən buraxılıb.

Cinayət işinin materiallarında yazılıb ki, “Lady Sharm”da satılan paltarlara brendlərin etiketləri Bakıdakı gizli sexlərdə yapışdırılıb. Mağazalarda satılan paltarların bir hissəsi də heç xaricdən gətirilməyib, elə həmin sexlərdə tikilib.

İstintaq dövründə “Lady Sharm” şəbəkəsinə daxil 12 mağazada yoxlama aparılıb. Saxta etiketli paltarlar, xəz-dəri geyimləri aşkar edilərək, sübut kimi götürüldüyü iddia olunur. Gizli tikiş sexi, paltarların saxlandığı anbardan isə xeyli paltarla yanaşı, Türkiyə, İtaliya və başqa ökələrin geyim markalarının adları yazılmış əmtəə nişanları, etiketlərin hazırlanması üçün lazım olan avadanlıqların tapıldığı iş ittihamda yazılıb. Ümumilikdə əməliyyat zamanı anbardan 7755 çeşiddə mal və 300 min etiketin götürüldüyü qeyd olunub.

“Lady Sharm” rəhbərliyinə daxil olan təqsirləndirilən şəxslər həmçinin təxminən 6 milyon manatlıq verdgidən yayınmada ittiham olunurdu.

Bu cinayət işində bir nəfər – Cəmilə Məmmədova zərərçəkmiş qismində tanınmışdı. O bildirib ki, metronun “Memar Əcəmi” stansiyasının yaxınlığındakı “Lady Sharm”dan 1046 manatlıq paltar alıb. Evdə diqqət yetirəndə bir paltarın üstündə iki etiket görüb – biri Türkiyə, ikincisi isə İtaliya istehsalı olduğunu göstərib. Onun sözlərinə görə, aldadıldığını başa düşüb və şikayətçi olub.

Cinayət işinin materiallarına əsasən, Cəmilə Məmmədovanın şikayətindən sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi mağazalarda əməliyyat keçirib.

Təqsirləndirilən şəxslərdən məhkəmədə dindirilərkən ittihamları qəbul etməyiblər. Səməd İsmayılov məhkəmədə bildirib ki, “Layd Sharm” onların ailə şirkəti olub, saxtakarlıq etməyiblər. Anbarlardan müxtəlif brendlərin etiketlərinin tapılmasını isə belə izah edib: “Biz əvvəllər həmin brendlərin mallarını satmışıq. O ərəfədə etiketləri gətirmişdik ki, malların üzərindən etiketi qopan, keyfiyyəti itənləri dəyişək. O vaxtdan da qalıblar. Mağazaların heç birindən həmin etikletlər olan mallar çıxmadı. Mağazalara malları ancaq Türkiyə və Çindən gətirirdik. Mallara “Lady Sharm” etiketi vururduq. Amma ittihamda yazıldığı kimi digər brend malların etiketlərini vurmamışıq. “Lady Sharm” etiketi ilə mal satmaq üçün 2040-cı ilə qədər lisenziyamız olub”.

Ana səhifəSosial“Lady Sharm” rəhbərliyi haqqında hökm verildi