Müqabil Baxışov

Mənbə: Foto: arxiv

Başlıq: Müqabil Baxışov

Laçının icra başçısını tənqid edən şəxsin intihar etdiyi bildirilir

Müqabil Baxışov ölümündən öncə məktub yazıb

Laçın rayonundan məcburi köçkün olan Müqabil Baxışovun intihar etdiyi bildirilir. Sosial şəbəkələrdə yaxınları onun Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin və Təhsil Şöbəsinin müdiri Nicat Həsənovanın təhdidləri ilə üzləşdikdən sonra özünü asdığını yazıblar.

Mərhumun qardaşı Yusif Baxışov “Kanal 13”-ə bildirib ki, qardaşı uzun müddətdir işləmək üçün müstəlif strukturlara müraciət etsə də, icra başçısını və təhsil şöbəsini sosial şəbəkələrdə tənqid etdiyi üçün iş tapa bilməyib.

Müqabil Baxışov məktub yazaraq təhdidlərə məruz qaldığı üçün intihar edəcəyini bildirib. Həmçinin məktubunda onun intiharına səbəb olanların cəzalandırılmasını istəyib.

M.Baxışov sonuncu dəfə dekabrın 6-da səhər saatlarında özünün “Facebook” hesabından paylaşım edərək, Laçın Rayon Təhsil Şöbəsinin müdiri Nicat Bayram oğlu Həsənovu tənqid edib.

Dekabrın 5-də isə canlı yayım edərək Laçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərlidən danışıb. O, Aqil Nəzərlinin ali təhsil ala bilmədiyini, Təfəkkür Universitetindən saxta diplom aldığını iddia edib, bunu təsdiqləyən faktları sadaladığı üçün təhdidə məruz qaldığını deyib. M.Baxışov onu da deyib ki, Aqil Nəzərli sidik saxlaya bilməməsi səbəbi ilə hərbi xidmətdən yayınıb.

Özünü M.Baxışovun əmisi oğlu kimi təqdim edən Faiq Məmiyev isə sosial şəbəkələrdəki paylaşımlara yazdığı şərhlərdə mərhumun təhdidlərə məruz qaldığını deyib:

“Müqavil Baxışov mənim əmim oğludur. Cavan bir adam idi, səhhətində heç bir problemi yox idi. Ali savadlı, layiqli pedaqoq, Laçın Rayon Təhsil Şöbəsində xeyli müddət metodist və inspektor vəzifələrində işləmiş bir müəllim idi. Son illərdə Laçın rayonunda onun başına gəlməyən Şam müsibətləri qalmadı, ilyarım ərzində işlə bağlı etdiyi müraciətlərinə baxılmadı və təhdidlərə məruz qalaraq, canına qəsd edib bu dunyadan köçdü”.

M.Baxışov bir müddət öncə Abdullah Öcalanın rəhbərliyi ilə Türkiyənin daxilində yaradılan və terror təşkilatı kimi təqdim olunan PKK-nın bayrağı ilə şəkil çəkdirərək sosial şəbəkələrdə paylaşmışdı. Bundan sonra o, tənqidlərə məruz qaldı.

O, 2016-cı ilin noyabrında həbs edilmişdi. Daxili İşlər Nazirliyinin həmin ərəfədə yaydığı məlumatda deyilirdi ki, Baxışov ayrı-ayrı vaxtlarda Laçın rayonunun 4 sakininin etibarından sui-istifadə etməklə və aldatma yolu ilə əmlakını ələ keçirib. O, həmin şəxslərə ailə üzvlərini işə düzəltməyi vəd etməklə 4 min manata yaxın ziyan vurub. Onun barəsində 2 ay 19 günlük həbs-qətimkan tədbiri seçilib. Bundan əvvəl isə M.Baxışov 2012-ci ilin oktyabrında xuliqanlıq maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum edilib. Lakin barəsində 1 il 6 müddətinə şərti sınaq müddəti olmaqla cəzası dəyişdirilib.

Həftəsonu olduğundan Laçın Rayon İcra Hakimiyyətindən münasibət öyrənmək mümkün olmayıb. DİN və Respublika Prokurorluğundan da hər hansı açıqlama yayılmayıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən “virtualaz.org”a bildiriblər ki, intihar hadisəsi ilə bağlı Təcili Tibbi Yardıma müraciət daxil olmayıb.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/5buu6o

Ən çox baxılan