Laçın-Xankəndi yoluna toplaşanlar aksiyanı dayandırdı

Şuşa-Xankəndi yolu. Foto: Meydan TV

Aksiyaçılar bəyanat verdi

138 gündən sonra Laçın-Xankəndi yoluna toplaşan QHT təmsilçiləri və hakimiyyətyönümlü fəallar aksiyanı dayandırıblar.

“Azərtac” yazır ki, aprelin 28-də ekoloji aksiya keçirdiklərini bəyan edən iştirakçıların bir qrupu ilə Azərbaycanın dövlət nümayəndələrinin növbəti görüşü keçirilib.

Görüşdə Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov deyib ki, aprelin 23-də Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən Laçın-Xankəndi yolunun başlanğıcında nəzarət-buraxılış məntəqəsi yaradılıb və bununla da yeni vəziyyət yaranıb. O, iştirakçılara aksiyanın dayandırılmasını təklif edib.

Aksiyaçılar deyiblər ki, hədəflərinə tam çatmayıblar. Onlar Rusiya sülhməramlılarının müvəqqəti nəzarətindəki Azərbaycan ərazilərində təbii sərvətlərin qanunsuz istismarına son qoyulmasını və Azərbaycanın aidiyyəti qurumlarının həmin ərazilərdə monitorinqinə imkan yaradılmasını sülhməramlı kontingentin komandanlığından tələb etdiklərini vurğulayıblar.

Sonra aksiyaçılar toplaşdıqları əraziyə qayıdıblar. Etirazçılar müzakirədən sonra aksiyanın dayandırılması ilə bağlı bəyanat oxuyublar.

Ana səhifəSiyasətLaçın-Xankəndi yoluna toplaşanlar aksiyanı dayandırdı