“Zöhrab Mürsəlov hadisəni düzgün qiymətləndirməyərək, əsəbi halda şikayət etdiyini, hazırda Kəmalə Nəsirovadan heç bir şikayət və tələbinin olmadığını bildirdi”
Ağcabədidə məskunlaşan Laçın rayon sakini Zöhrab Mürsəlovun şikayəti barədə ölçü götürülüb. Bu barədə Meydan TV-yə Laçın rayon Təhsil Şöbəsindən məktub ünvanlanıb. Şöbə müdiri Malik Vəliyevin imzaladığı məktubda bildirilir ki, 17 dekabr 2015-ci ildə Meydan TV-də yayımlanmış “Məktəbdə əlilliyi olan uşaq döyüldü” başlıqlı videomaterialdan sonra həm şikayətçi – Vağazin kənd sakini Zöhrab Mürsəlov, həm də onun oğlunu döyməkdə günahlandırılan Kəmalə Nəsirova şöbəyə çağırılıblar.
“Məlum oldu ki, Zöhrab Mürsəlovun oğlu Şəhriyar Mürsəlzadə 2-ci sinifdə oxuyur, Kəmalə Nəsirova isə birinci sinfə dərs deyir. Həmin müraciətlə bağlı şikayətçi Z.Mürsəlov və müəllimə K.Nəsirova şöbəyə dəvət olundu, müvafiq söhbət aparıldı. Z.Mürsəlov hadisəni düzgün qiymətləndirməyərək, əsəbi halda şikayət etdiyini, hazırda K.Nəsirovadan heç bir şikayət və tələbinin olmadığını bildirdi. Eləcə də K.Nəsirova Z.Mürsəlovun övladı ilə arasında heç bir şikayətin olmadığını bildirdi”.
Zöhrab Mürsəlov
video-müraciət
yayaraq, oğlu Şəhriyar Mürsəlzadənin əlilliyi olduğunu və müəlliməsi Kəmalə Nəsirova tərəfindən döyüldüyünü demişdi.
Malik Vəliyevin Meydan TV-yə ünvanladığı məktubda deyilənlərin həqiqət olduğunu söyləyən şikayətçinin sözlərinə görə, problemi artıq həll olunub: “İndiki zəmanədə heç kimin çörəyinə bais olmaq olmaz. Biz barışdıq”.