”Günortadan sonra laboratoriya analizlərinin nəticələri təqdim olunacaq”
“Hazırda Sumqayıt şəhər 1 saylı Uşaq Xəstəxanasında 50 uşağın müalicəsi davam edir”.
Səhiyyə Nazirliyi mətbuat xidmətinin rəhbəri Liya Bayramova Azadlıq Radiosuna bildirib. O, uşaqların hamısında eyni halların müşahidə olunduğunu deyib:
“Qusma, qarınişləmə (ishal) və hərarətləri var. Kütləvi xəstəliyin səbəbi bu gün bilinəcək. Günortadan sonra laboratoriya analizlərinin nəticələri təqdim olunacaq və bu məsələ üzrə yekun açıqlama veriləcək”.
İyunun 9-u, 10-u Tağıyev və Ceyranbatan qəsəbələrindən 119 uşağın zəhərlənmə əlaməti ilə Sumqayıtdakı xəstəxanaya gətirildiyi bildirilir. Uşaqlardan bir hissəsi ilkin müdaxilədən sonra evə buraxılıb. 60-a yaxını isə xəstəxanaya yerləşdirilib.
Valideynlər infeksiyanın sudan düşdüyünü təxmin edirdilər. Ancaq “Azərsu” ASC sudan nümunələr götürüldüyünü və bu deyilənlərin təsdiqlənmədiyini bəyan edib.