“Insanları idarə etmək istəyən biri, bu insanları qarşısında heyvan qədər iqtidardan mərhum qalana qədər onları ilk öncə aşağılamağa, haqqlarını və müqavimət qabiliyyətlərini onları aldadaraq əllərindən almağa çalışır. Onları heyvan kimi istifadə edir, və onların özünə bildirməsə belə, öz daxilində bunu hər zaman bilir”.
1981-ci ildə Elias Kanetti özünün çoxsaylı mükafatlarından ən titullusunu – Nobel mükafatını aldı. Mükafat ona əsərlərində göstərdiyi geniş baxış bucağı, fikir zənginliyi və sənət gücünə görə verildi. Bolqar əsilli, İngiltərə vətəndaşı, alman dilli Elias Kanettinin adına əsərlərdə tez-tez rast gəlirdim. Azərbaycanda daha çox “Korlaşma” əsərinə görə tanınır.
Kitab azərbaycan dilinə təcümə olunub. Bu yaxınlarda semestr fasiləsindəki fürsətdən istifadə edib oxuduğum“Kütlə və İqtidar” əsəri Kanettinin 30 illik işinin bəhrəsi və ona şöhrət gətirən 3 əsərindən biridi. Zövqlü mütaliə üçün müstəsna kitab olan əsərdən mənim üçün ən əhəmiyətli hissə haqqında yazmaq istədim.
Mövzusunun özünün şəxsən maraqlı olduğu və üzərində 30 il çalışdığı bu əsərdə Kanetti kütlənin və onu idarə edən iqtidarın görünməmiş və danışılmamış tərəflərini, onun tarixi, sosial, psixoloji xüsusiyyətlərini incəliklərinə qədər işləyib. Müəllif ondan başlayır ki, bizim hər birimizin özümüzə məxsus intim sferamız var və bu sferanın sərhədlərini pozan, onu qorumayan hər kəs bizim qəzəbimizə düçar olur.
Ona görədir ki, küçədə hər hansı bir adamın bizə çiyin vurması, qəfil bizə toxunması, avtobusda kiminsə ayağımızı tapdaması hər birimizdə qəfil hirs doğurur. Biz hər birimiz müxtəlif status və üstünlüklərdən, iş və ya hansısa maddi imkanlarımızdan istifadə edərək, özümüzü başqalarından üstün və fərqli hesab edirik. Bu üstünlüyü isə özümüz üçün yaratdığımız və başqalarını uzaqlaşdırmağa hesablanmış sərhədlədiyimiz intim sfera ilə qorumağa çalışırıq.
Bu, cəmiyyətimizin demək olar bütün pillələrində rastlaşdığımız iyerarxiyanın bir növüdür. Ancaq daim çalışdığımız, bizi başqalarından uzaq tutan məsafələr bizi yorur, onun yükünü çəkmək asan məsələ olmur. Və zaman-zaman həqiqi bir rahatlığa, o yükdən azad olmağa böyük ehtiyac yaranır.
Kütlə niyə formalaşır
Hər hansı bir kütlə içərisində toqquşmanın, bir-birinə dəyməyin hətta əksinə bir-birini tanımayan adamların bir-birinə söykənməyinin heç bir qıcıq ya kəskin reaksiya doğurmamağı, bax, həmin yükdən azad olma, rahatlığı əldə etmək hissindən qaynaqlanır. Kanetti iddia edir ki, hüdüdsüz rahatlıq verən, məhz hər kəsin bir birinə yaxın olduğu və aralarında heç bir fərq və üstünlüyün olmadığı həmin an uğrunda insanlar kütlə formalaşdırır. Hər kəsin özünə aid olan fərqlilikdən qurtulduğu və özlərini başqalarıyla bərabər hiss etdiyi an.
Müəllifə görə kütlə, hər bir cəmiyyət, hər bir dövrdə və hər bir səviyyədə olur. Burda isə o daha çox aqressiv və etirazçı kütlədən bəhs edir. Onları formalaşdıran nədir? Kanettiyə görə, kütləni idarə edənlər onları uzun illər ərzində, fasiləsiz olaraq incidir. Onlara verilən əmrlər təqribən bədənə çoxsaylı iynə batırmaqla ifadə oluna bilər. Kütlə ona yuxarılar tərəfindən yaşadılan bu ağrı-acının heyfini iki cür ala bilir. Ya özündən daha aşağı təbəqəyə eynisini yaşatmaqla, ya da indiyə qədər onlara ağrı-acını yaşadanlardan hesab almaqla.
Beləliklə, fərd şəklində onlardan üstdə dayananlara qarşı çıxmağın mümkün olmadığını anlayaraq kütlə birləşir.
Kütlə niyə dağıdıcıdır?
Müəllif sonra qeyd edir ki, kütlə yarandısa daim böyüməyə ehtiyac hiss edir. Bu mənada məqsədinə çatıncaya qədər onun iştahası doymaq bilmir. Bəs kütlənin məqsədi nədi? Kütlənin məqsədi bərabərlikdi. Kütlənin dağıdıcılığını da Kanetti çox inandırıcı psixoloji durumla izah edir. Kütlə daim qapı və pəncərələri sındırır, mülkləri dağıdır. Bu dağıdıcılıqla indiyə qədər o evlərdə yaşayan, yuxarıların üstünlüyünə son qoyur.
Bu evlər, mülklər o adamların özlərini içinə qapayaraq, başqalarından üstünlüyünü göstərməyə xidmət etmişdi. O evləri qoruyan qapı-pəncərələrin sındırılması artıq üstünlüyün məhv edilməsidir. Bu kütlənin rədd etdiyi ierarxiyanın yox edilməsi aktıdır. Bütün bunları həm də cəmiyyətdə yuxarılarla onları ayıran məsafələrə bir hücum hesab etmək olar.
Kanetti pəncərələrin çırpılması və şüşələrin qırılmasını təzə həyatın güclü səsləri, yeni doğulan körpənin ağlaması kimi təsvir edir. Ancaq bu dağıdıclıq kütləni təmin etmir, o hər şeyin təzədən yerinə qaytarılması ehtimalından qorxur, ona görə dağıdıcılığın ən son həddinə əl atır. Kütlə yandırır. Yanğınla onlar hər cür üstünlüyü məhv edir, hər şeyi sıfırlayır, çünki yanğın baş verdiyi yeri yox edir və geriyə heç bir şey buraxmır.
İnflyasiya və kütlə
Kitabın kütlədən bəhs edən birinci hissəsində ən maraqlı bölümlərdən biri də, “inflyasiya və kütlə” adlanır. Elias Kanetti burda yazır ki, inflyasiya dövrü – ən surətli kütləyaratma dövrüdür. Pul üzərində qurulmuş cəmiyyətdə inflyasiya bir fəlakətdi. Bu müddətdə təkcə pullar deyil, o pullarla şəxslərini eyniləşdirmiş insanlar da dəyərini itirir, özlərini pulları qədər pis hiss edir. Normalda maddi maraqları bir-birindən uzaq olan insanları bir araya gətirir həmin dövr.
İnflyasiya küçədə bir-birilərinə bəlkə də salam verməyəcək qədər uzaq olan insanlar arasında əbədi fərqliliyi silər və onları bir inflyasiya kütləsi içində birləşdirər. Onlar hamısı eyni dərəcədə inflyasiyadan zərər görmüş, pullarını və şəxslərini dəyərsizləşmiş hiss edir. Və sonra heç kim bu ani dəyərsizləşmə və güvənsizləşməni unutmaz və onu başqasına yükləməzsə ömrü böyu daşıyar.
Ona görə bu dəyərsizləşməni yükləyəcəyi qurban axtarır. Bunun tarixdəki ən bəsit nümünəsi kimi isə müəllif Almaniyada baş verən inflyasiyanın yəhudilərin başında necə çartladığını yazır. Almanlar pullarının və pulları ilə bəbarə özlərinin dəyərsizləşmələrinin acığını özlərindən daha aşağı hesab etdikləri, həm də inflyasiyanın o qədər təsir etmədiyi yəhudilərdən çıxdı, onları ən son dərəcəyə qədər alçaldıb, məhv etdi.
Bu yazılanlar böyük bir kitabdan yalnız bir yazıya sığacaq qədəri idi. Kitabın özü isə olduqca geniş və əhatəlidir. Kitabın ikinci, iqtidardan bəhs edən hissəsi isə ayrıca mövzudur. Bunula belə, kitabın kütlə ilə bağlı olan hissəsindən bir daha aydın olur ki, insanları elm və təhsildən, mədəniyyət və intellektdən mərhum edərək, avam kütlə yaradacığını və bununla da onları hər şeyə lal, kar və kor edəcəyini düşünən hökumətlər heç də ağıllı təsbit etməyiblər.
Insanları bu şəkildə kütləyə çevirmək ilk olaraq hökumətlərin özləri üçün həlli olmayan problem yaradır. Bunun tarixdə saysız-hesabsız nümünələri var. Fransız inqilabından tutmuş ərəb inqilablarına qədər, və kütlə nə qədər əzilib, nə qədər ağıl və hissiyatdan mərhum edilibsə, vaxtı gələndə onun əməlləri də bir o mərhəmətsiz, ağılsız və dağıdıcı olur.
Yazı müəllifin şəxsi mövqeyini əks etdirir…